Azərbaycanın yaşı 70-dən çox olan yüksək vəzifəli məmurları - SİYAHI

MARAQLI 22 okt 2019, 15:26

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab edir. Dövlət başçısı dünən yaşı 70-dən çox olan Azərbaycan Baş nazirinin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu vəzifəsindən azad edib. Hər iki vəzifəli şəxs ölkənin Baş nazirinin müavini vəzifəsindən azad edilməsi üçün ərizə ilə müraciət etmişdi.

 

H.Abutalıbovla görüşdə prezident deyib: “Ancaq həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır.

 

Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər.

 

Hər halda mən buna ümid edirəm. Siz Yeni Azərbaycan Partiyasında da fəal iş görürsünüz. Hesab edirəm ki, bundan sonra da partiya tərkibində siz öz fəaliyyətinizi davam etdirməlisiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram və gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm”.

 

Bu gün hökumətdə və digər dövlət strukturlarında işləyən və yaşı 70-dən çox olan məmurlar var.

 

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 81 yaşı var. İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova da 81 yaşındadır. 

 

Prezident Administrasiyasının işlər müdiri Oqtay Şahbazovun 78 yaşı, Baş nazirin birinci müavini Yaqub Eyyubovun 73 yaşı var. 

 

Azərbaycan Dövlət Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə 72 yaşındadır. Azərbaycan Təhlükəsizlik Şurasının rəhbəri Ramil Usubovun 71 yaşı var. 

 

Milli Olimpiya Komitəsinin Baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev 82 yaşındadır. 

 

70 yaşdan yuxarı şəxslər Azərbaycan Milli Məclisində də təmsil olunurlar. Bunlar vitse-spiker Valeh Ələsgərov (73 yaş), deputatlar Yevda Abramov (71 yaş), Ziyad Ələsgərov (79 yaş), Eldar İbrahimov (74 yaş), Əhliman Əmiraslanov (72 yaş), Arif Rəhimzadə (78 yaş), İsa Həbibbəyli (70 yaş), Zeynəb Xanlarova (83 yaş) və Hadı Rəcəblidir (72 yaş).

 

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadənin isə 85 yaşı var. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top