"Azərbaycan dünya birliyində etibarlı tərəfdaş kimi tanınır" – Mehriban Əliyeva (VİDEO+FOTO)

GÜNDƏM 25 okt 2019, 20:30

"Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa edib. Ötən illər ərzində bütün çətinliklərə baxmayaraq, ölkəmiz sürətlə inkişaf edib, müstəqilliyini qoruyub saxlayıb və ictimai-siyasi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıb”.

 

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları ilə görüşü zamanı deyib.

 

Onun sözlərinə görə, Azərbaycan dünya birliyində etibarlı tərəfdaş və məsuliyyətli üzv kimi tanınır:

 

"Əziz xanımlar, baxmayaraq ki, biz müstəqil ölkə kimi gəncik, lakin Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik olan ölkədir. Əsrlərboyu bu məkanda müxtəlif sivilizasiyaların, dinlərin, millətlərin nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayıb. Bu gün də Azərbaycan dövləti və Azərbaycan xalqı bu ənənələri qoruyub saxlayır. Sülh mədəniyyətinin təbliğ, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsinə ölkəmizdə xüsusi diqqətlə yanaşılır.

 

Təsadüfi deyil ki, son illər Azərbaycan bu sahədə tanınmış beynəlxalq platformaya çevrilib. Son illər ölkəmizdə bir sıra möhtəşəm, mötəbər beynəlxalq forumlar, görüşlər, sammitlər keçirilib. Qoşulmama Hərəkatının XVIII Zirvəsinin məhz Azərbaycanda keçirilməsi bunun növbəti sübutudur. Gələn üç il ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək və mən əminəm ki, bu illər ərzində öz fəaliyyətini məhz bu prinsiplər - əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək şəklində həyata keçirəcək”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top