YAŞLILARIN “MÜQAVİMƏT HƏRƏKATI” – Üzmək və “aktivlik” deputat olmaq üçün kifayətmiş…

GÜNDƏM 27 okt 2019, 13:24

Hakim komandada təmsil olunan bir qrupun islahatlara, yaşlı nəslin gənc kadrlarla əvəz olunması prosesinə müqavimət göstərəcəyi gözlənilən idi. Biriləri bu işi altdan-altdan, gizli şəkildə etməyə çalışsa da, açıq şəkildə “getmirəm” deyənlər də tapılır.

 

Əlbəttə ki, kiminsə sırf yaşlandığına görə gözdən salınması, yaxud savadının, təcrübəsinin və bacarığının sual altına alınması doğru olmaz. Hələ hansısa kadrın gənc olması, yaxud ingilis dilini bilməsi onun işinin öhdəsindən keyfiyyətlə gələcəyinə zəmanət vermir.

 

Təbii ki, özü gənc olmasına baxmayaraq, düşüncəsi, təfəkkürü və işə yanaşması naftalin iyi verən kadrlar da az deyil. Yeri gəlmişkən, belələri deputatların da arasında kifayət qədərdir. Bu baxımdan  Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, 25 ildir deputat olan 78 yaşlı Arif Rəhimzadənin son müsahibəsində gələn il keçiriləcək parlament seçkisində iştirak edəcəyini açıqlaması təbii qarşılanmalıdır.

 

maxresdefault

 

Axı doğrudan da, misal üçün 36 yaşlı deputat Naqif Həmzəyevin nəyi müasirlik, düşüncə, proseslərə baxış açısından 78 yaşlı Arif Rəhimzadədən üstündür? Bəlkə də A.Rəhimzadə yeri gələndə gənc həmkarından daha müasir və proqressiv düşüncəyə malikdir…

 

Digər tərəfdən A.Rəhimzadə həmin müsahibəsində deyir ki, tam sağlamdır, həftədə üç dəfə üzür, yaddaşı da yerindədir. Bir sözlə, kişi deyir “yaşın nə fərqi var ki?”.

 

Bu baxımdan ahıl yaşlarına çatan deputatın müsahibəsindəki fikilərin əksəriyyəti ilə razılaşmamaq olmur. Doğrudan da, əgər növbəti parlament də əvvəlki “üsullarla” formalaşacaqsa, Milli Məclis yenə hökumətin notariusu rolunu oynayacaqsa, orada oturacaq şəxslərin 78, yoxsa 28 yaşının olmasının heç bir fərqi yoxdur.

 

Ancaq Rəhimzadənin müsahibəsindəki bir məqama etiraz etməmək olmur. Yaşı 70-i keçən deputatların yenidən seçilməsi məsələsinə toxunan Rəhimzadə deyir: “Səhhəti ona imkan verirsə, dairədə nüfuzu varsa, partiya tərəfindən dəstəklənirsə, işləmək qabiliyyətinə malikdirsə, əlbəttə, iştirak edəcək…” Gərək hörmətli Arif müəllim “dairədə nüfuzu varsa” fikrini o araya salmayaydı. Çünki deputatların böyük hissəsinin nəinki dairədə, ümumilikdə ölkədə nüfuzunun olması bir qədər mübahisəli məsələdir.

 

Misal üçün 1991-ci il oktyabrın 18-də, kifayət qədər mürəkkəb və cəsarət tələb edən dövrdə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının ƏLEYHİNƏ SƏS VERƏN bir şəxsin dairədə, yaxud ölkədə nüfuzu ola bilərmi?  

 

ec2fdb33-7178-4533-81e6-aef4afb94507

Ya da “Azərbaycan dövlətini sovet hökuməti qurub” deyən və bununla da müstəqillik ideyası uğrunda canından, ailəsindən, hətta vətənindən məhrum olan TARİXİ ŞƏXSİYYƏTLƏRİ TƏHQİR EDƏN deputat mandatı daşıyan BİRİ hansı NÜFUZDAN danışa bilər?

 

 Rusiya mətbuatına “biz türk deyilik, türklər tamam ayrı millətdir” deyə müsahibə verən, TÜRKÇÜLÜYƏ QARŞI mənfi münasibətini gizlətməyən adamın xalq arasında nüfuzu ola bilərmi? Bu sualları çoxaltmaq da olar…

 

Ancaq ümumilikdə A.Rəhimzadənin hakimiyyətdə getməli olan islahatlara dair anlayışı qüsurludur. Çünki gerçək islahat üzgüçülük, sağlamlıq və s. bu kimi primitiv göstəricilər yox, yeni təfəkkür, proseslərə yeni, MÜASİR BAXIŞ və yanaşma, müstəqil, MƏDDAHLIQDAN UZAQ düşüncə tələb edir. Yəni o şeylər ki, parlamentin indiki tərkibinin böyük hissəsində yoxdur və olmayacaq da…   

 

Eyni fikirləri Hadı Rəcəbliyə də aid etmək olar. Adam bir millət vəkilinin ən başlıca keyfiyyətini fəallıqda görür, deyir ki, yaşının 72 olmasına baxmayaraq aktivdir və məmnuniyyətlə növbəti dəfə seçilməyə hazırdır. Ancaq H.Rəcəblidən soruşan lazımdır ki, kimə lazımdır onun göstərdiyi “aktivlik, fəallıq”?

 

Özü milyonlara sahib ola-ola müəllimləri fəhləliyə dəvət edən, pensiya yaşının artırılmasından tutmuş “uşaq pulunun” təyinatına qədər əksər sosial məsələlərlə bağlı aztəminatlı əhalinin maraqlarına zidd mövqe tutan, insanlarda qıcıq və ikrah yaradan açıqlamalar verən bir “aktivlik” kimə lazımdır axı? Normal, ağlı başında olan vətəndaş belələrinə səs verərmi…?

 

resizer

Bir sözlə, istər Rəhimzadə olsun, istər Rəcəbli, istərsə də bu qəbildən olan digər deputatları birləşdirən ümumi “dəyərlər” göz önündədir. Əgər növbəti parlament seçkisində də istifadə müddəti çoxdan keçən təfəkkür qalib gələcəksə və Milli Məclisdə belə təfəkkür daşıyıcıları, yaxud onların gənc “dublikatları” oturdulacaqsa, onda vay bu islahatların halına… (azpolitika.info)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top