“Dilənçidən soruşmaq olar ki, niyə bu vəziyyətdəsən?” - Hadi Rəcəbli

GÜNDƏM 28 okt 2019, 14:32

Dünyada elə bir ölkə yoxdur ki, orada dilənçilər olmasın. Hətta iqtisadi cəhətdən öz sözünü demiş ölkələr bu problemin həllində acizdilər. Həmin ölkələr  dilənçilərlə bağlı məsələni hələ də həll edə bilməyiblər.

 

Azərbaycanda da bu problem özünü göstərməkdədir. Getdikcə ölkə ərazisində dilənçilərin sayı durmadan artır. Paytaxt Bakıda, yeraltı keçidlərdə, küçələrdə, avtobuslarda hər cür yaş kateqoriyasına aid dilənçilərə rast gəlmək olur. Hətta onların dəqiq sayı barəsində statistik rəqəm də yoxdur. Dilənçilərə qarşı polislər mübarizə aparsa da, bunu tam şəkildə həyata keçirmirlər. Həmin dilənçini polis məntəqəsinə aparıb dindirdikdən sonra, sərbəst buraxırlar. Artıq bu cür insanlarda bir vərdiş yaranır, bir müddət keçdikdən sonra yenidən dilənçiliklə məşğul olurlar.

 

Ümumiyyətlə dilənçilərə qarşı necə davranmaq lazımdır? Pul verməklə onlara köməklik edirik, yoxsa saylarının artmasına şərait yaradırıq?

 

Moderator.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda dilənçilik biznesi ilə məşğul olanlar var.

 

“İndi belə bir sual ortaya çıxır. Həmin insanları imkansız adam, yoxsa dilənçilik biznesi ilə məşğul olan bir şəxs hesab etmək olar? Burada iki faktor özünü göstərir.  İnanın, əqidəsi və mənəvi keyfiyyətləri üzərində olan insan gəlib bu yolu seçməz. Çox təəssüf ki, dilənçilik biznesi də bugünkü dövrdə mövcuddur. Əgər belə bir halla qarşılaşırsınızsa, laqeyd yanaşıb yanından keçməyin. Maraqlanmaq lazımdır ki, həqiqətənmi, bu yolu seçən insanın sosial vəziyyəti bunu tələb edir, ya yox? Bu əsasən ərazi üzrə bələdiyyələrə, qeyri-hökümət təşkilatlarına, ziyalılara, ağsaqqallara aiddir ki, həmin insanlarla maraqlanıb, onların qayğısına qalsın. Dilənçilərə pul verməklə yanaşı, soruşmaq olar ki, niyə bu vəziyyətdəsən? Ola bilər ki, bunların içərisində olanlardan az bir hissəsi məcburiyyətdən bu yolu seçir. Ancaq böyük bir hissəsi isə biznes xarakterli olan dilənçilərdir. Bütün hallarda bu cür insanların tərcümeyi-halını öyrənmək lazımdır. Tək adi vətəndaş yox, hər birimiz maraqlanmalıyıq. Çünki belə hallarla maraqlanan olmasa, getdikcə çoxalacaq. Hər bir halda vaxt ayırıb dilənənlərin dərdini dinləmək lazımdır”, - deyə H.Rəcəbli bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top