"Səfirlərimizə edilən hücumların arxasında xarici xüsusi xidmət orqanları dayana bilər" — Hərbi ekspert diplomatlarımızın MÜDAFİƏSİNƏ QALXDI

GÜNDƏM 22 okt 2019, 15:02

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik missiyalarının qarşılaşdığı ciddi problemlərdən biri də yerli diaspora təşkilatları ilə işləməkdir. Daha dəqiq desək, bəzi diaspora təşkilatlarının real olmayan və bəzən imkanlardan daha çox tələb üzərində qurulan istəkləri ilə bağlıdır. Bəzi diaspora təşkilatları səfirliklərimizin - diplomatik missiyalarımızın beynəlxalq qanunlarla tənzimlənən fəaliyyət imkanlarına, daha dəqiqi iş arealına məhəl qoymadan səfirlərimizə qarşı tələblər irəli sürürlər. Bir çox hallarda isə məlum səbəblərdən bu tələblər icra oluna bilmir, nəticədə isə diasporaya rəhbərlik edən şəxslərdə Azərbaycan diplomatlarına - səfirlərinə qarşı kin formalaşır. Bu kin həmin ölkənin sərhədlərini aşaraq vətənə - Azərbaycana da çata bilir. Yəni, diaspora rəhbəri ilə səfir arasındakı "iks" ölkədəki nifaq Bakıdakı mətbuat orqanlarının səhifələrində yer alır. 


Diaspora rəhbəri və ya buna iddialı şəxs Azərbaycandakı əlaqələrini işə salaraq yerli mediaya çıxış əldə edir və bununla da səfirə qarşı kompaniyaya rəvac verilir. Belə vəziyyətdə həm səfir, həm də Azərbaycanın diplomatik nümayəndəliyi problemlərlə qarşılaşmalı olur. Real vəziyyəti anlatmaq imkanı olmayan (Buna bəzi hallarda Azərbaycan qanunları icazə vermir) səfir mətbuatda və sosial şəbəkələrdə qınaq obyektinə çevrilir. Diplomatik missiyalarda çalışanlar bilir ki, səfirin özünümüdafiə imkanları da qeyd etdiyim kimi çox məhduddur. 

 

Related image


Keçək məsələnin digər tərəfinə...Perspektivli diplomatların ələ alınması, onların nüfuzdan salınması xarici kəşfiyyat orqanlarının fəaliyyət istiqamətinə daxil olan işlərdən biridir. Bu işdə milliyyətcə azərbaycanlı olan və həmin xarici ölkələrdə yaşayan diaspora nümayəndələrindən, bu tipli təşkilatların bəzilərinin rəhbərlərindən istifadə edilir. Bu inkar edilməz məsələlərdir və belə praktikalar artıq mövcuddur. Yəni səfirlərə edilən açıq hücumlar (media və sosial şəbəkələr vasitəsilə) və onların nüfuzlarının aşağı salınmasına yönələn işlərin arxasında həmin ölkələrin xüsusi xidmət orqanlarının durmadığına kim qarant verə bilər?! Axı, səfir və səfirlik həm də mənsub olduğun ölkə - böyük ailə deməkdir. 


Ailənin daxilində olan məsələlərin kənara çıxarılmasında maraqlı qüvvə kim ola bilər? Bu işi görənin ya xisləti normal deyil, ya da həmin ölkənin maraqlarına xidmət etməyən Azərbaycan səfirinin cəzalandırılmasını istəyən xüsusi xidmət orqanları. 


Fikrimcə, Azərbaycan dövləti və aidiyyatı qurumlar ölkə mətbuatına yol açan bu tipli anti-səfir kampaniyalarının qarşısını almalıdır. Unutmamalıyıq ki, indi daha "özümüz deyib, özümüz eşitmirik". Artıq bizi internetin imkanlarından istifadə etməklə hər bir məkandan izləmək mümkündür. Gəlin dövlətin maraqlarını bütün meyarları ilə qoruyaq.


Ramil Məmmədli

Hərbi-siyasi icmalçı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top