Əli Həsənovun dəyişkən ideologiyası... — YAZI

TƏHLİL 31 okt 2019, 16:07

1987-1988-ci illərdə SSRİ-də daşlar yerindən oynamağa başlamışdı və artıq Azərbaycanda da milli hərəkat formalaşırdı. Həmin dövrdə Azərbaycan ərazilərində ermənilərin separatçı torpaq iddiaları xüsusilə qabardılırdı.

Şübhəsiz ki, ermənilərin bu iddialarına ermənipərəst mövqeyi ilə tanınan və Moskvanın Azərbaycana rəhbər təyin etdiyi Əbdürrəhman Vəzirov açıq şəkildə göz yumurdu. Məhz buna görə də Azərbaycan xalqı Əbdürrəhman Vəzirovun hakimiyyətdə qalmasını istəmir, ona qarşı öz etirazlarını bildirirdi. Bakının mərkəzi meydanlarını xalq etirazları bürümüşdü, azərbaycanlılar küçələrə çıxaraq, respublikanın mövcud hakimiyyətinin anti-milli mövqeyinə, Moskvanın ermənipərəst siyasətinə etiraz edir, soydaşlarımızı milli təəssübkeşliyə çağırırdılar.

 

Təəssüf ki, belə durumda Vəzirovun fəaliyyətinə dəstək verənlər də ortaya çıxırdı. Belələrini Bakının Azadlıq meydanında (həmin dövrdə meydanın adı “Lenin” idi) "Sapı özümüzdən olan baltalar" adlandırırdılar.

 

Sonra illər keçəcək, mərhum İsmayıl Şıxlının sözləri ilə desək, "Sapı özümüzdən olan baltalar" yenidən dövlət qurumlarına yol tapacaqdılar. Ancaq hələ 1980-ci illərin sonları idi. Belə bir vəziyyətdə Moskvada təhsil alan bir qrup azərbaycanlı tələbə Əbdürrəhman Vəzirova "sevgi məktubları" yazır, ona açıq dəstəklərini ifadə edirdilər. Əslində, həmin dövrdə Əbdürrəhman Vəzirova dəstək həm də ermənilərin Azərbaycana qarşı torpaq iddialarına göz yummaq idi.

 

Related image

 

Bu o dövr idi ki, Sovet rəhbərliyinin Azərbaycanla bağlı siyasətinə etiraz edən, SSRİ rəhbərliyinin separatçılığa meylli yanlış siyasətinə açıq şəkildə qarşı çıxan və buna görə də vəzifəsini itirən Ümummilli Lider Heydər Əliyevə və onun ailə üzvlərinə qarşı böyük təhlükələr yaradılırdı. Hətta, Heydər Əliyev Moskvadan Azərbaycanın müstəqillik carçılarına dəstəyinə görə "düşmən" elan edilmişdi və bu kampaniya Bakıdakı hökumət tərəfindən canfəşanlıqla icra olunurdu.

 

Kremldəki anti-Əliyevçi qüvvələrin tapşırıqlarını icra edən ermənipərəst Əbdürrəhman Vəzirov Heydər Əliyevin Azərbaycandakı tərəfdarlarını mənəvi terrora məruz qoymuşdu. Keçmiş ittifaqın dördbir tərəfində təhsil alan azərbaycanlı tələbələr də Azərbaycandakı siyasi prosesləri izləyir və milli təəssübkeşlik nümayiş etdirirdilər. Lakin Vəzirova yarınmaq şansını əldən buraxmayanlar da tapılırdı. Onlar fürsəti əldən buraxmayaraq, adlarının onun dəstəkçisi kimi Vəzirovun masasında görməkdən məmnun olan Əli Həsənov, Nuşirəvan Məhərrəmli, Rza İbadov, İsmayıl Atakişiyev və digərləri idi. Azərbaycan xalqının pulu ilə Moskvada təhsil alan bu gənclər (indi onların bir çoxu yüksək vəzifələr tuturlar) Bakıdakı siyasi prosesləri nəzərə almadan, milli təəssübkeşlik hissini unudaraq, bizə düşmən kəsilən Vəzirovu mədh etməkdən belə çəkinmədilər.

 

 

1989-cu il mayın 18-də "Molodyoj Azerbaycana" qəzetində Vəzirova ünvanlanan həmin müraciət son günlər mediada aktuallaşandan sonra Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sözügedən məktubda imza atmasını belə əsaslandırmağa çalışdı:

 

"... Birincisi, maraqlıdır, görəsən həmin dövrü yaşayan insanlardan kim 1985-ci ildə başlanmış yenidənqurma prosesinin əleyhinə çıxıb və onu dəstəkləməkdən imtina edib?! İkincisi, 1988-ci ildə MDU-nun tarix fakültəsinin akt zalında Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı ilə görüşdən sonra hələ sərbəst həyata qədəm qoymağa hazırlaşan gənc tələbələrin toplandığı bir auditoriyanın adından Azərbaycan KP MK-ya göndərilən teleqramda adı keçən onlarla şəxsin sırasından bir nəfərin seçilərək hədəfə alınması nə deməkdir. Bu, əlbəttə ki, bunu edən insanların cılızlığının, acizliyinin əlaməti, suda boğulanın saman çöpündən yapışması deməkdir. Hələ yaxşı ki, onlar mənim tribunada Leonid Brejnevi alqışlamağımın şəklini verməyiblər, aktiv komsomolçu, ayrı-ayrı dövrlərdə tələbə-inşaat dəstəsində komandir olmağımdan yazmayıblar. Üçüncüsü, əgər bunda bir əsas görürlərsə və iddia etdikləri kimi, obyektiv qiymətləndirmə aparırlarsa, onda 1990-cı ildə MDU-nun aspirantı olaraq Heydər Əliyevi Azərbaycana qədər müşayiət eləməyimi, ümummilli liderin rəhbərliyi altında bütün siyasi proseslərdə fəal iştirakımı və sonrakı fəaliyyətimi niyə qeyd etmirlər?...".

 

Related image

 

Cənab Həsənov bu müraciətin yazılmasında qeyri-adi heç nə görmür, dövrün tələbi hesab edir. Əslində, bu, gözlənilən idi. Onun məntiqi ilə düşünsək, dünənə qədər siyasi əqidəsi Vəzirov, bu gün isə İlham Əliyev olanlar, sabah da çox rahatlıqla "dövrün tələbi belə olub" deyərək, yeni əqidə daşıya bilərlər?

 

Axı bu nə gülünc arqumentdir, nə məntiqdir? Bəs Heydər Əliyev ideologiyasına təmənnasız xidmət edənlər, bu yolda saç ağardanlar hansı arqumenti gətirsinlər?

 

Ən acınacaqlısı isə odur ki, sonradan bu adamlar yuxarıda qeyd etdiyim kimi, yüksək dövlət vəzifələri tutdular, hakimiyyətin bəzi qanadlarında öz şəbəkələrini formalaşdıra bildilər. Daha sonra isə nəzarət və idarə etdikləri sistemdə özləri kimi mövqeysizlərə üstünlük verdilər, Heydər Əliyevə sədaqətli şəxsləri dövlətdən incik salıb, vaxtilə onu təhqir edən, barəsində hədyan yazanları "əməkdar" etdilər, yuxarı başa keçirdilər. Bu siyasəti doğru sayanların qəribə əsaslandırmaları da var imiş... Sən demə, zəngin “əqidə”yə malik olan bu şəxslər guya öz səhvlərini anlayıblar, artıq Heydər Əliyev ideologiyasına və Prezident İlham Əliyevə sadiq qalacaqlar.

 

 

Maraqlıdır ki, onlar öz təbliğatlarını da məhz bu düşüncə üzərində qurmağa çalışırlar. Anlamırlar ki, bu gün “zərərsiz” hesab etdikləri adamlar gələcəkdə daha böyük oyunların iştirakçısı olacaq...

 

Vasif Həsənli

"Demokrat.az" xəbər portalının Baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top