"Azərbaycan BƏƏ vətəndaşları üçün mühüm turizm məkanlarından birinə çevrilib"

SİYASƏT 23 okt 2019, 22:24

Prezident İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Demokrat.az-ın məlumatına görə, qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın Prezident İlham Əliyevə dərin hörmət və ehtiram bəslədiyini qeyd edib.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf yolu ilə getdiyini deyən qonaq bütün bunlara dövlətimizin başçısının yüksək idarəçilik qabiliyyəti və yorulmaz fəaliyyəti nəticəsində nail olunduğunu diqqətə çatdırıb. O, 120 min nəfər BƏƏ vətəndaşının ölkəmizə turizm məqsədilə səfər etdiyini vurğulayaraq, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üçün mühüm turizm məkanlarından birinə çevrildiyini bildirib.

 

Dövlətimizin başçısı Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dost və tərəfdaş dövlətlər olduğunu qeyd edib. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin ölkənin inkişafı istiqamətində böyük baxışa malik olduğunu, şəhər quruculuğu, infrastruktur və digər meyarlar baxımından BƏƏ-nin nümunəvi inkişafa nail olduğunu deyib.

 

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top