Elzadan Əhəd Əbiyevə sillə kimi cavab "Yekə kişisən! Ayıb deyil?"

SOSİAL 10 okt 2019, 12:25

“Mən əsəb keçirirəm. Mənim dövlətə olan məhəbbətimi, xalqımın məni sevməsini, xidmətimi görürlər deyə, hara gedirəmsə, deyirlər, Elza xanım əməlinizlə sözünüz üst-üstə düşür, siz əsl millət vəkili olmağa dəyərsiniz, özümüzü xoşbəxt sayırıq, bizə dəyərli məsləhətlər verirsiniz, biz də prezidentimizlə fəxr edirik”.

Bu sözləri əməkdar artist Elza Seyidcahan deyib. Müğənni Daşkəsən rayonunun İcra Hakimiyyətinin başçısı Əhəd Əbiyevlə aralarında yaranmış gərginliklə bağlı açıqlama verib:

 

“Mən o qədər ağılsızam ki, bütün bunların qarşısında deyim ki, yox, mən deputat olmaq istəmirəm? Xalqımız seçərsə, dövlətimiz də mənə etimad göstərərsə, mən də seçilərəm İnşallah. Bu da Allahdan mənə verilən gücdür. Burda nə paxıllıq var ki? O boyda icra başçısısan, oturmusan orda, mənə gah sabun təklif edirsən, gah tülkü, dovşan deyirsən. Ayıb deyilmi belə söz-söhbətlər? Axı düz danışmırsan, ay hörmətli Əhəd Əbiyev. Mən bir azərbaycanlı xanımıyam. Ermənilər də baxıb deyir ki, bir bunlara baxın. Bir icra başçısı gör xalqın sənətkarı haqda nə danışır”.

 

E.Seyidcahan millət vəkili seçilib-seçilməsinə baxmayaraq, yenə də xalqın millət vəkili kimi bir missiyası olduğunu iddia edib: 

 

“Sizin kimi adamlardan qorxun ki, millət vəkili seçilməyəndə nə günlərə qalırsınız. Heç olmasa belə vaxtlarda özünüzə hörmətinizi itirməyin. Mən səni həyatda bir dəfə görməmişəm, üz-üzə gəlməmişik, mənim səninlə nə alışıb-verişim ola bilər ki? Demisən ki, Elzaya salam versəm, gedib əlimi sabunla yuyaram. Niyə? Mən murdaram bəyəm? Nə qədər murdar olsam da, sizin qədər murdar olmaram. 72 faizlik sabun sənə lazımdır ki, əliniz yuyulsun. Sizə cavab verməməli idim ki? İnşallah millət vəkili olaram. Mən xalqıma vətənimə, prezidentimə, övladlarıma, tələbələrimə xidmət etmək istəyirəm. Niyə məni təhqir edirsiniz? Demisiniz ki, Elza Seyidcahanı daş-qalaq edərlər o şeirlərinə görə. Mənim anam 4 qız oxudub, ərə verib, alnıaçıq, üzüağ! Məgər mən üzüqara çıxmışam ki daş-qalaq olunum? Bu nə danışıqdır? Yekə kişisən! Ayıb deyil? Sonra da deyir, mən deməmişəm. Bu söz-söhbətlərə son qoyun!” 

 

Əməkdar artist icra başçısını savadsızlıqda da ittiham edib:


“Sonra da savadsızcasına deyir ki, Elza gəlib mənə yalvarır ki, məni millət vəkili seç. Məgər icra başçısı millət vəkili seçir? Şər atmağına bax”.

 

Xatırladaq ki, Əhəd Əbiyev İctimai Televiziyada (İTV) yayımlanan və aparıcısı robot olan “3D” verilişinə qatılmaqdan imtina edib və bəstəkar-müğənni Elza Seyidcahan tərəfindən ona qarşı səsləndirilən ittihamlar barədə danışıb:

 

“Bir neçə il əvvəl Elza Seyidcahan zəng edib bildirdi ki, mən gəlirəm, Daşkəsəndən deputatlığa namizədliyimi verməyə. Mən isə ona dedim ki, get paltar sabunu ilə üz-gözünü təmizlə, yoxsa camaat səni daş-qalaq edər. Əslində, mən ona sabun təklif etmişəm, o mənə yox! Həmin vaxt bu barədə saytlarda da məlumatlar getmişdi. İndi necə olur ki, E.Seyidcahan o vaxt deyilən sözün indi əksini söyləyir? Məntiqlə də o, deputatlığa namizəd olmaq istədiyi üçün mənə zəng etmişdi. Ümumiyyətlə, Elza Seyidcahana baş qoşmaq lazım deyil. Deyir ki, deputatlığa namizəd olmaq istəyirəm. Lap gəlib namizədliyini versin, görək kim ona səs verəcək. Məgər deputatlıq “İmam ehsanı”dır? Bilirsiz ki, Rövşən Rzayev “Qaçqınkom”a gedəndən sonra Daşkəsəndə həmin dairə boş qalıb. Tək Elza deyil, bir-iki nəfər var ki, deputat olmaq arzusuna düşüblər. Ancaq anlamırlar ki, deputat olmaq üçün xalqın etimadını qazanmaq lazımdır. Yoxsa ki, icra başçısı deputat seçmir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top