İnternetin 50 yaşı tamam oldu...

MARAQLI 30 okt 2019, 10:36

Bıçaqla həm çörək kəsmək, həm də adam öldürmək mümkündür... Bu o demək deyil ki, o- şeytan alətidir...

 

Dünən – oktyabrın 29-da  gündəlik işi internetlə bağlı olanların, çörəyi ineternetdən çıxanların çoxunun bu texnologiyanın 50 illik yubileyindən xəbəri olmayıb. Bu gün yarım əsr yaşı olan eksperimentin tarixi xatırlanmağa layiqdir. 

 

50 il  öncə - 29 oktyabr 1969-cu il tarixində yerli vaxtla səhər saat 9.00-da Los-Ancelesdə bütün müasir insanlar üçün taleyüklü bir hadisə baş verib- internet dünyaya gəlib. Daha doğrusu, inkişafı bu gün bildiyimiz formada İnterneti bəxş edən yeni bir texnologiya ortaya çıxıb. Uzun illər davam edən gərgin əmək və çoxlu tədqiqatlardan sonra  Kaliforniya Universitetindəki laboratoriyaların birində Len Klyanrokun başçılığıyla bir qrup alim iki kompüteri vahid sistemdə birləşdirə bildilər.  Kompüterlər uzunluğu üç metr olan boz rəngli kabel vasitəsilə bir-birinə mətnli məlumat göndərməyə başlayıblar. Bununla da internetin prototipinə, Arpanet şəbəkəsinə start verilib.

 

Məhz həmin tarix bu gün bizim internet adlandırdığımız fenomenin yaradılması tarixi hesab olunur. 70-ci illərdə elektron poçt və TCP/IP protokolu, 80-ci illərdə ünvanlar sistemi yaradılıb. 90-cı illərdə isə Avropa Nüvə Tədqiqatları Mərkəzinin fiziki Tim Bernes-Li məsafədə olan məlumatlara yeni və olduqca daha asan çıxış üsulu, yəni Qlobal Şəbəkəni icad edəndən sonra internet evlərə gəlib. Azərbaycanda İnternet 1993-cü ildən inkişaf etməyə başlamışdır. İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılmış, ilk dövlət orqanının saytı isə Azərbaycan Respublikası Prezidentinin saytı olmuşdur və 1997-ci ildə yaradılmışdır. 1993-cü ildən yüksək səviyyəli milli AZ domeninin inzibatçılığı həyata keçirilir.

İlk günündən İnternetin inkişafı əsasən özəl sektor tərəfindən aparılır. 2000-ci ilədək İnternet Xidmət Provayderlərin (İSP) fəaliyyəti xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilirdi, lakin 2000-ci ildə lisenziyalaşdırma ləğv edilmişdir. Bunun sayəsində hazırda ölkədə İSP kimi xidmət göstərmək istəyən hər bir fiziki və hüquqi şəxs sərbəst olaraq fəaliyyətə başlaya bilər. Hazırda ölkədə 40-dək İSP fəaliyyət göstərir və onlardan yalnız 3-ü (Aztelekomnet, Bakinternet və Azdatakom) dövlət qurumudur. İSP-lərin fəaliyyəti sağlam rəqabət və bazar münasibətləri şəraitində həyata keçirilir. Şirkətlər İnternetə çıxış üçün sabit və simsiz rabitə texnologiyalarında istifadə edirlər. WiMax və digər simsiz texnologiyalarının tətbiqi genişlənir. Ölkənin beynəlxalq İnternet şəbəkəsinə qoşulması 2 özəl şirkət tərəfindən (Delta Telekom və Azərtelekom) həyata keçirilir və İSP-lər üçün alternativ seçim imkanı yaradır.

 

Ölkədə fəaliyyət göstərən hər 3 mobil rabitə operatoru İnternetə yüksək sürətli çıxışı təmin edir və hər üç mobil rabitə operatoru 4G xidməti göstərir. Ümumilikdə hər 100 nəfərdən 100-nün mobil rabitə istifadəçiləri olduğunu nəzərə alaraq, faktiki hər bir şəxsin İnternetə çıxış imkanının olduğunu söyləmək olar.

 

Azərbaycanda genişzolaqlı xidmətlərin göstərilməsinə 2006-cı ildən başlanılmışdır və son illərdə istifadəçilərin sayında ciddi sıçrayış müşahidə olunmaqdadır. Bunun əsas səbəbi ölkədə İKT sahəsinin inkişaf etdirilməsi, elektron hökumət layihələrinin genişlənməsi, xidmətlərin göstərilməsi üçün İnternetdən istifadənin artırılması üzrə həyata keçirilən dövlət siyasətinin icrasının nəticəsidir. 2006-cı ildən başlayaraq Azərbaycanda İnternetin qiymətinin ardıcıl olaraq aşağı salınması üçün tədbirlər görülür. Son illərdə ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti dəfələrlə artırılıb və bu gün problemlərlə də olsa, bu texnologiyanı işlədə bilirik...

 

P.S. Bəzən  internet texnologiyasının televiziyadan da daha çox insanların xüsusən uşaq və gənclərin əxlaqını, psixologiyasını pozmasından, cəmiyyətdə bir sıra neqativ olay və prooseslərin baş verməsinə səbəb olmasından şikayətlənirik. Ancaq super güclər interneti hansı niyyətlə yaradıb -özləri bilər. Hər kəs öz niyyəti və əməlinə görə cavabdehdir. Hər şey öz iradəmizdən asılıdır... Gəlin biz də internetdən, sosial şəbəkələrdən yaxşı niyyətlərlə bəhrələnək...

 

Bıçaqla həm çörək, meyvə  və s. kəsmək, həm də adam öldürmək mümkündür. Bu o demək deyil ki, bıçaq şeytan alətidir - onu ləğv etmək lazımdır. Hər şey bıçağı əlinə alan insandan asılıdır... (Moderator.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top