İlham Əliyev və Mehriban Əliyeva bu məşhurlara mənzil hədiyyə edib - SİYAHI

GÜNDƏM 30 okt 2019, 15:15

Sənət adamlarının, yazçı və jurnalistlərin sosial şəraiti daim ölkə rəhbərliyinin diqqətindədir.

Bu il də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bir neçə incəsənət xadimi və yazıçıya mənzil hədiyyə edilib. 

 

Əməkdar artist Sənubər İsgəndərli

“Cənab Prezident, mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun!”

 

Əməkdar artist Vəfa Zeynalova

“Cənab Prezident, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il keçir. Bu bayram münasibətilə siz başda olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət və qayğı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza, sənətə və sənətkarlara sahib çıxmağınıza görə sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah dövlətimizi, xalqımızı və sizi qorusun!”

 

Yazıçı-şair Murad Köhnəqala

"Əziz dostlar! Mənzil problemimlə bağlı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi. Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən mənə zəng edərək bildirdilər.

Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!

Qoy həmişə günəş olsun!".

 

Xalq artisti Məmmədsəfa Qasımov

O bildirib ki, ölkə başçısının hədiyyə etdiyi mənzil Lökbatan qəsəbəsində, "Binə" ticarət mərkəzinin yaxınlığında yerləşir:

“Mən cənab Prezidentə, nazir Əbülfəs Qarayevə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, məni, ailəmi sevindirdilər. İndi həmin evdəyik".

Qeyd edək ki, Məmmədsəfa Qasımov Yuğ Teatrının aktyorudur. O, həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyir.

 

Xalq artisti Heydər Anatollu

Mərhum müğənni Anatollu Qəniyevin oğlu deyib ki, Bakı Şəhəri İcra Hakimiyyətindən zəng vuraraq Prezidentin ona mənzil hədiyyə etdiyini bildiriblər:

"Artıq evlə tanış olmuşam. Üç otaqlıdır. Yeni Yasamal ərazisində yerləşir. Cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu, sənətimə və səhnə fəaliyyətimə verilən ən yüksək dəyərdir".

 

Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva isə əməkdar artist Şəlalə Şahvələdqızına ev hədiyyə edib.

Bu barədə aktrisa “İnstaqram” hesabında məlumat verib:

"Göstərdiyi diqqətə və qayğıya, məni iki otaqlı mənzillə təmin etdiyinə görə Azərbaycanın birinci xanımı, Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm. Əziz və sevimli Mehriban xanım, siz mənim illər uzunu ən böyük problemim olan evsizlik problemimi həll etdiniz. Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram. Sizi çox sevirəm, gözəl ürəkli insan. Artıq Şəlalə Şahvələdqızının da öz evi var, dostlar. Hamınızın arzularınıza çatması diləyi ilə".

 

Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov

“Cənab Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Buna görə mən cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ölkəmizin və xalqımızın rifahı naminə gördüyü işlərdə ona uğurlar arzu edirəm”.

 

Xalq artisti, tarzən Fikrət Verdiyev

"Bu gün hər zaman sənətə, sənətkara dəyər verərək xalqın sevgisini, rəğbətini qazanmış cənab Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, tarzən, Gəncə şəhərində 50 il bundan öncə "Göygöl" ansamblının yaradıcısı və Gəncə Dövlət Filarmoniyasının yaranmasında müstəsna xidmətləri olan Fikrət Verdiyevi Bakı şəhərində möhtəşəm mənzillə təmin edib. Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk", - deyə Fikrət Verdiyevin həyat yoldaşı Bəyimxanım Cavanşirova bildirib.

 

Əməkdar artist Sevda Ələkbərzadə

"Cənab prezident İlham Əliyevə belə hədiyyə üçün böyük minnətdarlığı bildirmək istəyirəm. Diqqəti və etibarı, mənim yaradıcılıq fəaliyyətimi yüksək qiymətləndirdiyi üçün ona minnətdaram. Sevincimi dilə gətirmək üçün söz tapa bilmirəm. Bu mənim 30 illik yaradıcılıq yubileyimə ən yaxşı hədiyyədir. Çox sağ ol, cənab Prezident". (Redaktor.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top