Neytral dövlətlərdən Qarabağ üçün mövqe tələb etmək — Qoşulmayanlardan GÖZLƏNTİ

GÜNDƏM 25 okt 2019, 18:11

“BMT-nin qətnamələrinə məhəl qoyulmursa, Hərəkata qoşulan bir qrup ölkənin iradəsinin nəyisə həll edəcəyinə inanmaq olmaz”

 
Bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb. 60-a yaxın ölkənin dövlət və hökumət başçısının iştirak etdiyi sammitdə, Hərəkata sədrlik 3 il müddətinə Azərbaycana keçib. İlham Əliyev qurumun sədri seçilib.

 

Bununla yanaşı, sammitin yekun bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də nəzərdə tutulub.
 

Zirvə Görüşünü AYNA-ya şərh edən politoloq Nəzakət Məmmədova deyib ki, Qoşulmama Hərəkatı 3-cü yolu seçmiş ölkələrdir: 


““Soyuq müharibə” dövründə kapitalizm və sosializm tərəfdarı olmayan ölkələr bu hərəkatı yaratdı. Baxmayaraq ki, “soyuq müharibə” dövrü başa çatıb, bu hərəkat indi də dünya siyasətində öz mövcudluğunu qoruyub saxlayır”.


“Azərbaycan da bu siyasi bloka dəstək verən ölkələrdən biridir. Aydın məsələdir ki, Azərbaycan NATO-ya üzv olmaq iddiasını ortaya qoysa, Rusiyanın ciddi təzyiqləri ilə qarşılaşacaq. Necə ki, Gürcüstan və Ukrayna bu təzyiqlərin qurbanı olub. Azərbaycan öz xarici siyasətində qeyri-müəyyənlik yaşamamaq üçün Qoşulmama Hərəkatına üz tutdu”, - ekspert bildirib.

 

Image result for Nəzakət Məmmədova
 

Politoloq Azərbaycanın Hərəkata sədrlik etməsini siyasi baxımdan uğur sayır: 


“Hesab edirəm ki, belə bir siyasi hərəkata üzv olmaq və sədrlik etmək ölkənin uğuru baxımından təqdirəlayiqdir. Amma bu, həm də bir prosedur qaydasıdır. Lakin bizim gözləntimiz əsasən odur ki, Hərəkata üzv olan ölkələr Qarabağ və digər beynəlxalq siyasi məsələlərdə Azərbaycana dəstək nümayiş etdirsin. Bu, o zaman bizim üçün həqiqi uğur sayıla bilər. Ancaq sadə prosedur qaydasına uyğun olaraq görüşə yekun vurulacaqsa, uğurdan və nüfuzdan söhbət gedə bilməz”.
 

N.Məmmədova Hərəkatın Qarabağ münaqişəsinə təsirlərindən də danışıb: “Bu hərəkat diplomatik dəstək baxımından Dağlıq Qarabağ münqaişəsinin sülh yolu ilə həllinin normativ hüquqi bazasının təkmilləşdirilməsində bir addımdır. Lakin bu gün BMT-nin qətnamələrinə məhəl qoyulmursa, Hərəkata qoşulan bir qrup ölkənin iradəsinin nəyisə həll edəcəyinə inanmaq olmaz. Nəzərə alsaq ki, ATƏT-in Minsk Qrupunun iki üzvü NATO-ya üzv olan ölkələrdir və onlar bu hərəkata üzv deyil, belə olan halda bu Hərəkatın qəbul etdiyi qərarlar lider ölkələrə necə təsir göstərə bilər? ATƏT-in Minsk Qrupuna üzv olan ölkələr özlərinin qəbul etdiyi qərarlara nəzarət edə bilmirsə, bu Hərəkatın qəbul etdiyi qərarlar onlar üçün heç bir təsirə malik olamayacaq”.
 

“Hərəkata üzv olan ölkələr keçmiş sosialist rejiminin nəzarətində olan ölkələrdir. Hazırda dünya siyasətində əhəmiyyətli təsirə malik olan siyasi bloklar fəaliyyət göstərir. Belə olan halda Qoşulmama Hərəkatının dünya siyasətində böyük rolu ola bilməz. NATO-nun və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmayan ölkə, uzaqbaşı öz mövcudluğunu qorumaq üçün fəaliyyət göstərə bilər”, - deyə müsahibimiz əlavə edib.
 

Hərbi-siyasi icmalçı Ramil Məmmədli də AYNA-ya fikirlərini açıqlayıb. Onun sözlərinə görə, Qoşulmama Hərəkatına üzv ölkələr hər hansı siyasi birliklərə qoşulmaqdan imtina edib.
 

“İkinci Dünya Müharibəsindən sonra dünyada siyasi baxışlar dəyişdi və sülh şüarları artmağa başladı. Lakin ABŞ və SSRİ ayrı-ayrılıqda öz müttəfiqləri ilə bloklaşmağa üstünlük verdi. Bir ölkə NATO, digər ölkə isə Varşava Müqaviləsi adı altında dünyanı iki qütbə bölməyə çalışdı. Hətta buna nail oldular və bununla da “soyuq müharibə”nin təməlini atdılar. Belə olan təqdirdə isə hərbi-siyasi birliklərdən imtina edən ölkələr Qoşulmama Hərəkatının yaradılması təşəbbüsü ilə çıxş etməyə başladı. İllər keçdikcə bu Hərəkatın sıraları genişləndi və Azərbaycan da 2000-ci illərin əvvələrində bu hərəkata qoşuldu”, - deyə şərhçi vurğulayıb.

 

Related image


Azərbaycanın quruma sədrlik etməsinə gəlincə, politoloq bunu mühüm hadisə hesab edir: “Azərbaycan işğala mərzu qalmış bir ölkədir. Bu Hərəkatda təmsil olunan ölkələr, həm də beynəlxalq qurumların üzvüdür. Azərbaycanın mövqeyinin dəstəklənməsi kimi vacib proseslərdə bizim yanımızda ola bilərlər. Hətta, bəzi məqamlarda bu hallar baş verib”.

 
O, hesab edir ki, bu cür addımlar bizim diplomatik uğurumuzdur və döyüş meydanında da Azərbaycana üstünlük verəcək: “Hesab edirəm bu tərkibdə olan ölkələrin münaqişə ilə bağlı ortaq mövqe nümayiş etdirməsi bizim uğurumuz olar. Xüsusən də hazırki həssas məqamda”.

 
“Xarici İşlər nazirinin müavini Ramiz Həsənov bir neçə gün əvvəl demişdi ki, bu toplantıda yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibliyi edən dövlətə təşəkkür və Fələstin üzrə sənəd qəbul olunacaq. İlk üç sənəddə isə Qarabağla bağlı müddəalar da yer alacaq. Hesab edirəm ki, Dağlıq Qarabağla bağlı sənədin müddəalarda yer alması, Azərbaycanın mübarizəsinə dəstək olacaq”, - R.Məmmədli əlavə edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top