Səməd Seyidov: “Söhbət Azərbaycana qarşı işləyən qüvvələrin nə dərəcədə aktiv olmasından gedir”

SİYASƏT 01 noy 2019, 10:37

“Onlar Azərbaycan vətəndaşını çaşdırmaqla qeyri-qanuni addımlar atırlar”

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov oktyabrın 31-də Milli Məclisdə keçirdiyi brifinq zamanı bir sıra aktual məsələlərə münasibət bildirdi.

 

Komitə sədri dedi ki, Azərbaycanın beynəlxalq münasibətləri inkişaf etdikcə, dünyadakı rolu artdıqca, mövqeyi möhkəmləndikcə ölkəmizə qarşı destruktiv qüvvələrin təzyiqi də artır: “Təəssüf ki, bu münasibət beynəlxalq təşkilatlarda, hansısa ölkələrdə fəaliyyət göstərən qurumlarla kifayətlənmir, o cümlədən daxildən də bu cür qüvvələr çalışırlar ki, ölkəmizin münasibətlərinə xələl gətirsinlər. Xüsusilə Azərbaycanın Avropa İttifaqı ilə inkişaf etdirdiyi münasibətlərə xələl gətirmək istəyən qüvvələr göz qabağındadır”. 

 

S.Seyidovun sözlərinə görə, Azərbaycan danışıqlar prosesini ən yüksək səviyyədə aparır və Avropa İttifaqına daxil olan ölkələrlə birbaşa strateji əməkdaşlıq müqavilələri imzalayır: “O cümlədən Avropa İttifaqının özü ilə də münasibətlər ən yüksək səviyyədə təşkil olunub. Qeyd edilən destruktiv qüvvələr səfirliklərə, beynəlxalq təşkilatların Bakıda fəaliyyət göstərən nümayəndəliklərinə müraciət edərək müxtəlif görüşlər keçirir, həmin təşkilatların və səfirliklərin mövqelərini təhrif edərək öz maraqları baxımından təqdim edirlər. Bu qüvvələr belə təxribatçı addımlar atmaqla Azərbaycanın həm beynəlxalq təşkilatlarla, həm də ayrı-ayrı ölkələrlə münasibətlərini gərginləşdirmək məqsədi güdürlər. Bu, açıq-aydındır”.

 

S.Seyidov qeyd etdi ki, Azərbaycanda fəaliyyət göstərən səfirliklər və beynəlxalq təşkilatlar obyektiv mövqe nümayiş etdirmək və düzgün fikir söyləmək üçün kifayət qədər imkanlara malikdirlər: “Amma bu destruktiv qüvvələr beynəlxalq təşkilatların və səfirliklərin adlarından bəyanatlar verməklə və onların mövqelərini öz mövqelərinə süni şəkildə uyğunlaşdırmaqla Azərbaycan vətəndaşlarında ölkəmizin beynəlxalq əlaqələri ilə bağlı yanlış fikir formalaşdırmağa, onları çaşdırmağa çalışırlar. Həmin qüvvələr bilməlidirlər ki, bütün bunlar təxribatdır və biz buna qarşı çıxırıq. Görünən odur ki, destruktiv qüvvələr yeni taktika seçiblər. Həmin qüvvələr qanunun aliliyi və demokratiyanın, insan haqlarının beynəlxalq təşkilatlarda və müxtəlif qurumlarda ali dəyərlər kimi müdafiə olunması zəminindən istifadə edərək öz mövqelərini ölkəmizdə fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların mövqeləri kimi təqdim etməyə cəhd göstərirlər. Onlar Azərbaycan vətəndaşını çaşdırmaqla qeyri-qanuni addımlar atırlar. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan beynəlxalq təşkilatlarda getdikcə öz mövqeyini möhkəmləndirir. Destruktiv qüvvələr də məhz həm Avropa İttifaqında, həm Avropa Parlamentində, həm də Avropa Şurasında bu münasibətlərin daha da inkişaf etdirilərək yeni müstəviyə qaldırılmasını görərək və bunu qəbul etməyərək bu cür təxribatlara əl atırlar. Həmin beynəlxalq təşkilatlar və ölkəmizdəki səfirliklər onların adlarından çıxış edən, mövqelərini təhrif edən destruktiv qüvvələrin bu cür təxribatçı addımlar atmaqla Azərbaycanın münasibətlərinə xələl gətirməyə cəhd göstərdiklərini nəzərə almalı və buna qarşı çıxmalıdırlar”.

 

S.Seyidov ABŞ Konqresində Türkiyə əleyhinə qəbul olunan qətnamə və erməni separatçılarının qəbul olunmasından da bəhs etdi: “ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma ”erməni soyqırımı" ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil. Bu, qeyri-obyektiv və ikili standartlarla müşahidə olunan qərar kimi qiymətləndirilməlidir. Azərbaycan həmişə Türkiyənin yanındadır. Siyasiləşmiş qərarların qəbul edilməsi regionda vəziyyəti daha da gərginləşdirməyə xidmət edir".

 

Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri bildirdi ki, “erməni soyqırımı” barədə qərar layihəsini Nümayəndələr Palatasına təqdim edənlər və dəstəkləyənlər “Dağlıq Qarabağın xarici işlər naziri” ilə Konqresdə görüşlər keçirib, dinləmələr təşkil edənlərdir: “Bu məsələlər bir-biri ilə bağlıdır. Bütün bunlar həm Türkiyə, həm də Azərbaycana ciddi təsir göstərən məsələlərdir. Konqresdə ”Artsax" adı altında dinləmələrin təşkil edilməsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi nüfuzuna ciddi mənfi təsir göstərir. ABŞ Azərbaycanla münasibətlərdə obyektiv tərəf kimi özünü göstərib. Konqres tərəfindən belə addımların atılması ABŞ-ın regiondakı maraqlarına ziddir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi Nümayəndələr Palatasında qəbul edilən qərarı pisləyirəm. Düşünürəm ki, bu, erməni lobbisinin Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurmaq cəhdidir. Həmin dinləmələrə gələn də yox idi, 10-15 nəfər iştirak edib. Konqresdə “Artsax” adı altında dinləmələrdə iştirak edənlər də Nümayəndələr Palatasına qondarma “soyqırım” barədə layihə təqdim edənlərdir". İşçi qrupun rəhbəri bildirdi ki, Azərbaycan və ABŞ münasibətləri yüksək səviyyədədir, ABŞ-ın Azərbaycanın enerji layihələrinə dəstəyi göz qabağındadır: “Amma Konqresdə fəaliyyət göstərən ermənipərəst qüvvələr Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışmaqla bərabər, ən böyük zərbəni ABŞ-ın regiondakı maraqlarına vururlar”.

 

S.Seyidov daha sonra Azərbaycan prezidentinin uğurlu xarici siyasətindən də bəhs etdi: “Azərbaycan prezidenti İlham Əliyev ”Valday" Beynəlxalq Diskussiya Klubunda, Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşündə çıxışlar edib. Bu tədbirlərdə Azərbaycanın milli maraqları müdafiə olunub, mövqeləri dəstəklənib". Komitə sədri dedi ki, Azərbaycanın dövlət başçısı Ermənistanın nasist siyasətini beynəlxalq təşkilatlarda sübutlarla ifşa edib: “Bu, ilk növbədə Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında bəyan edildi. Aşqabadda deyilən sözlər sonradan Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün yekun sənədində əksini tapdı. Qoşulmama Hərəkatının yekun bəyanatında qeyd edilib ki, nasist və neosistləri qəhrəman kimi təqdim etmək yolverilməzdir. Ermənilər bundan çox ciddi həyəcan keçiriblər və Rusiyada fəallaşmağa başlayıblar. Onlar Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyə çalışır, müxtəlif təxribatlar törədir, Rusiyada azərbaycanlıları digər xalqlarla qarşı-qarşıya qoymağa cəhd edirlər. Ermənilər Rusiyada ultrasağçı qüvvələri azərbaycanlılara qarşı yönəltməyə çalışır, məişət zəminində baş verən hadisələri süni şəkildə şişirdirlər. Məqsəd Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməkdir. Həm də istəyirlər ki, Ermənistanda nasistlərə qoyulmuş heykəllərə toxunulmasın, öz siyasətlərini davam etdirsinlər. Beləliklə də Ermənistanda nasistlərə qoyulmuş heykəllərdən diqqət tamamilə yayınsın”. S.Seyidov bildirdi ki, həm xaricdə, həm də daxildə anti-Azərbaycan qüvvələrin fəallaşması arasında bir əlaqə var: “Bu, Azərbaycanın inkişafı, dünyada öz yerini möhkəmlətməsinə qarşı bir fəaliyyətdir. Hər bir azərbaycanlı bu barədə məlumatlı olmalıdır ki, onları çaşdırmasınlar. Heç bir radikal qüvvə Azərbaycanın beynəlxalq münasibətlərinə təsir göstərə bilməyəcək”.

 

S.Seyidov onu da vurğuladı ki, ABŞ-dakı yəhudi lobbisi ilə münasibətlər yüksək səviyyədədir: “Heç kim üçün sirr deyil ki, ermənilər yüz illərdə öz lobbisini formalaşdırıb və xüsusilə Kaliforniyada ”ikinci Ermənistan" mövcuddur. Azərbaycan indi-indi, son illərdə öz fəaliyyətini yüksək səviyyədə təşkil etməyə başlayıb".

 

“Yeni Müsavat”ın suallarına cavab olaraq S.Seyidov bildirdi ki, ABŞ-a vaxtaşırı səfərlər edərək həqiqətlərimizi çatdırırlar: “Başa düşmək lazımdır ki, söhbət Azərbaycan tərəfindən gecikmələrdən getmir. Söhbət, sadəcə, Azərbaycana qarşı işləyən qüvvələrin nə dərəcədə aktiv olmasından gedir. Məsələn, bu gün erməni lobbisi regionda gedən proseslərdən sui-istifadə edib bu məsələləri gündəmə gətirməyə başlayıb. Türkiyə-ABŞ münasibətlərinin hansı səviyyədə olduğu hamı üçün bəllidir. Söhbət bundan gedir. O ki qaldı Azərbaycanın mövqeyinə, birincisi, biz Türkiyə-Azərbaycan münasibətlərini yüksək səviyyədə qorumuşuq, qoruyuruq və bundan sonra da qoruyacağıq. İkincisi isə ABŞ-Azərbaycan münasibətlərinə bu kimi məsələlər təsir göstərə bilməz. Onlar təsir göstərirlər. Biz əksinə, öz müraciətlərimizi həm bu tədbirdən əvvəl, həm, həm də ABŞ-a səfərlərimiz zamanı bildiririk. Söhbət, sadəcə, ABŞ-ın daxilində olan problemlərin xarici müstəviyə, ABŞ-ın maraqlarına uyğun olmayan tərzdə çıxarılmasıdır. Bunu Ermənistan edir”. S.Seyidov Rusiya ilə münasibətlərin də ən yüksək səviyyədə olduğunu bildirdi: “Ancaq Azərbaycan məsələləri beynəlxalq müstəviyə qaldıran kimi Rusiyanın içərisindən təxribatlar başladı”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top