Jurnalistlərimiz Ermənistana getsinmi, getməsinmi?

SİYASƏT 31 okt 2019, 16:55

Tofiq Abbasov: “Bəlkə də bu cür təmaslara böyük ehtiyac var, amma…”
“Ermənistan problemin ədalətli həllinə maraq göstərməsə, bu təmaslar çətin ki, nəticə versin”

 

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri ilə bağlı müzakirələrin getdiyini bildiirb.

Maraqlıdır, jurnalistlərin qarşılıqlı səfəri problemin həlli üçün müəyyən qədər də olsa zəmin yarada bilərmi? Ümumiyyətlə, bu cür səfərlər Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur?

 

Demokrat.az xəbər verir ki, Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov məsələ ilə bağlı bəzi məqamlara diqqət çəkdi:

 

“Bu kimi görüşlər bir neçə dəfə olub. Mən onlardan birində iştirak etmişəm. Hesab edirəm ki, təmasların olması heç vaxt lazımsız olmur. Bəlkə də onlara böyük ehtiyac var. Ancaq bir şey var ki, jurnalistlər prinsip etibari ilə öz dövlətçilik maarqlarından çıxış edir. Bir halda ki, siyasi elita, dövlət rəhbərləri öz aralarında konsensus məsələsində problemlər yaşayırlars, jurnalistlər də hardasa onların işığında fəaliyyət göstərirlər.

 

Burada informasiya qarşıdurmasında da monitorinq keçirmək, müəyyən nəzarət sistemi tətbiq etmək olar. Lakin bir məqama diqqət yetirmək lazımdır ki, ağ yalan yayılmasın. Biz zərərçəkmiş tərəf kimi təbii ki, öz haqlarımızı müdafiə edəcəyik. Bunu etməliyik də. Bu, bizim yalnız vəzifə deyil, həm də vətəndaşlıq borcumuzdur. Lakin regionda ümumi ab-havanın durulması lazımdır.

 

Ermənistan özünün işğalçılıq siaysətini inkişaf etdirir. Son günlər Ermənistanın Müdafi Nazirliyinin təmsilçiləri Azərbaycanı gərginliyin artırılmasıdna ittiham edirlər. Valday klubundakı çıxışında Azərbaycan prezidenti bildirdi ki, Ermənistan ordusu həm də mülki insanlara qarşı zorakılıqlar edir. Bu yaxınlarda Qazax rayonunda da mülki vətəndaş erməni ordusunun atəşi nəticəsində həlak oldu. Bunu biz necə yazmayaq? İnformasiya işinin əsası ondan ibarətdir ki, baş verən faktlar diqqətdən yayınmasın. Həmçinin, onun ətrafında baş verən proseslər açıqlansın.

 

Mən iştirak etdiyim görüşə Rusiya prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi vasitəçilik edirdi. Azərbaycfan və Ermənistanın Rusiyadakı səfirlikləri də prosesdə iştirak edirdi. Düzdür, bu görüşlərin faydası olmadı. Hətta orada qıcıq doğuran məsələlər də oldu. Erməni jurnalistlərindən biri, səhv etmirəmsə, bu, Marqarita Qriqoryan idi, Azərbaycan prezidentinin adını hallandırmaqla təxribatçı gedişə yol verdi. Bu zaman biz əlbəttə ki, onun cavabını verdik. Bundan sonra belə bir razılıq əldə edildi ki, bu prosesdə birinci şəxslərin adı hallandırılmasın.

 

Odur ki, müəyyən mənada bu təmasları bərpa etmək olar. Lakin Ermənistan rəhbərliyinin sülhə, problemin ədalətli həllinə meyli olmayacaqsa, bu görüşlərdən böyük fayda əldə etmək çətin olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top