"Sovet respublikaları içərisində ən çətin müstəqillik Azərbaycana nəsib olub" – Siyavuş Novruzov

GÜNDƏM 18 okt 2019, 23:35

Bu gün Azərbaycanın müstəqilliyinin 28-ci ildönümüdür.

 

Bu tarixi günlə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov Azərbaycan xalqını təbrik edib, ölkəmizin müstəqillik tarixinə qısaca nəzər salıb:

 

“Mən ilk növbədə müstəqilliyimizin bərpası, onun 28-ci ildönümü münsibəti ilə başda prezidentimiz olmaqla bütün xalqımızı təbrik edirik. Müstəqil dövlət olmaq çox böyük şərəfdir. Dünyada 3 mindən artıq xalq var. Lakin onların cəmi 200-nün dövləti var və 200 dövlətin bir çoxu 1990-cı ildən sonra yaranıb. 15 respublika SSRİ-nin, 8 respublika isə Yuqoslaviyanın dağılmasından sonra yarandı 2 dövlət isə Çexoslavakiyanın dağılmasından sonra meydana gəldi.

Dünyanın bəzi qitlərində də yeni dövlətlər meydana gəldi. Nəticə etibari ilə bu gün dünyada 200-ə qədər dövlət mövcuddur. Bu müstəqil dövlətlərin biri də Azərbaycandır.

 

Azərbaycan dövlətinin müstəqilliyinin bərpası olduqca çətin keçən bir proses oldu. 15 müttəfiq respublika arasında ən çətin müstəqillik Azərbaycana nəsib oldu. Bir tərəfdən ermənilərin Azərbaycanın ərazisinə hücumları, digər tərədən isə səriştəsiz rəhbərlərin fəaliyyəti vəziyyəti mürəkkəbləşdirdi. Həmin dövrdə Azərbaycanda fəaliyyət göstərən rəhbər şəxslər nə müstəqilliyimizin qorunmasında, nə ordunun formalaşmasında maraqlı deyildilər. Onlar yalnız Moskvanın göstərişi ilə işləməyi üstün tuturdular. Bu yanaşma Azərbaycana acınacaqlı bir müstəqillik nəsib etdi. Hətta 90-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyinin əldən getmə ehtimalı var idi. Həm separatizm, həm vətəndaş qarşıdurması, həm ictimai-siyasi sabitliyin mövcud olmaması, həm büdcənin boş olması, həm dövlət strukturlarının qarşılıqlı fəaliyyətinin yoxluğu, həm idarəetmədəki naşılıq Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsini yaratmışdı. Məhz belə bir vaxtda xalqın təkidli tələbi ilə ümummilli lider yenidən hakimiyyətə qayıtdı. Məhz Heydər Əliyev Azərbyacanın müstəqilliyini qoryub saxladı, bu müstəqilliyi möhkəmləndirdi. Azərbaycanda vətəndaş müharibəsinin, separatizmin qarşısını aldı. Qanunsuz silahlı birləşmələri tərksilah elədi. Hansı ki, həmin vaxt Azərbaycanda hərbi müxalifət mövcud idi. Azərbaycanda bir neçə aydan bir dövlət çevrilişi cəhdi reallaşırdı.

 

Bu yaxınlarda Azərbaycanda fəaliyyət göstərən baş nazirlərin sayı ilə bağlı bir yazıya rast gəldim. 1991-1993-cü ilə qədər Azərbaycanda 6-7 baş nazir fəaliyyət göstərib. Hansı ki, onların bəzisi cəmi 2-3 ay fəaliyyət göstərib. Baş nazirlərin sürətli dəyişməsi isə ölkə iqtisadiyyatına, habelə digər sahələrə mənfi təsir göstərib.

 

“Əsrin müqaviləsi”nin imzalanması, ümummilli liderin həyata keçirdiyi digər islahatlar sayəsində Azərbaycan sürətlə inkişaf etməyə başladı. Bu gün də prezidentimiz respublikamızı çox uğurla irəli aparır, Azərbaycan xalqının maraqları ciddi şəkildə qorunur. Bu gün Azərbaycan dünyanın ən aparıcı dövlətlərindən birinə çevrilib. Bu isə Heydər Əliyev siyasətinin, prezidentimizin apardığı siyasətin nəticəsidir. Bu, həm də Heydər Əliyev Fondunun, onun rəhbərinin, I vitse-prezidentimiz Mehriban xanım tərəfindən həyata keçirilən sosial-iqtisadi, siyasi və mədəni tədbirlərin nəticəsidir. Mehriban xanımın həyata keçirdiyi tədbirlər Azərbaycanı, onun mədəniyyətini bütün dünyaya tanıtdı. Azərbaycanda sosial durumun yaxşılaşdırılması təmin edildi. Prezidentimizin apardığı siyasi xəttə çox böyük dəstək oldu. Bütün bu addımlar isə nəticə etibari ilə ölkəmizin müstəqilliyinin möhkəmlənməsini şərtləndirdi, Azərbaycanın daha dinamik inkişafını təmin etdi”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top