Eks-nazir 27 il əvvəlki SİRLƏRİ AÇDI: Elçibəy və Pənah Hüseyn o sözü ilk dəfə məndən eşidib

MÜSAHİBƏ 10 okt 2019, 18:26

Sabiq Təhsil naziri, professor Firudin Cəlilovun eks-prezident Əbülfəz Elçibəy haqqında fikirləri, eləcə də test sisteminin tətbiqini öz təşəbbüsü kimi təqdim etməsi mübahisələrə səbəb olub. Sabiq baş nazir Pənah Hüseyn və Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Firudin Cəlilovun dünyasını dəyişən insanlar haqa danışmasının etikadan kənar olduğunu bildirib, onu həqiqətləri təhrif etməkdə günahlandırıblar.

 

Firudin Cəlilov Teleqraf.com-a müsahibəsində Pənah Hüseyn və Oqtay Qasımovun iddia və arqumentlərinə cavab verib.

 

Demokrat.az Publika.az-a istinadən həmin müsahibəni təqdim edir:

 

- Firudin müəllim, test üsulunun ölkəmizə sizin tərəfinizdən gətirilməsini özündə ehtiva edən müsahibəniz qalmaqal yaradıb. AXC hakimiyyəti dövründə baş nazir vəzifəsini tutan Pənah Hüseyn bir sıra fikirlərinizə etiraz edib. Hazırda bununla bağlı sosial şəbəkədə ciddi müzakirə gedir. Prosesi izləyirsinizmi və sizə qarşı deyilənlərə münasibətiniz necədir?

 

- Bəli, Pənah Hüseyn Feysbukda fikirlərini yazıb. Guya mən haradasa rəhmətlik Vurğun Əyyubu aşağılamışam, onun haqqına girmişəm. Belə bir şey yoxdur və ola da bilməz. Mən, Vurğunu dəstəkləmişəm. Niyə? Bunun da səbəbi var. Testi mən gətirdim, ilk dönəmdə rəhmətlik Elçibəy narahat idi və razılıq vermirdi. Mən 2 min tələbəni testdən keçirib Türkiyəyə göndərdim. İlk test belə oldu. Sonra Elçibəy gördü ki, bu yaxşı metoddur və əhali arasında müsbət qarşılanır. Odur ki, buna razılıq verdi. Sonra Tələbə Qəbulu Komissiyası quruldu, Elçibəy də dedi ki, bura kimin təyin edilməsini təklif edirsiniz. Mən də Vurğun Əyyubun namizədliyini irəli sürdüm. Əvvəl buna etiraz etdi. Mən də bildirdim ki, Vurğundan savayı heç kimin ora qoyulmasını istəmirəm, çünki test üsulu elədir ki, ora sözündə düz, əli-ayağı təmiz adam lazımdır. Bir həftədən sonra yenə dedim ki, Vurğunun namizədliyinin üzərində dayanıram və təkid edirəm. Sonradan Elçibəy buna etiraz etmədi. Məsələ bu şəkildə oldu. Yəni açığını desəm, Vurğun Əyyubu zorla bu vəzifəyə qoydurdum. Pənah Hüseyn bu söhbətlərin içində olub, amma indi boynundan atır. Vurğun bəyi bu vəzifəyə təyin etdilər, amma ilkin dövrdə Vurğun bəyin özü qəbul etmədi, dedi istəmirəm. Vurğun bəy 10 gün işə gəlmədi, mənim otağım bir növ Tələbə Qəbulu Komissiyasına çevrilmişdi. Türkiyədən mütəxəssilər dəvət etmişdim, Kamran İmanovu prosesə cəlb etmişdim. Nəhayət, Vurğun Əyyubu razı saldıq. Ona yer təşkil etdik və işə başladı. Bu andan sonra mənim testlə bağlı fəaliyyətim olmayıb və hər zaman da demişəm ki, Vurğun Əyyub test üsulunun tətbiqini ləyaqət və şərəflə yerinə yetirib. Mənim Vurğun bəy haqqında dilimdən çıxan budur. Pənah Hüseyn və digərlərinin meydana çıxıb gündəmi dəyişmək istəyinə səbəb olan son müsahibəmdə də demişəm ki, testi mən gətirmişəm, Vurğun Əyyub da şərəflə həyata keçirib.

 

- Uzun illər Əbülfəz bəyin köməkçisi olan Oqtay Qasımov açıq bəyan edir ki, testin ideya müəllifi Əbülfəz Elçibəydir. Bu fikrə iradınız varmı?

 

- Onlar deyir, amma mən çox şeyi deyə bilmirəm. Çünki rəhmətə gedib. Sizə açıq deyim, mən ABŞ-da səfərdə idim, Bakıya qayıtdım ki, prezident seçkisi başa çatıb və Elçibəy prezident seçilib. Yəni inaqurasiya olmayıb. Getdim Prezident Aparatına, gördüm prezident Pənah Hüseynin otağındadır. Görüşdük, onu təbrik etdim. Həmin vaxt Pənah Hüseynin otağında İsa Qəmbər, Arif Hacılı, Vahid Əhmədov, Sülhəddin Əkbər və İxtiyar Şirin var idi. Dedim ki, Bəy qəbul imtahanlarını dayandırmışam, istəyirik test üslunu tətbiq edək. Amma bu mənim səlahiyyətimdən yuxarıdadır, imtahan sistemində dəyişikliklər üçün prezident qərar verməlidir. Əlavə etdim ki, bununla bağlı mövqeyinizi bilmək istəyirəm, çünki imtahanlar dayanıb, insanlarımız da narahatdır. Əbülfəz bəyin üzünün ifadəsi dəyişdi, bildirdi ki, bunu ona yox, baş nazirə məruzə edim. Otaqdakıların bəziləri mənim xasiyyətimi bilirdi. İsa Qəmbər Elçibəylə birgə yuxarı otağa getdi. Mən də onların arxasınca getdim və kabinetdə ona sözümü deyib çıxdım. Ondan sonra Prezident Aparatına 2-3 ay ayaq basmadım. Vəziyyət bu cür oldu.

 

- Oqtay Qasımov deyir ki, sizin “2 min nəfəri testdən keçirib Türkiyəyə göndərdim” fikriniz yanlışdır. Çünki o zaman ayrıca test imtahanı olmayıb, vahid test imtahanı keçirilib...

 

- Test imtahanın müxtəlif növ və formaları var. Mən də bunu özbaşına eləməmişdim. Türkiyədə mütəxəssislər dəvət etdik, testin suallarını hazırladılar. Bu uşaqlar da testlə imtahandan keçdilər. Bizim avadanlıqlarımız yox idi ki, cavabları oxusunlar. Ona görə məxsusi olaraq Türkiyədən mütəxəssislər dəvət etmişdik.

 

- Amma ayrıca test imtahanı keçirilməyib?

 

- Qardaşım, mən 2 min nəfəri test imtahanından sonra Türkiyəyə göndərdim. Respublika ali təhsil müəssisələrinə test imtahanını Vurğun bəy keçirdi. Hətta səhv etmirəmsə, respublika üzrə imtahanlar gecikdi və noyabr ayında baş tutdu. Yəni bunlar ayrı-ayrı məsələlərdir. Hələ bundan bir il əvvəl AXC xətti ilə 50 nəfər Türkiyəyə göndərilmişdi. Bu 50 nəfər seçilən tələbəyə Vurğun rəhbərlik etmişdi. O zaman Elçibəy mənə dedi ki, sən də bu işə köməklik elə. Mən AXC-nin üzvü deyildim. Amma gəlib proseslə maraqlandım, lakin işə qarışmadım.

 

AXC hakimiyyətə gəldikdən sonra isə həmin 50 tələbəni Türkiyədə oxutmağa boyun olan dərnək bundan imtina etdi, dedi, daha tələbələrin pullarını vermirəm, özünüz hakimiyyətə gəlmisiniz, tələbələrin maliyyə məsələsini özünüz həll edin. Sonra Prezident Elçibəy məndən xahiş etdi ki, bu problemi həll edim. Mən də dedim ki, ora Bakı deyil ki, zəng edib sözümü deyim. Türkiyədə qayda-qanun var, bu uşaqları ora kim aparıbsa, oxutmalıdır. Əgər dərnək bundan imtina edirsə, xərcini Azərbaycan hökuməti çəkməlidir. Prezident dedi ki, sən bunu edə bilərsən. Dedim zəng elə Türkiyə prezidentinə, bu haqda onunla danış. O da qayıtdı ki, elə bilirsən, zəng etməmişəm. Nəyisə buproblemi də mən həll elədim. Çünki o zaman Türkiyənin təhsil naziri ilə dost münasibətlərim var idi.

 

- Pənah Hüseyn və Oqtay Qasımov bildirirlər ki, test üsulunun Azərbaycana gətirilməsi 1992-ci ilin prezident seçkilərində Əbülfəz Elçibəyin seçki platformasında olub. Sizcə, bu ciddi arqument deyilmi?

 

- Onlar ilk dəfə test sözünü məndən eşidiblər. Əgər məndən əvvəl bunların sənəd və proqramlarında test sözü, ifadəsi olubsa, buyurub ortaya çıxarsınlar.

 

İkincisi, Elçibəylə test məsələsinə görə birinci mübahisəmiz Pənahın otağında baş verib. İkinci mübahisə də olub. Noyabr ayında Vurğun Əyyub imtahanları başa çatdıran ərəfədə AXC-nin qurultayı oldu. Sonradan eşitdim ki, prezident orada bizi tənqid edib. Guya deyib ki, Təhsil Nazirliyi görüm-baxımla işləyir, test imtahanları 50 faiz özünü doğruldub. Yəni, təkcə məni yox, Vurğun Əyyubu da tənqid edib. Mən də parlamentə gəldim və camaatın gözü qarşısında bildirdim ki, prezidenti dəvət edin, ondan hesabat tələb edəcəyəm. O zaman jurnalistlər mənə yaxınlaşdır və dediklərim “Millət” qəzetində çap olundu. Açıq dedim ki, prezident gördüyümüz işin qədrini və dəyərini bilmir. Vurğun Əyyub əziyyətlə testi başa çatıdırıb, bunlar da deyir ki, imtahan 50 faiz civarında özünü doğruldub. Yəni orada da tək özümü deyil, həm də Vurğun Əyyubu müdafiə etdim.

 

- Belə iddialar səsləndirilir ki, Elçibəylə Firudin Cəlilovun münasibətlərindəki soyuqluq və bəzi nöqsanlar səbəbindəm Təhsil Nazirliyi iki yerə ayrılıb və bunun bir hissəsinə Tofiq Hacıyev rəhbərlik edib. Bu iddiaya cavabınız nədir?

 

- Bu fikirdə müəyyən qədər həqiqət var. Mən baş nazirin müavini idim. Mənə demədən prezidentin əmri ilə təhsil naziri təyin olundum. Gedib nazirlikdə işləri qurdum, sistemi yaratdım. İşimizi qurduqdan sonra daha keyfiyyətli fəaliyyətə başlayan an götürüb nazirliyi iki yerə böldülər. Beləcə gördüyüm işlər iflic oldu. İkiyə böldükləri nazirliyin birinə mən, digərinə də Tofiq rəhbərlik etdi. İki aydan sonra da hökumət dəyişdi. Demək istəyirəm ki, nazirliyi ikiyə bölməklə bundan mənim əleyhinə istifadə etməyə çalışdılar.

 

- Doğurdanmı, sizinlə Elçibəyin münasibətlərində Latın əlifbasına keçidlə əlaqədar soyuqluq yaranıb? İddia olunur ki, siz əvvəlcə gələcək üçün nəzərdə tutulan vahid türk əlifbası məsələsində Elçibəylə həmrəy olduğunuzu demisiniz, sonra məsələni İsmayıl Şıxlıya çatdıraraq onun qəbuluna maneə olmusunuz?

 

- Bir iddia da budur ki, əlifba əhvalatından sonra guya Bəy məni görmək istəmirmiş. Bildirim ki, bu hadisə Elçibəy prezident olandan xeyli sonra olmuşdu. O, Türkiyə əlifbasını istəyirdi, mən Ortaq Türk əlifbasını. AXC hakimiyətinin uğurları sırasında əlifba islahatı da sadalanır. Mən də deyirəm, AXC hakimiyətə gəlməmişdən öncə, Mütəllibovun vaxtında əlifbanı dəyişdik. Tarix 25 dekabr 1991-ci ildir. Nəzərə alın ki, mən həmin vaxt bu komissiyanın sədri olmuşam. Bunun Əbülfəz Elçibəyə aidiyyəti yoxdur.

 

Elçibəy hakimiyyətə gələndən sonra məsələ qaldırdı ki, bəlkə türk əlifbasına keçəcək. Yəni “x”, “ə” hərflərini ataq və s. Bir sözlə, təklif edirdi ki, müasir türk əlifbasına keçəcək. Mən də bunun əlaeyhinə olmuşam. Özü də təkcə mən yox, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə və digər ziyalılar məni dəstəkləyib. Beləcə həmin məsələ gündəmdən çıxıb. Zaman da göstərdi ki, bizim işləyib hazırladığımız əlifba daha doğrusu imiş və ortaq türk əlifbasına ən uyğun gələn variantdır. Qazaxıstan, Qırğızıstan və digər ölkələrin qəbul etdiyi əlifba da bizim əlifbaya daha yaxındır.

 

- Sizə qarşı bir irad da budur ki, nəyə görə Əbülfəz Elçibəy və Vurğun Əyyubun sağlığında deyil, onlar dünyasını dəyişəndən sonra bu mövzuya toxnursunuz...

 

- Əlifba məsələsinə gəldikdə deyim ki, bunun bir səbəbi var. Bu məsələ Elçibəyin sağlığından bu günə qədər vaxtaşırı gündəmə gəlir və mən də bunun izahatını verirəm.

 

İkincisi, Vurğun Əyyubun həm sağlığında, həm də vəfat etdikdən sonra barəsində ancaq müsbət sözlər işlətmişəm, hər hansı mənfi sözüm olmayıb. O adam mənim gətirdiyim ideyanı şərəflə həyata keçirib. Zamanında istəməmişəm ki, bu prosesi ondan başqa bir adam aparsın. Bunu yuxarıda açıqladım.

 

- Sizcə, bir hakimiyyətin yaxşı və pis işləri, uğur və uğursuzluqları həmin iqtidarın başında duran prezidentin adına yazılmırmı?

 

- Bu, belədir. Məsələn, deyirlər ki, 20 yanvar hadisəsi Vəzirovun vaxtında oldu. Amma dərinliyə getsən, bəlkə də bunu onun adına bağlamaq düz deyil. Amma onun vaxtında olub. Əlifba yox, amma test imtahanı Əbülfəz Elçibəyin vaxtında olub. Mən də deyirəm ki, Elçibəyin gördüyü yaxşı işlər çoxdur, rus ordusunu ölkədən çıxardı, mənim sədrliyim ilə hazırlanan “Təhsil haqqında” qanunu qəbul etdi, çoxlu sayda islahatlarıkeçirdi. Dediyim odur ki, elədiyi şeyləri onun adına yazmaq lazımdır, etmədiyi şeyləri niyə adına yazırsınız? Latın əlifbasına keçid Mütəllibovun vaxtında olub. Mütəllibov yeni əlifbaya keçidlə bağlı qanuna qol çəkdikdən 3 saat sonra İranın “beşinci kalon”u Prezident Aparatının qarşısına toplaşıb etiraz etdi. İndi bu tarixi Elçibəyin adına niyə yazaq? Buna axı heç ehtiyac da yoxdur. Sabah bir ağıllısı çıxıb deyəcək ki, bunlar hər şeyi yalan deyirlər.

 

- Siz prezidentin otağının qapısını vurub oradan çıxdığınızı demisiz. Amma bunun mümkün olmadığı deyilir. Bildirilir ki, Elçibəyin qəbul etmədiyi bir nazir onun otağının qapısını necə vurub çıxa bilərdi?

 

- Əvvəla deyim ki, mən Mütəllibovun vaxtında təhsil nazirinin müavini təyin edilmişəm. Gördüyüm işlərə görə baş nazir Rəhim Hüseynov məni özünə müavin apardı. Sonra ara qarışdı, Yaqub Məmmədov bir müddət prezidentin səlahiyyətlərini icra etdi. O dönəmdə mən baş nazirin müavini işləyirdim. Elçibəy hakimiyyətə gəldikdən sonra bir neçə ay bu vəzifədə çalışdım. Sonra məndən xəbərsiz məni təhsil nazirliyinə atdılar. Məni qəbul etməyən prezident məni niyə Təhsil naziri təyin etsin? Mən 3 prezidentlə, iki prezidenti əvəz edən şəxslə işləmişəm. Ayaz Mütəllibovla, Yaqub Məmmədovla, İsa Qəmbərlə, Əbülfəz Elçibəylə və nəhayət, Heydər Əliyevlə. Mən o mətbəxi yaxşı tanıyır və bilirəm. AXC hakimiyyətə gələndə təcrübələri yox idi. Ona görə də işləyə bilmədilər. Əbülfəz Elçibəy də Pənah Hüseynov kimlərin əlindən başını götürüb getdi. Gəncə hadisəsində bir nömrəli rolu da Pənah Hüseyn oynayıb. Onu buna, bunu ona vurdurmaq məsələsi. Bunlar öncədən hazırlanan şeylər idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top