Fərhad Vəliyev: Əmimoğlunun siqaret çəkməsi bağışlanmazdır

İDMAN 26 okt 2019, 14:18

Məlum olduğu kimi, AFFA 19 yaşadək futbolçulardan ibarət milli komandamızın bir neçə futbolçusunu cərimələyib.

 

Həmin futbolçuların yarış zamanı siqaret çəkdikləri məşqçi heyəti tərəfindən müəyyən olunub.

 

Hadisə U-19 komandaları arasında Avropa çempionatının ilkin mərhələsinin Çexiyanın Fridek-Mistek və Opava şəhərində keçirilmiş qrup oyunları (9-15 oktyabr) müddətində  baş verib. Onlar komandanın məskunlaşdığı hotelin tualetində siqaret çəkərkən yaxalanıb. Artıq həmin dörd oyunçunun kimliyi idman mətbuatında açıqlanıb. 

 

Bunlar “Keşlə”nin qapıçısı Əkbər Vəliyev, “Qarabağ”dan Tural Bayramov, “Səbail”dən Ədilxan Qarəhmədov və “Neftçi”dən Turan Vəlizadədir (düzdür, bu futbolçunun atası oğlunun siqaret çəkmədiyini açıqlayıb – S.M.).

 

Təbii ki, bu futbolçular arasında ən maraqlı isim Əkbər Vəliyevdir. Çünki bu futbolçu son anda millinin toplanışına çağırılıb. Belə ki, “Sabah”ın futbolçusu Rüstəm Samiqullin zədəli olduğu üçün Əkbər Vəliyev bu oyunlar üçün yığmaya cəlb olunub. O isə etimadı belə doğruldub.

 

Əkbər Vəliyev həm də vaxtilə millimizin qolkiperi olmuş, hazırda “Səbail” klubunda qapıçılar üzrə məşqçi işləyən Fərhad Vəliyevin əmisi oğludur. Fərhad Vəliyev Oxu.Az-a açıqlamasında əmisi oğlunun bu hərəkətini pisləyib:

 

“Mən də bu barədə məlumatlıyam. Ancaq hələ millidən qayıtdıqdan sonra onun özü ilə danışmaq imkanım olmayıb. İnşallah, Əkbərin özü ilə bu məsələ ilə bağlı ayrıca danışacağam. Əlbəttə ki, bu yaşda siqaret çəkməsi düzgün deyil. Bu, yaxşı qarşılanmır... Yəqin ki, bu məlumat doğrudur ki, mətbuatda çıxıb. 

 

Uşaq hərəkəti edib. Bu, yaxşı hal deyil. Bu hal ona və karyerasına mənfi təsir göstərəcək. Onunla görüşüb ciddi şəkildə danışacağam ki, bir də belə hallara yol verməsin. Klub ona tapşırıb ki, telefonlara cavab verməsin?! Klubun futbolçusunu müdafiə etməsi başadüşüləndir. Amma onu cərimələmək lazımdır ki, bir də belə etməsin. Bu, bağışlanmamalıdır.

 

Çox futbolçu çalışır ki, milli komandaya dəvət alsın. Ona etimad bəslənilibsə, gərək nizam-intizama fikir versin”.

 

Qeyd edək ki, baş məşqçi Samir Əliyevin təqdimatına əsasən, həmin futbolçular AFFA tərəfindən cərimələnib və müqavilə ilə məxsus olduqları klublar bu barədə müvafiq qaydada məlumatlandırılıb.

 

İntizam qaydalarını pozan həmin futbolçuların gələcəkdə milli komandaya dəvət olunub-olunmayacağı barədə qərar baş məşqçi tərəfindən veriləcək. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top