Azər Rəşidoğlu Gəncədəki son hadisələrdən yazdı - TƏHLİL

Tanınmış analitik Azər Rəşidoğlu sosial şəbəkə vasitəsilə Gəncədə son günlər baş vermiş hadisələri təhlil etməyə çalışıb. 

 

Demokrat.Az analitikin son proseslərlə bağlı fikirlərini təqdim edir: 

 

Heydər Əliyev 5 oktyabr 1994-cü ildə Surət Hüseynovun 4 oktyabr Gəncədə etdiyi qiyama qarşı əks-inqilab etdi. Xalqı Azadlıq meydanına səslədi. Müxalifət də mitinqdə idi. Hamı yekdillik nümayiş etdirdi. 4 oktyabrda baş verənlərdə hədəf Azərbaycanın müstəqilliyi idi. Bütün qüvvələr birləşdi və Sürət Hüseynovu və onunla birlikdə bütün müstəqillik düşmənləri siyasətdən sildi. Bu dəfə də eyni siyasi jestə ehtiyyac var idimi? İndi nə Heydər Əliyev var, nə Əbülfəz Elçibəy. Bunu etmək bir qədər çətin olacaqdı... İran həmişə Azərbaycana qarşı olub, Cənubi Azərbaycan amilinin qabardılmasının qarşısını almaq istəyib, Xəzərdə Qərbin özünə "yuva" qurmasına ehtiyyatla yanaşıb, Ermənistana yardım edib. Bunlar həqiqətdir.

 

Lakin və amma... ABŞ-ın İranı vurmağa hazırlaşdığı məqamda, Bakının bu oyundan kənarda qalmaq istədiyi bir dövrdə Azərbaycan İran üçün yeganə nəfəslik idi, məntiq onu deyir ki, İran bu mərhələdə Azərbaycanı qarışdırmaqda maraqlı olmalı deyil. Bir qədər əvvəl, heç bir səbəb olmadan bir deputat (bir yumoristik videoda deyildiyi kimi özü elə zənn edir ki, onun seçiciləri də var) birdən-birə, heç bir səbəb olmadan ölkə inanclıları arasında say nisbətinə görə çoxluq təşkil edən şiələri təhqir elədi, ona "belə etməyin" deyənləri də təhqir elədi və məsələni məzhəblərarası savaş həddinə qədər böyütdü. Ağıllı insanlar "ona sifarişi kim və niyə verib" sualı üzərində düşünməyə başladı. Bir qədər sonra Bakıda dəhşətli tıxac fəlakəti yaşandı. Bir qədər də keçdi və ölkə zülmətə qərq oldu, işıq, su kəsildi, metroda, "ças pik" zamanı işıq söndü və insanlar tunellərdə fəryad qopartdı, xəstəxanalarda çox müəmmalı şəkildə generatorlar işləmədi və xəstə ölümləri barədə məlumatlar yayılmağa başladı. Bu mənzərəni Elmar Vəliyevin vurulması dərinləşdirdi. Bəlli idi. Vəziyyəti dərinləşdirənlər yalnız xarici qüvvələr deyil. İran məsələsində supergücün yanında yer alacaqlarına söz verənlər haradasa razılığa gəliblər və 1-ci şəxsi açıq hədəfə gətirirlər. Xarici amilin qabardılması kartların açılması demək olardı və "bu adi kriminal hadisədir" bəyanatının ardınca “burada dini motiv yoxdu” bəyanatı gəldi. Vəziyyəti sakitləşdirmək istəyi anlaşılan idi. Düşünülürdü ki, Vəliyevi vuran şəxsin həbsi (onun döyülmüş fotosunu çəkən və yayan ilk mənbə təxribatla məşğul idi) ilə yanaşı Gəncənin ziyalıları işə qarışacaq və Vəliyev də işdən azad ediləcək və bununla məsələ bitəcək. Olmadı. Nə baş verdi? Şiə amili qabardılmaqla (yayılan müştərək bəyanatın mətni anlaşılan deyildi) daha bir provakasiyaya nail olmaq istəyənlər üçün əla zəmin idi. Nəticədə iki polis öldürüldü, Allah onlara rəhmət eləsin. Kim və niyə ölkəni dindar –sekulyar, şiə-sünnü və etnik savaşa çəkir?

 

Düşünürəm ki, birinci şəxsin Heydər Əliyev və Ərdoğan kimi mitinq çağırmaq və birbaşa xalq ilə (müxalifət daxil olmaqla) danışmaq ehtiyyacı yaranıb. Vəliyev xəstəxanada olmasına rəğmən, işdən qovulmalıdır. Gəncədə nə baş verir? MŞ sədri Amaşova müraciət edirəm – mən də daxil olmaqla müstəqil jurnalistlər Gəncəyə səfər eləsin, bu məsələdə birlikdə araşdırma aparaq. P.S. Önəmli məqamlar barədə burada yazmaq istəməzdim. Lakin bu məsələ mütləq ən azı daxili istifadə üçün təhlil edilməlidir. Məscidə gedən hər kəsə potensial terrorçu kimi baxmayın. “Kim daxili problemlərin həllində kimə güc göstərir”, “kim İran məsələsində 1-cinin xəttinə zidd kurs sərgiləyir” bu suallara cavab axtarın. Ölkə dindarları təxribatlara getməyin, önəmli şiə icmasının liderləri bu məsələdə dövlətçiliklə (iqtidar, müxalifət ayrılığı olmadan) birlik və sakitlik nümayiş etdirin. Eyni jesti əhli-sünnə icmasından gözləyirəm, şiə qardaşlarınızın terrora qarşı olmasını, ayrı-ayrı şəxslərin cinayətinin bütün şiələrə aid olmadığını bəyan edin ki, sülh və sabitlik qorunsun. Allah hesab aparandır. Vəziyyət gərginləşir. FB-də boş və mənasız statuslara önəm verməyin... Burada deyə biləcəklərim bu qədər...

 

 

Demokrat.Az

11 İyul 2018, 13:47   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß