“Azərbaycan” qəzetinin 30 illik yubileyinə Baş redaktoru qatılmadı — FOTOLAR

HADİSƏ 16 okt 2019, 15:12

Bu gün “Azərbaycan” qəzetinin yaranmasının 30 illik yubileyi qeyd olunub.


Demokrat.az xəbər verir ki, tədbiri Xalq şairi, 1989-cu ilin oktyabrın 6-da nəşrə başlayan “Azərbaycan” qəzetinin ilk baş redaktoru Sabir Rüstəmxanlı giriş sözü ilə açıb.


“Azərbaycan” qəzetinin yaranma tarixinə nəzər salan Sabir Rüstəmxanlı 145 yaşlı Azərbaycan mətbuatında “Azərbaycan” qəzetinin çox əhəmiyyətli bir yerə malik olduğunu vurğulayıb:


“2020-ci ildə Azərbaycan mətbuatının yaranmasının 145-ci ildönümü qeyd olunacaq. Bu, o qədər uzun tarix olmasa da, mətbuatımız geridə qalan müddət ərzində çox böyük inkişaf yolu keçib.

 

Ziyalılar “Azərbaycan”ın 30 illik işığına yığışdı -  Möhtəşəm tədbir - FOTOLAR


Mən Azərbaycan mətbuatını dörd mərhələyə bölərdim. Birinci mərhələ “Əkinçi” qəzeti ilə bağlıdır ki, bu dövrdə Həsən bəy Zərdabi milli mətbuatın yolunu müəyyənləşdirib. İkinci mərhələ “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının çıxdığı mərhələdir. Üçüncü mərhələ 1918-ci ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə nəşr olunan “Azərbaycan” qəzeti dövrü idi.


Qəzet əvvəl Gəncədə fəaliyyətə başladı, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakıya keçiriləndən sonra qəzetin redaksiyası da Bakıya yerləşdi. AXC süquta uğrayanda qəzet də bağlandı. Bundan sonra “Azərbaycan” qəzeti öz nəşrini Cənubi Azərbaycanda davam etdirdi. Dördüncü mərhələ isə “Azərbaycan” qəzetinin nəşrinin bərpa edildiyi dövrdür”.


Daha sonra qəzetin yenidən bərpa olunmasından bəhs edən Sabir Rüstəmxanlı çox böyük çətinliklərə baxmayaraq, qəzetin tirajını qısa müddət ərzində 100 min nüsxədən 500 minə çatmasına nail olduqlarını diqqətə çatdırıb: 


“Biz o dövrdə İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov və başqalarının dəstəyi ilə Qarabağa Xalq Yardımı Komitəsini yaratdıq. Mən də Komitənin orqanı kimi nəşrə başlayan “Azərbaycan” qəzetinin baş redaktoru oldum. Qəzetin ilk nömrəsi oktyabrın 5-dən 6-a keçən gecə çıxdı və bütün ölkədə böyük marağa səbəb oldu. O zaman mənimlə çiyin-çiyinə çalışan imzalar var idi ki, bu gün onların əksəriyyəti bu tədbirdə iştirak edir, hər biri yüksək nüfuza malik ziyalılarımızdır. Onlardan Elmira Axundova, Firudin bəy, Şərif Kərimli, Rüstəm Behrudi, Fikrət İbrahimli Əli Nasiri xüsusi qeyd etmək istəyirəm".

 

Related image


“Azərbaycan” qəzetinin işıq üzü gördüyü zamanlardan bəhs edən Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan” qəzetində əməyi keçən ziyalılara mükafatlarını təqdim edib.


Qeyd edək ki, tədbirdə millət vəkilləri, ictimai-siyasi xadimlər, mətbuat orqanlarının rəhbərləri iştirak etsə də, ancaq "Azərbaycan" qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqov olmayıb. 

 

 
 
 
 
 
 
 
 


Demokrat.az
Zaur Hacılı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top