Zakir Həsənov: Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları qəsdən yubadır

SİYASƏT 06 noy 2019, 11:36

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litvanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.

 

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Litva arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

 

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

 

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin, o cümlədən hərbi qulluqçular üçün təşkil olunan kurslarının davamının və onların dinləyicilərinin sayının artırılmasının zəruriliyi də xüsusi qeyd edilib.

 

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Litva əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

 

E.Navikas öz növbəsində Litvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

 

Tərəflər regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top