Kiyevdə ciu-citsu üzrə mundialda iştirak edən idmançılarımızla görüş keçirildi – FOTO

İDMAN 21 okt 2019, 23:52

"Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşıb, idmanın maddi-texniki bazasının yaradılması üçün genişmiqyaslı tədbirlər həyata keçirib. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

 

Bu fikri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Kiyevdə kombat ciu-citsu üzrə gənclər və yaşlılar arasında dünya çempionatında iştirak edən idmançılarımızla görüşdə deyib.

 

Beynəlxalq yarışda uğurlu nəticələr qazandıqlarına görə idmançıları təbrik edən səfir Azərbaycanda gənclər və idman sahələrinə göstərilən diqqətin digər ölkələrə örnək olduğunu bildirərək deyib: “Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı geri qayıdaraq respublikamızı uğurla təmsil edir, üçrəngli bayrağımızı göylərə qaldırır. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər”.

 

Yığmaya rəhbərlik edən Əməkdar məşqçi Rəsul Məmmədov qeyd edib ki, uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, atletlərimiz isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmır. Məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilir.

 

Qeyd edək ki, 20 ölkədən 345 idmançının iştirak etdiyi çempionatda yarışlar üç güləş, tamkontaktlı döyüş və özünümüdafiə üzrə keçirilib. Güləş yarışlarında 16-17 yaşlı idmançılar arasında Fidan Yusifova (60 kq) və Yasər Əhədli (60 kq) qızıl medallar qazanıblar. Tamkontaktlı döyüş üzrə Yasər Əhədli gümüş, Zaur Məmmədov isə bürünc medalla kifayətlənməli olub.

 

Yaşlılar arasında isə Vüqar Cəfərov (77 kq) hər iki kateqoriyada, Ramin Kazımov (92 kq) güləş yarışında bürünc medallar qazanıblar.

 

Ümumilikdə 7 medal qazanan Azərbaycan yığması komanda hesabında üçüncü yeri tutub və dünya çempionatının kuboku ilə təltif edilib. (AZƏRTAC )

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top