Alman polisinin "Müsavat"çı ovuna Arif Hacılı niyə SUSUR?

GÜNDƏM 14 noy 2019, 19:08

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə Almaniyada "mühacir alveri"nə görə həbs edilən müxalifətçilərdən danışıb. 


A.Mirzəzadə Demokrat.az-a açıqlamasında bildirib ki, əslində sözügedən hadisələrin baş verməsi gözlənilən idi: 


"Çünki Müsavat üzvlərinin "mühacir biznesi" ilə məşğul olması Azərbaycan cəmiyyətində həm deyilirdi, həm də faktlar gətirilirdi. Deyilənlərdən bir daha sübut olundu ki, radikal müxalifət partiyaları bu gün Azərbaycandan Avropaya "mühacir eksportu" həyata keçirirlər. Bunun üçün onlara saxta partiya biletləri verilirdi, guya onların hakimiyyət tərəfindən təqib edilməsi barədə saxta arayışlar tərtib edilir və sairə. Hətta, belə fikir yaranmışdır ki, radikal müxalifətin mütəmadi olaraq mitinqlər təyin etməsi aksiyalarda polislə toqquşma yaradaraq, onların fotolarının çəkilməsinə nail olmaq idi. Radikal müxalifət sonradan həmin şəkillərdən "mühacir eksportu" üçün istifadə edirdi. Bu cür faktlar dilə gətiriləndə radikal müxalifət bunu inkar edirdi və guya hakimiyyətin onlara qarşı təzyiqi kimi izah etməyə çalışırdı. Ancaq fakt odur ki, hazırda Avropada rəsmi olaraq Müsavat partiyasının koordinasiya mərkəzi fəaliyyət göstərir. Onlar Azərbaycandan Almaniyaya mühacir axınını təşkil edirlər. Bunu Almaniya hökuməti tərəfindən onların ofislərində axtarış apararkən aşkar edilən çoxsaylı pasportlar, sənədlər və pul vəsaitləri də sübut edir. Göründüyü kimi, onların bu cinayətkar dəstəsi artıq Almaniyada ifşa olunub. Bütün bunlar onu göstərir ki, öz daxilində demokratik olmayan, qanunsuz fəaliyyət göstərən bir insan heç zaman demokratik ola bilməz. Hərəkətlərində və əməllərində sivil qaydaların əleyhinə olan insan heç vaxt Avropaya köçməklə özünü dəyişə bilməz. Reallıq odur ki, onlar bu və ya digər formalarda oxşar qanunsuz hərəkətlərlə Azərbaycanda da məşğul olublar. Onlara elə gəlirdi ki, Avropaya köçməklə radikal müxalifət iz itirə biləcək. Ancaq bu gün Azərbaycanın radikal müxalifəti yaxalanaraq, ifşa olundu". 

 

Image result for Aydın Mirzəzadə


Deputat təəssüflə qeyd edib ki, Müsavat rəhbərliyi baş verənlərə hələ də susur, münasibət bildirməkdən yayınır:


"Çox təəssüf ki, istənilən bir məsələyə dərhal reaksiya verən, xarici səfirliklərin qapısını döyən radikal müxalifət liderləri nədənsə gün ərzində bu məsələyə heç bir münasibət bildirmədilər. Əgər sabah bu məsələlərdə Müsavat partiyası rəhbərliyinin birbaşa adı hallanarsa, mən buna qətiyyən təəccüb etmərəm. Bir sözlə, bu cür şəxslərin əməlləri ifşa olunmaqla, qanun qarşısında cavab verməklə yekunlaşmalıdır". 


YAP rəsmisinin sözlərinə görə, Müsavat partiyası bir tərəfdən elan edir ki, heç bir üzvlük haqqı yığmır:


"Amma böyük qərargahları, bahalı xidməti maşınları, mühafizəçiləri var, tez-tez xaricə səfər edirlər. Hər şey bir yana, bəs bunlar ailələrini necə dolandırırlar? Artıq belə təsəvvür yaranıb ki, bunlar məhz "mühacir alveri" ilə partiya büdcəsini doldururlar".   


Elçin Rizvanoğlu
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top