Biz danışmasaq yaxşıdır...

MARAQLI 13 okt 2019, 16:58

Günay Malikqızı yazır...

Bəlkə də adamlar boşanmaq istəyəndə, ya da boşanan qadın, kişi haqqında danışmasaq, sussaq, daha yaxşı olar. Özümüzə aid olan olmayan mövzuda o qədər danışırıq ki... Danışdıqlarımızın kimə necə təsir edəcəyini düşünmədən “vallah özüm bilmirəm, mən filankəsin yalançısıyam” deyib guya yaxşılıq etmək məqsədilə o qədər evlər yıxmışıq ki, danışmağımızla.

 

Elə mövzular var ki, orda susmaq lazımdır. Məsələn, qadının namusunu ümumi müzakirəyə qoymamaq. Bilib-bilmədən “gəzdiklərinin” siyahısını çıxartmasaq nə olar? Ya da kişilər səhər bir dəfə salam verdikləri qadın haqqında axşam rəvayətlər danışmasa, susa bilsə? Razıyam #leylaüçünsusmayaq amma, o Leylalar çox vaxt əsassız dedi-qodunun mənasız söz-söhbətin qurbanı olurlar.

 

“Qızını döyməyən dizini döyər” ya da “ Ər vuran yerdə gül bitər” deyib, qızları döyülməyə, oğlanları isə döyməyə hazırlayanlar biz deyilik? Bu gün SUSMA deyirik... Vallah bu misalları çəkməkdənsə bəlkə susaq?

 

Bir də, şiddət ancaq, fiziki olmur. Bəs mənəvi təzyiq? Axı qızlarımız, qadınlarımız mənəvi təzyiqdən əziyyət çəkirlər. Özü də böyük əksəriyyəti... Kifayət qədər güclü, iqtisadi cəhətdən azad qadınlar da demək olar ki, hər gün mənəvi təzyiqə məruz qalırlar. Ərə getmirsən, problem, gedirsən, başqa problem. Avtomobil sürürsən, sürmürsən, işləyirsən, işləmirsən, təhsil alırsan, almırsan, qısası, yaşayırsansa, qadınsansa, elədiklərin və ya eləmədiklərin üçün cavab verməyə, hesab sorulacağına hazır olmalısan.

 

Şiddət cəmiyyəti cinsiyyətə görə olur və olmazlara bölməkdir. Ümumiləşdirək. İnsana qarşı şiddət, yolverilməzdir. Xəyanətin də cinsiyyəti yoxdur. İnsan sevdiklərinə xəyanət etməz.

 

Fərq etməz, uşaqların gözü qarşısında ata-ana öldürməzlər. Arvadını öldürən kişilər yetişdirən isə tək valideynlər olmur. Təhsil, tərbiyə, danışdıqlarımız, susmağımız...

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top