Masallıda tapılan xaç işarəli qəribə daşların sirri açıldı — AÇIQLAMA

MARAQLI 02 noy 2019, 12:58

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Masallı rayonunda əkin sahəsindən tapılan, üzərində xaç simvolu olan qəribə daşlar barədə xəbərə münasibət bildirib.

 

İnstitutun Arxeoloji abidələrin külliyyatı şöbəsinin rəhbəri, arxeoloji ekspedisiyanın rəhbəri Abuzər Ələkbərov bildirib ki, bu, həqiqətən də, pravoslavların qəbir daşlarına həkk olunan xaç işarəsidir:

 

“Onların da Azərbaycanın müxtəlif rayonlarına, o cümlədən, cənub-şərq rayonlarına XIX əsrin birinci yarısında hansı məqsədlə köçürüldüyü məlumdur.

 

Əvvəllər onların qəbirlərinə daşdan baş daşı qoyulurdu. Sonralar bu daşlar dəmir çubuqlardan xaç şəkilində hazırlanmış nişangahlarla əvəz olundu”. 

 

“Məlumat üçün onu da deyim ki, pravoslavların xaç işarəsi katoliklərin xaç işarəsindən tamamilə fərqlidir”, - deyə ekspedisiynın rəhbəri qeyd edib.

 

Xatırladaq ki, Masallı rayonu Təklə kənd sakini Vəzir Hüseynov özünə məxsus olan əkin sahəsində şumlama işləri apararkən qəribə daşlar tapıb.

 

Daşlardan birinin üzərində olan xaç simvolu V.Hüseynovun marağına səbəb olub. O, indiyə qədər sözügedən ərazidə heç vaxt belə daşlara rast gəlmədiyini deyir. Onun diqqətini çəkən isə hündürlüyü 80, eni 40 sm olan bu daşlardan birinin üzərində oyma üsulu ilə çəkilmiş xaç simvolu olub.

 

Yerli sakinlərin dediyinə görə, Təklə kəndinin tarixi qədim olduğundan, burada əkin sahələrindən şum işləri apararkən gildən hazırlanmış müxtəlif məmulatlar, qədim əşyalar, tunc nizə başlıqları tapılıb. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top