"Müxalifət yaxşı bilir ki, Əli İnsanov onların kiçik sosial bazasına iddia edir" – Aydın Mirzəzadə

GÜNDƏM 07 noy 2019, 13:22

“Dörd-beş insanın bir masa ətrafında görüşməsini nə hansısa siyasi proses adlandırmaq olar, nə də onların görüşündə bir nəticənin əldə olunmağından danışmaq olar”.

 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib. O, radikal müxalifətin sıralarına qoşulmuş keçmiş səhiyyə naziri Əli İnsanovun cəmiyyətdə nüfuzunun olmamasını xüsusi vurğulayıb:   

 

“Əli İnsanov özünün cinayət əməllərinə görə, vaxtilə həbsdə yatmış insandır. Bu gün onun cəmiyyətdə hər hansı nüfuzundan, belə deyək də, hər hansı tərəfdarlarından danışmağa dəyməz. Müxalifət yaxşı bilir ki, Əli İnsanov onların kiçik olan sosial bazasına iddia edir. Eyni zamanda, dünənə qədər onu təhqir edən bir insanlar əl verib görüşmək, yanaşı oturmaq radikal müxalifətin özünün artıq prinsiplərlə yaşadığını göstərir. Dörd-beş insanın bir masa ətrafında görüşməsini nə hansısa siyasi proses adlandırmaq olar, nə də onların görüşündə bir nəticənin əldə olunmağından danışmaq olar”. 

 

Millət vəkili, müxalifətin konkret bir proqramının olmadığını, əvəzində bu gün hakimiyyətin konkret işlər gördüyünü diqqətə çatdırıb: 

 

“Müxalifət özünün gücsüzlüyünü və sosial bazasının zəif olduğunu çox yaxşı bilir. İndi vəziyyətdən çıxmaq üçün də bir-birinə düşmən olsalar da, bir-birinin əleyhinə işləsələr də, ara-sıra bir masa arxasında toplaşırlar. Dünənə qədər bir-birini təhqir edən, bir-biri haqqında ifşaedici materiallar yazan bu gün bir birlik nümayiş etdirməyə çalışırlar. Ancaq məqsədə - xalqın dəstəyini qazanmağa, bir güc olmağa nail ola bilməyəcəklər. Birincisi, onların hər biri özünün siyasi kapitalını kifayət qədər xərcləyib və hər biri cəmiyyətə yaxşı tanışdır. İkincisi, bunların cəmiyyətə təqdim edəcəyi konkret bir proqram yoxdur. Nə ölkənin inkişafı ilə bağlı, nə Dağlıq Qarabağ  probelemninin həlli ilə bağlı, nə sosial problemlərin həlli və insanların sosial rifahını yüksəltməklə bağlı bunların bir proqramı yoxdur. Quru tənqid isə cəmiyyəti heç bir zaman qane etmir. Onlardan fərqli olaraq, hakimiyyət bu gün konkret iş görür.  Hakimiyyət büdcəni artırır, insanlar üçün iş yerləri açır, infrastrukturu yaxşılaşdırır, beynəlxalq aləmdə ölkənin nüfuzu artır. Vətəndaş, siyasi mənsubiyyətindən asılı olmayaraq, dövlətin vətəndaşın ağır vaxtında onun yanında olduğunu görür. Bu baxımdan, radikal müxalifət liderlərinin görüşü, sadəcə olaraq, saytlarda bir sətirlik xəbərdən o tərəfə getmədi.

 

A.Mirzəzadə, adətən radikal müxalifətin seçkiqabağı belə yığışdığını xüsusi vurğulayaraq, onların heç birinin parlamentə düşmə şansının olmadığını bildirib.

 

“Gələn il parlament seçkiləridir. Parlament seçkiləri cəmiyyətdə həmişə böyük maraq doğurur. Bu baxımdan, radikal müxalifət çox istəyərdi ki, onların içərisindən parlamentə düşən olsun.  Onların heç birinin parlamentə düşmə şansını mən görmürəm. Çünki onlar, seçkilərarası müddətdə cəmiyyətdə görünmürlər, hər hansı pozitiv fikirləri və təklifləri yoxdur. Amma çox istəyərlər ki, onlardan kimsə parlamentə düşsün. Amma onlar seçki vaxtı bir-birlərinə rəqib olublar, hətta gələn parlament seçkilərində bir-birinə qarşı rəqib olacağı gözlənilir”. 

 

Zaur Hacılı 

Demokrat.az
      

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top