AFFA iki oyunçunu futboldan uzaqlaşdırdı

İDMAN 21 okt 2019, 20:19

AFFA-nın “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində I divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.

 

Demokrat.az xəbər verir ki, I divizionda çıxış edən “Ağsu” Futbol Klubunun bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin, UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzəliyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. 

 

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

 

Qeyd edək ki, AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək.

 

Onu da bildirək ki, “Ağsu” komandası yeddi turdan sonra dörd xalla 13 komanda arasında XII yerdə qərarlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top