“Bunların dedikləri təsdiqini tapsaydı, bu günə kimi girovlar dəyişdirilərdi...”

SİYASƏT 16 noy 2019, 11:50

“Bizə ancaq bu günə kimi şifahi məlumat veriblər və onların verdiyi məlumata əsasən guya atamın səhhətində elə bir problem yoxdur. Mən isə hər dəfə onlarla görüşəndə deyirəm ki, ən azı atamdan bir dəqqəlik video-görüntü təqdim eləyin və biz də bilək ki, siz düz deyirsiniz, inanaq”

 

Bunu açıqlamasında erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. K.Əsgərov dünən atasına baş çəkən BQXK nümayəndələri ilə birinci gün görüşəcəyini bildirib:

 

“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri mənə zəng vurmuşdular və birinci gün onlarla görüşəcəm. Telefonda başqa belə bir məlumat vermədilər. Bildirmək istəyirəm ki, iki ildən çoxdur ki, BQXK nümayəndələri atam Dilqəm Əsgərovdan nə məktub, nə də bir şəkil əldə edib gətirib bizə təqdim etməyiblər. Bizə ancaq bu günə kimi şifahi məlumat veriblər və onların verdiyi məlumata əsasən guya atamın səhhətində elə bir problem yoxdur. Mən isə hər dəfə onlarla görüşəndə deyirəm ki, ən azı atamdan bir dəqqəlik video-görüntü təqdim eləyin və biz də bilək ki, siz düz deyirsiniz, inanaq. Onlar ancaq şifahi məlumat verir və bu da bizi qane etmir. Onu da demək istəyirəm ki, beş ildən artıqdır ki, Avropa İnsan Haqları məhkəməsinə iş vermişik və məhkəmə işi icraata götürərək komunikasiyaya başladılıb. Biz ümid edirdik ki, bu ilin sonuna kimi Avropa Məhkəməsində atam Dilqəm Əsgərovun Kəlbəcərdə qanunsuz olaraq girov götürülməsiylə bağlı işə baxılıb qərar qəbul ediləcək. Təəssüflər olsun ki, Çingiz Əsgərovun açıqlamasından sonra ümidlərimiz “öldü” və o, bildirdi ki, gələn il Avropa Məhkəməsində bu işə baxılması nəzərdə tutulub. 

 

Bundan əlavə bildiyiniz ki, Ermənistanın müdafiə, xarici işlər naziri, hətta Baş nazirin köməkçisi açıqlamalar verdi ki, guya bunlar Azərbaycanda saxlanılan erməni diversantlarla Dilqəm Əsgərovla, Şahbaz Quliyevi dəyişməyə hazırdılar. Bundan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov da girovların dəyişdirilməsiylə bağlı açıqlama verdi və bildirdi ki, bu istiqamətdə hazırlıq işləri gedir. Məndə isə belə bir fikir formalaşıb ki, bunlar ancaq deyilənləri dildə deyirlər, reallıqda dediklərinin heç biri öz təsdiqini tapmır. Əgər təsdiqini tapsaydı, bu günə kimi girovlar dəyişdirlərdi”. 

 

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən erməni hərbçiləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti ermənilərdən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Dünən BQXK nümayəndələri yenidən girovlara baş çəkib.  (Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top