"Təyinatlar düzgün aparılıb" - Aydın Mirzəzadə

SİYASƏT 24 okt 2019, 14:50

Təyin edilən şəxslər Prezidentin etimadını doğruldacaq.

 

Son günlər yuxarı hakimiyyət orqanlarında kadr dəyişiklikləri Azərbaycanda gedən islahat prosesinin tərkib hissəsidir.

 

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycanda aparılan kadr islahatlarından danışarkən deyib.

 

O bildirib ki, Azərbaycan öz dövlətçilik inkişafında zaman-zaman daha yüksək mərhələyə qalxır və bir dövrdə dövlətçiliyə, inkişafa öz tövhəsini vermiş insanların yenisi ilə əvəzlənməsinə ehtiyac yaranır:

 

“Yeni simalar yeni enerji, yeni baxışdır. Bir tərəfdən əvvəlkilərin fəaliyyətinə cənab Prezident tərəfindən yüksək qiymət verilir, dövlətə xidmətinə görə təşəkkür edilir, eyni zamanda, gənclərə də yol açılır. Bu, zamanın tələbidir və bütün dünyada tətbiq edilən proqressiv bir yanaşmadır və Azərbaycanda da uğurla tətbiq edilməkdədir. Kadr dəyişikliyinin ancaq son zamanlarda baş verdiyini söyləmək düzgün olmazdı. Diqqət edilsə, görünür ki, hər dövrdə kadrlar əvəzlənir, yeni simalar gəlir. Biz dövlətə bağlı olan, Prezidentin komandasında layiqli yer tutan yeni insanlara rast gəlirik. Son dövrdəkilərin ölkənin həm dövlətçilik, həm də iqtisadi sahədə inkişafında yeni yanaşma tətbiq edən kadrlar olduğunun şahidiyik”.

 

Deputat hesab edir ki, yeni təyinatlar qarşımıza qoyulan vəzifələrin daha yüksək səviyyədə və daha səmərəli həyata keçirilməsində ümidləri doğruldacaq:

 

“Əsas məqam ondan ibarətdir ki, yeni təyin edilənlər Azərbaycan cəmiyyətinə tanış insanlardır. Onlar əvvəlki postlarında öz fəaliyyətləri ilə müsbət nəticə ortaya qoya biliblər. Onların iş metoduna, yanaşmasına, dövlətə, Prezidentə sədaqətinə hər hansı bir şübhə ola bilməz. Bir sözlə, aparılan uğurlu siyasi kurs kadrların yeni vəzifələri ilə bir daha həyata keçirilir. Cənab Prezidentin kadr siyasətində həm gənclərə zaman-zaman yer verilir, eyni zamanda təcrübəli insanların da potensialından maksimum istifadə edilməsinə önəm verilir. Aparılan kadr dəyişiklikləri şübhəsiz ki, Azərbaycanın qarşısında duran problemlərin daha çevik və daha keyfiyyətli həll edilməsinə gətirib çıxaracaqdır. Cənab Prezident nazirləri qəbul edərkən də problemlərdən məlumatlı olduğunu və həmin məsələləri qruplaşdırdığını görürük. Digər tərəfdən isə təyin edilən insanların qarşısına konkret vəzifələr qoyulur. O vəzifələr ki, Azərbaycanın müstəqilliyini möhkəmlətməli, iqtisadiyyatımızı inkişaf etdirməli, insanların sosial vəziyyətinin daha da güclənməsinə xidmət göstərməlii və hər bir Azərbaycan vətəndaşının maraqlarının aparılan siyasətin mərkəzində durmasına kömək edilməlidir. Hesab edirəm ki, təyinatlar düzgün aparılıb və o şəxslər Prezidentin etimadını doğruldacaq”. (AzNews.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top