“Göstərilən xidmətə görə tariflərdə heç bir artım gözlənilmir” – “Azəristiliktəchizat” ASC

SOSİAL 14 noy 2019, 18:31

 Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev mətbuat konfransı keçirib.

 

Mətbuat konfransında qış mövsümünə hazırlıq işləri ilə bağlı ətraflı məlumat verən İ.Mirzəliyev Azərbaycanda qazanılan nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasının dayandığını qeyd edib: “Ölkə rəhbərliyinin vətəndaşların kommunal xidmət təchizatının yaxşılaşdırılması, mövcud problemlərin operativ həlli, son nəticədə vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı tapşırıqlarının icrası istiqamətində müvafiq addımlar atılır. Bütün bunlar ölkə iqtisadiyyatının və əhalinin yüksək standartlara cavab verən kommunal xidmətlərlə təchizatı ilə bağlı bu xidmətləri göstərən müəssisələr qarşısında da məsul vəzifələr qoyur. Bu baxımdan, aktual əhəmiyyət kəsb edən məsələlərdən biri də ölkədə dayanıqlı istilik təchizat sisteminin yaradılması, əhalinin etibarlı və keyfiyyətli istiliklə təmin edilməsidir. O qeyd edib ki, ölkəmizdə istilik təchizatı sisteminin bərpası və yaxşılaşdırılmasında dönüş nöqtəsi 2005-ci ilə ölkə Prezidenti tərəfindən indiki “Azəristiliktəhcizat” ASC-nin yaradılması oldu. Ötən illər ərzində Prezident İlham Əliyevin tapşırığı ilə ciddi işlər görülüb. İlk növbədə, təhsil və səhiyyə müəssisələrində istilik sistemlərinin bərpası ilə bağlı çoxsaylı layihələr icra edilib, yaşayış binalarında sistemlərin bərpasına başlanılıb və bu gün də bu işlər davam etməkdədir”.

 

Sədr müavini əlavə edib ki, ümumilikdə, bu illər ərzində 2700-dən artıq istilik təchizatı sistemi ilə bağlı layihələr icra olunub: “Bunun nəticəsidir ki, bu gün Bakı şəhəri və respublikanın regionlarında 600-ə yaxın qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə müəssisəsi və 1300-dən artıq digər sosial obyektlər “Azəristiliktəhcizat” ASC-nin xidmət sahəsinə daxil olmaqla istiliklə təmin edilir. Əhaliyə göstərilən xidmətə görə tariflərdə yaxın vaxtlarda heç bir artım gözlənilmir”. (Azadinform)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top