Əli Kərimli və Tofiq Yaqublu işgəncə iddiaları ilə bağlı atacaqları addımları AÇIQLADILAR

GÜNDƏM 22 okt 2019, 18:32

AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Tofiq Yaqublu işgəncə şikayətlərinin araşdırılması üçün prokurorluğa müraciət edəcək.


Demokrat.az xəbər verir ki, bu haqda həm Əli Kərimli özü, həm də həbsdə olan Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.


“Vəkillərimlə danışmışam. 1-2 günə prokurorluğa rəsmi şikayətimi təqdim edəcəm. Şikayətimə bədənimdəki ondan artıq xəsarətin foto və videogörüntüsünü də əlavə edəcəm”, - Əli Kərimlinin sözləridir.


AXCP sədri saxlanılarkən özünün başını avtobusdakı dəmirə çırpması, üstəlik, iki nəfər polis əməkdaşına xəsarət yetirməsi barədə prokurorluğun yaydığı məlumata isə belə münasibət bildirib: 


“19 oktyabr mitinqindən çəkilmiş videogörüntüləri artıq milyonlarla azərbaycanlı izləyib. Artıq nə xalqı, nə dünyanı aldatmaq mümkündür”.


Nigar Həzi “Bizimyol.info”ya bildirib ki, atası saxlanılarkən və ondan sonra polis idarəsində işgəncəyə məruz qalıb. Nəticədə səhhətində çox ciddi problemlər yaranıb. Vəziyyəti elə olub ki, oktyabrın 21-də Tofiq Yaqublunu saxlandığı təcridxanadan xəstəxanaya aparıblar. Amma sonradan geri qaytarıblar.


Tofiq Yaqublu məruz qaldığı işgəncələr barədə oktyabrın 21-də vəkilə danışıb. Vəkil bu gün bununla əlaqədar prokurorluğa şikayət edəcək.


Həmçinin Tofiq Yaqublu haqqında 30 sutkalıq inzibati həbs qərarından apellyasiya məhkəməsinə şikayət veriləcək.


Əli Kərimli, Tofiq Yaqublu və onlarla başqa şəxslər oktyabrın 19-da Milli Şuranın Bakının mərkəzində keçirdiyi icazəsiz aksiyada saxlanılıb. Onlar asayişi qoruyan polis əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunur.


Əli Kərimli həmin gün gecə saat 23.00 radələrində buraxılıb.


Hüquq-mühafizə orqanları onların işgəncəyə məruz qalmaları barədə söylədiklərini təkzib edir, polis əməkdaşlarının saxlanılanların heç birinə məqsədli şəkildə xəsarət yetirmədiyini bildirir.(Bizimyol.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top