"Düşündürücü və maraqlı materiallar hazırlamağa diqqət edirəm" – Məşhur piarçı (FOTOLAR)

MÜSAHİBƏ 15 noy 2019, 22:38

“Jurnalistlərin hər hansı şikayətləri olsa belə, o qədər mədəni deyirlər ki, onlara heç bir iradım olmur. Dərhal çalışıram ki, məsələni onların xeyrinə həll edim”.

 

Buta.ws-in bu dəfəki qonağı jurnalistlərə daha doğma olan, “Cinema Plus”un PR meneceri Nərmin Həsənovadır.

 

- Ciddi bir adam kimi bilinən Nərmin Həsənova özünü necə xarakterizə edər?

 

Kifayət qədər şən və gülərüz insanam. Amma işimə çox ciddi yanaşıram. Həyatımın şüarı isə budur: “Heç vaxt təslim olma!”

 

- Qısa olaraq oxucularımıza gördüyünüz işi necə izah edə bilərsiniz?

 

İşim jurnalistlərlə ünsiyyət, reklam, press-relizlərin hazırlanması, eləcə də tədbirlərin təşkili ilə sıx bağlıdır.

 

- PR-çı olmaq üçün nə lazımdır?

 

PR – bu ağır, eyni zamanda maraqlı işdir. Hansı ki, günün çox hissəsi ofisdə, kompüter arxasında, görüşlərdə keçir. PR menecerin dünyagörüşü yüksək olmalıdır, müxtəlif xüsusiyyətə sahib insanlarla dil tapmağı bacarmalıdır. Həmçinin mediada və reklam sahəsindəki ən son yeniliklərdən xəbərdar olmaq lazımdır. Faydaları əlaqələr və xeyli tanışlıqlar müstəsna əhəmiyyət daşıyır.

 

- Bundan əvvəlki işiniz nə olub?

 

İlk iş yerim neft şirkəti, daha sonra Azərbaycan Hava Yollarının redaktoru olmuşam. Növbəti işim isə turizm şirkəti olub. Nəticədə 12 ildir ki, piar sahəsində işləyirəm. Özümü isə məhz, bu sahədə tapdım. 

 

- Piar menecer səhvlər edə bilərmi?

 

PR menecerə bir neçə səbəbə görə, səhv etməyə icazə verilmir: Birincisi şayiələrin yayılmaması üçün hər zaman adekvat olmaq lazımdır. İkincisi mübahisəli məsələlər geniş vüsət almamış onları yerində həll etmək labüddür. Üçüncüsü isə hər kəslə yaxşı münasibət mütləqdir və siz gülümsəməlisiniz. Bu hətta qloblal problem yaransa belə keçərlidir. Ona görə də sadaladıqlarıma sadiq qalmağa çalışıram.

 

- Necə düşünürsünüz, rəhbərlik işinizdən kifayət qədər razıdırmı?

 

Məncə, razıdır. Çünki əlimdən gələninin ən yüksəyini etməyə çalışıram.

 

- KİV-lər ilə əlaqələ yaratmaq çətin deyil ki?

 

Bu, mənim üçün çətin deyil, çünki onlarla isti münasibətim var və qarşılıqlıdır. İndiyədək media nümayəndələrinin heç biri ilə problem yaşamamışam.

 

- Jurnalistlərin gücü hər hansı bir məsələdə mətbuat katiblərinə çatır. Mediadan şikayətlər alırsınız?

 

Hər hansı şikayətləri olsa belə, o qədər mədəni deyirlər ki, onlara heç bir iradım olmur. Dərhal çalışıram ki, məsələni onların xeyrinə həll edim.

 

- Jurnalistlər üçün bu qədər tədbirlər təşkil edirsiz. Unudub dəvət etmədiyiniz şəxslər olubmu?

 

Əlbəttə ki... Mən təkəm, onlar isə çox (gülür).

 

- Reaksiyaları necə olub?

 

Qeyri-adektvat yanaşmayıblar. Onlar mənim üçün doğmadır. Doğmalar bir-birindən inciməz axı...

 

- Məqalələr, press-relizlər, reklam-informasiya materiallarını yazarkən nələrə diqqət edirsiz?

 

Savadlı və yüksək keyfiyyətli mətnlər yazmağa, əsası isə“quru” yox, düşündürücü və maraqlı materiallar hazırlamağa diqqət edirəm.

 

- Azərbaycanda özəl şirkətlər çoxaldıqca PR menecerlərə ehtiyac olur. Təbii ki, hər kəsin sizin kimi təcrübəli menecerə ehtiyyacı var. Təkliflər gəlirmi?

 

Əlbəttə gəlir, amma mən “CinemaPlus”a sadiqəm.

 

- PR menecer olmaq üçün xüsusi istedad tələb olunur, yoxsa istənilən şəxs müəyyən təhsil alıb nəzəriyyəni öyrənməklə bu işi görə bilər?

 

Seçdiyiniz peşə zövqünüzü oxşamalıdır. Əslində, ixtisasca iqtisadçıyam, amma mənə maraqlı olmadı deyə, bu istiqamətdə çalışmadım.

 

- Müvəffəqiyyətli PR-çı olmaq üçün səmimiliyə, düzgünlüyə ehtiyyac var. Bunun öhdəsindən lazımınca gələ bilirsinizmi?

 

Təbii ki! Ədalətli və tərəfsiz olmaq istənilən sahədə vacibdir.

 

- Musiqi ilə aranız necədir?

 

Əladır! Avtomobildə musiqi dinləməyi sevirəm. Səhərlər oyanmaq üçün daha dinamik, axşamlar isə yorğunluğumu atmaq üçün daha sakit mahnılara qulaq asıram.

 

- Yerli müğənnilərdən ən çox hansı sizi səsinə valeh edə bilib?

 

Səsini sevdiyim xeyli sayda yerli müğənni var. Repertuarı isə əhvalıma uyğun seçirəm.

 

- Bəs xarici?

 

Yuxarıda sadaladıqlarım xarici musiqiçələrə aiddir.

 

- Şarımlı və gözəl xanımsınız. Serial, film və reklam çəklişlərinə dəvət almısınız?

 

Təklif var. Ancaq bu hazırki planlarıma daxil deyil.

 

- Bütün günü ora qaç, bura qaçdasınız. Övladlarınıza lazımınca vaxt ayıra bilirsiniz?

 

 Təəssüf ki, işlərim çox olduğundan onlara çox vaxt ayıra bilmirəm. Amma zaman tapdıqca, vaxtımı onlara həsr edirəm. Onları hər zaman məni dəstəkləyirlər və yanımdadırlar.

 

- Bəs istirahətinizə necə? Vaxtınız qalırmı?

 

Bəli, mütəmadi istirahət edirəm. Axı mən də kiminsə qızı, həyat yoldaşı, bacısı, bibisi və xalasıyam. Onlara sadəcə sevgimi yox, qayğımı göstərməliyəm.

 

- Nərmin xanımın ikinci dəfə dünyaya gəlmək kimi şansı olsaydı yenə Nara olmaq istəyərdimi?

 

Əlbəttə! Həyatımdan çox razıyam.

 

- Neçə dildə sərbəst danışa bilirsiniz?

 

Ana dilim və rusca. Bir az da ingilis dilində danışmaq qabiliyyətim var.

 

- Hamısından istifadə edirsiz?

 

Orta və Ali təhsilimi rus dilində aldığımdan bu dildə fikirlərimi ifadə etmək mənim üçün daha asandır. Lakin ana dilim bütün dillərdən üstün olduğundan bəzən çətinlik çəksəm də, Azərbaycan dilində danışıram.

 

- Bəs ürəyinizdə qalan, lakin öyrənə bilmədiyiniz xarici dillər varmı?

 

 İtalyanca öyrənmək istəyirəm.

 

- Nə mane olur öyrənmək üçün?

 

Təbii ki, vaxtın olmaması...

 

- Dövlət qurumlarında tərcüməçi işləmək istəyərsiz?

 

Yox. Hazırda çalışdığım sahə mənim üçün daha əlverişli və zövqlüdür.

 

- Bilirsiniz ki, tanınmışların şəxsi həyatı jurnalistlər üçün həmişə maraqlı olub. Həyat yoldaşınız hansı sənətin sahibidir?

 

Həyat yoldaşım hüquqşünas və mühəndisdir.

 

-  İşinizlə bağlı evə gec gəlmələr olur. Yoldaşınızda qısqanclıq hiss etmisiniz?

 

Təbii ki, olur. Ancaq o məni başa düşür və əvvəlcədən iş planlarımdan xəbərdar olur.

 

- Sonda oxucularım üçün sözünüz varmı?

 

Ən yaxşı müsahibələriniz hələ irəlidədir. Oxucularınıza aktual və maraqlı məlumatları oxumağı arzu edirəm.

 

P.S. Bu dəfəki qonağımın aurası o qədər gözəl idi ki, həm suallar bitmək bilmirdi, həm də söhbət etdikcə müsbət enerji alırdım. Nəhayət sonuncu sualı səsləndirib müsahibəni yekunlaşdıra bildim. Güman edirəm ki, müsahibə sizin də xoşunuza gələcək.

 

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top