Erməni diplomat: “Qarabağ məsələsinin həll olunmağa yaxın olduğunu düşünmürəm, ən başlıcası status-kvonu qorumaqdır”

SİYASƏT 14 noy 2019, 09:18

“Düşünmürəm ki, Qarabağ məsələsi həll olunmağa yaxındır, yaxud danışıqlar prosesi bərpa olunacaq, amma ən vacib məsələ status-kvonun qorunub saxlanmasıdır və status-kvo nə qədər qorunub saxlanılsa, bu bir o qədər Ermənistana fayda gətirəcək”
 

Demokrat.az Ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistan-Rusiya Universitetinin Dünya Siyasəti və Beynəlxalq Münasibətlər kafedrasının müdiri, Ermənistanın Fövqəladə və Səlahiyyətli səfiri Arman Navasardyan bildirib.
 

O, mətbuat konfransında Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfərinə toxunaraq, bu səfəri müsbət qiymətləndirdiyini diqqətə çatdırıb.


Navasardayn həmçinin bildirib ki, Qarabağ məsələsinin həll olunmağa yaxın olduğunu düşünmür, amma ən başlıcası, onun sözlərinə görə status-kvonun qorunub saxlanmasıdır.
 

“Lavrovun səfərinə çox əhəmiyyət verirəm və əminəm ki, o, Rusiyanın xarici siyasətini çox yüksək səviyyədə idarə edir və böyük nüfuza malikdir”, - deyə o qeyd edib.
 

Navasardyan “Qarabağ, Ermənistandır və son” bəyanatı səsləndirilərkən Lavrovun sərt reaksiya verdiyini də qeyd edib.
 

Erməni səfirin sözlərinə görə, ABŞ burada Rusiyanın təsirinin güclənməsini istəməsə də, Qarabağ məsələsinin həllində Rusiya ilə ABŞ arasında heç bir ziddiyyət yoxdur və bu, onların arasında heç bir ziddiyyətin olmadığı yeganə məqamdır.
 

“Hər iki dövlət öz siyasi məqsədlərini də nəzərə alaraq, münaqişənin sülh yolu ilə həllini istəyir. Düşünmürəm ki, Qarabağ məsələsi həll olunmağa yaxındır, yaxud danışıqlar prosesi bərpa olunacaq, amma ən vacib məsələ status-kvonun qorunub saxlanmasıdır və status-kvo nə qədər qorunub saxlanılsa, bu bir o qədər Ermənistana fayda gətirəcək”, - deyə Navasardyan bildirib.
 

Erməni diplomat Rusiya ilə Türkiyə, ABŞ-Türkiyə münasibətlərinin inkişafına da əhəmiyyət verdiyini qeyd edib.
 

“Bu fonda pan-türkist siyasətinin prinsipləri yenidən baş qaldırır, bunun sübutlarından biri Özbəkistanın qatıldığı Türkdilli Dövlətlərin Bakıda keçirilən zirvə görüşü idi. Türkiyə və Azərbaycan bu heyətin artırılması üçün əllərindən gələni edir”, - deyə o bildirib və əlavə edib ki, Pan-Türkçülük bir tərəfdən Rusiyaya, digər tərəfdən Çinə qədər uzanır.
 

Navasardyan sözlərinə görə, Rusiya Pan-Türkçülük siyasətinə nəzarət etməyə çalışır.


“Rusiyanın maraqlarına zidd olduğu üçün bu hərəkatı nəzarət altına almağa çalışır. Bütün bu hadisələrdə mən Azərbaycanın siyasətinə önəm verirəm. O, bu pərdə altında mümkün qədər Ermənistana və Ermənistanın maraqlarına zərbə endirməyə çalışır”, - deyə Navasardyan bildirib.


O qeyd edib ki, Ermənistan Rusiya ilə hərbi münasibətləri saxlamalıdır, bu, Türkiyənin Ermənistana təsiri şəraitində olduqca vacibdir.
 

“ABŞ ilə münasibətləri mümkün qədər inkişaf etdirməliyik. Ancaq KTMT-dən çıxmaq və NATO-ya daxil olma barədə söz-söhbətlər olduqda, bunlar çox təhlükəli meyllərdir”, - deyə erməni diplomat bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top