Primakovun Bakıda sərgisinin keçirilməsinə deputatların REAKSİYASI

GÜNDƏM 30 okt 2019, 13:45

“Yəqin bunlar ümumi fikrə gəliblər ki, Primakov bizim dostumuzdur və belə bir qərar qəbul eləyiblər. Ancaq mən Primakovu dost kimi tanımamışam”.


 
Demokrat.az
xəbər verir ki, bu sözləri millət vəkili Elman Məmmədov “20 Yanvar” faciəsinin hazırlığında iştirak etmiş və onu planlaşdıran şəxslərdən biri olan Yevgeni Primakovun 90 illiyi münasibətilə Bakıda sərgi keçirilməsi haqqında Yeniavaz.com-a açıqlama verərkən deyib.


Deputat bildirib ki, sərginin keçirilməsinin səbəbini, buna icazə verən təşkilatlar cavablandırmalıdırlar: 


“Sərgi özbaşına keçirilmir. Əgər Bakıda o sərgi keçirilibsə demək ki, burada o sərgini keçirməyə məsul hər hansı bir qurum, nazirlik, Bakı Şəhər İcra Hakimiyyəti - nəticə olaraq kimsə var. Yəqin bunlar ümumi fikrə gəliblər ki, Primakov bizim dostumuzdur və belə bir qərar qəbul eləyiblər. Ancaq mən Primakovu dost kimi tanımamışam. Mən Primakovu SSRİ xüsusi xidmət orqanlarında və siyasətində həmişə müəyyən dolaşıq problemlərin içərisində görmüşəm. Əgər məndən soruşursunuzsa mən deyərdim ki, keçirilməsin, ancaq yəqin məsələhət biliblər ki, keçirilsin, keçiriblər. Bu sərginin keçirilməsinə icazə verən təşkilatlar cavab verməlidirlər ki, niyə keçirilir, keçirilməsi düzdür yoxsa səhvdir”.

 
Millət vəkili Fazil Mustafa isə bildirib ki, Y. Primakovla bağlı bir tədbiri əngəlləmək doğru olmaz və səbəbini belə izah edib:

 
“Yevgeni Primakov Rusiyanın baş naziri olmuş adamdır və müəyyən dərəcədə rəngli yaradıcılığı olan, hətta şeirləri olan bir şəxsdir. Ona görə də Rusiya mühitində Primakov xüsusi çəkisi olan, xarici siyasətdə Rusiyanı yönləndirən şəxslərdən biridir. Hər halda indiki Rusiya ilə münasibətlərimiz zəminində onun həyat və fəaliyyəti ilə bağlı hansısa bir tədbir keçirilməsini əngəlləməyimiz doğru olmaz. Yəni, uzaqbaşı biz burada iştitak eləmərik və ya qəbul eləmərik, mənəvi cəhətdən doğru saymarıq orada iştirak etməyi”.


Deputat Rusiya ilə heç bir danışıq aparmamalı olduğumuzu qeyd edib: 


“Məsələyə dərindən yanaşsaq, ona qalsa biz sovet dövründə bütün şəxslərin Azərbaycana vurduğu ziyanı çıxarıb onun fəaliyyətini qeyd etməyək. Qarabağla bağlı bugünkü Rusiya ilə heç bir danışıq aparmayaq, çünki, Qarabağın işğalı və bu gün işğal altında tutulmasında da Rusiyanın önəmli rolu var. Ona görə də biz bu məsələləri bir az keçmişin prizmasından dəyərləndirməməliyik. Yəni məncə mənəvi cəhətdən özümüz burada iştirak etməmək qərarını verə bilərik. Amma kimlərsə Primakova dəyər verirsə, onun fəaliyyətini qiymətləndirirsə bu onun özünün seçimidir və bunu etmələrini xüsusi bir problem olaraq görmək doğru deyil”.


Digər bir millət vəkili Aqil Abbas isə Bakıda belə bir sərginin keçirilməsini doğru addım kimi qəbul etmədiyini deyib:


“Mənə qalsa keçirilməsi doğru deyil. Rusiyanın İnformasiya-Mədəniyyət Mərkəzidir, özü keçirdir mən buna bir şey deyə bilmərəm. Amma, Primakovun burada niyə sərgisi keçirilir, bilmirəm.  Hər halda Primakovun Bakıda sərgisinin keçirilməsi mənim nəzərimcə doğru addım deyil”.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalının fikrincə sərgini keçirən təşkilat məsələyə Azərbaycan vətəndaşları tərəfdən baxmalı və bu addımı atmamalı idi:


“Mən buna müsbət münasibət bəsləmirəm. Hadisələrin içində olan şəxs kimi demək istəyirəm ki, Primakov “20 Yanvar” ssennarisinin içərisində idi və həmin faciənin törədilməsində ciddi rol oynayan şəxslərdən biridir. Onun Azərbaycanda müsbət mənada, pozitiv baxımdan yad edilməsi, sərgisinin keçirilməsinə mən müsbət yanaşmıram. İndi onu rus icması keçirirsə, hər halda rus icması hökmən Azərbaycanın vətəndaşı kimi 1990-cı ilin 20 yanvarında baş vermiş olan hadisələri göz önünə gətirməli və bu addımı atmamalı idi”.


Qeyd edək ki, oktyabrın 29-da Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Yevgeni Primakova həsr olunmuş sərgi açılıb. Sərgi Yevgeni Primakovun 90 illiyinə həsr olunub.
Y.Primakov 1990-cı ilin 19 yanvar gecəsində Bakıya sovet qoşunlarının yeridilməsində SSRİ müdafiə naziri Yazovla birgə iştirak edib. O 1991-1996-cı illərdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru, daha sonra xarici işlər naziri və Baş naziri işləyib. Primakov, 2001-ci ilin dekabr ayından 2011-ci ilin fevral ayına kimi Sənaye Ticarət Palatasının prezidenti postunda çalışıb və 2015-ci ildə vəfat edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top