Leonid Kalaşnikov: Armavirdə Njdenin şərəfinə qoyulan lövhə yığışdırılmayınca sakitləşməyəcəm

SİYASƏT 07 noy 2019, 14:56

Yerevanda bir müddət əvvəl baş tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurası və Parlament Assambleyasının iclasları Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovun Ermənistana gəlməsi səbəbindən ən yüksək gərginliklə yadda qalıb. 

 

Media.Az-ın bundan əvvəl verdiyi məlumata görə, rusiyalı deputat Rusiyanın Armavir şəhərində Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi ilə şəxsən məşğul olacağını vəd edib. 

 

Buna cavab olaraq, hətta o, fiziki zorakılıqla hədələnib və bəzi “kədərli nəticələr” işarə edilib. Bundan əlavə, rusiyalı deputatın ölkədən çıxarılması üçün çağırışlar edilib. Ancaq heç bir erməni jurnalist Leonid Kalaşnikova nasist Qaregin Njdeyə münasibətini soruşmayıb.

 

Bununla bağlı Media.Az-a açıqlamasında Rusiya Dövlət Dumasının komitə sədri şəxsən danışıb. 

 

- Siz Yerevanda keçirilən KTMT iclasında iştirak etdiniz. Sizin səfərinizə qədər erməni sosial şəbəkələrində ünvanınıza təhdidlər səsləndirilirdi, Qaregin Njdeyə qarşı mövqeyinizə görə sizi deportasiya etmək çağırışı edilirdi. Hansısa aqressiya ilə qarşılaşdınız? 

 

- Xeyr, bütün bu çağırışlara və hücumlara baxmayaraq, nə jurnalistlər, nə də hakimiyyət narazılıq bildirdi. Rəsmi qərəz olmadı. Bundan başqa, mənə bununla bağlı sual verilmədi (Qaregin Njde ilə bağlı – red.). Görünür, başa düşdülər ki, mən dürüst və birbaşa cavab verəcəm. Məndə ikili yanaşma yoxdur, əgər erməni jurnalistlər soruşsaydılar, eyni mövqe sərgiləyərdim. 

 

- Ermənistan KİV-də ölkənin KTMT-dən çıxması ilə bağlı çağırışlar səsləndirilir və bildirirlər ki, təşkilat onlara kömək etmir. Siz Yerevanda əhval-ruhiyyəni hiss etdinizmi? 

 

- Mən belə bir şey hiss etmədim. Əlbəttə, Ermənistanda KTMT-dən çıxmağın tərəfdarı olan müəyyən qüvvələr var, amma bu rəsmi mövqe deyil. KTMT-nin, Rusiyanın dəstəkləməsi Ermənistan üçün ölüm və olum məsələsidir. KTMT və Rusiya olmadan Ermənistan var ola bilməz. Bütün bu hücumlar və çağırışlar (anti-Rus - red.) Ermənistanı həyati maraqlarından uzaqlaşdırır. Ona görə heç kim heç nədən çıxmayacaq. 

 

Mən erməni jurnalistlərə Azərbaycana silah tədarükü barədə də cavab verdim. Axı Ermənistana da silah tədarük edilir. Biz Ermənistana silah satanda azərbaycanlılar da qəzəblənir. Dedim ki, heç kimə silah satmamaq yaxşı olardı, əgər belə olubsa, onda sizə müttəfiq kimi, Azərbaycana tərəfdaş kimi təqdim edirik.

 

KTMT məsələsinə qayıdaq. Əgər Azərbaycan təşkilata qoşulmaq istəyirsə və bizim Bakı ilə ortaq maraqlarımız və məsələlərimiz varsa, Ermənistan buna qarşı olacaq və mən bunu da Yerevanda dedim. Mənə sual verən erməni jurnalistlər susdular. 

 

Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri olaraq mənim üçün Qaregin Njdenin lövhəsi qırmızı əski kimidir. Onu yığışdırmayınca, mən sakitləşməyəcəm. 

 

Azərbaycan və Ermənistanla dostluq məsələsinə gəlincə, onlar mənim üçün eynidir. Ancaq Qaregin Njdeyə görə mən Ermənistandakı millətçilərin xeyrinə oynamayacam.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top