
Bu gün Müsavat Partiyasının qərargahında partiya başqanlığına namizədlərin debatı keçirilib. Debatın moderatoru jurnalist İzaolda Ağayeva olub.
Demokrat.az bildirir ki, Musavat.com-un məlumatına görə, öncədən də elan olunduğu kimi, 3 gün sonra keçiriləcək partiya başqanlığına seçkilərlə bağlı təşkil olunan debatda namizədlər – hazırda partiyanın başqanı olan Arif Hacılı, eyni zamanda Tofiq Yaqublu və Yadigar Sadıqlı öncə moderatorun, sonra isə jurnalistlərin suallarını cavablayıb.
Debat başlayan kimi onun şərtləri izah edildi. Belə ki, hər sualın cavablanmasına 2 dəqiqə vaxt verildiyi və debatın iki hissədən ibarət olacağı bildirildi. Debatın ikinci hissəsində isə jurnalistlərin suaları cavablandırılılıb.
Moderatorun ilk “Qarşıdan gələn qurultayın nümayəndələri niyə sizə səs verməlidilər” sualına cavabda partiya başqanı Arif Hacılı öncə bildirdi ki, sözügedən debat Azərbaycan siyasətində bir ilkdir: “Biz çalışırıq ki, Azərbaycanda demokratik ənənələri inkişaf etdirək. Hakimiyyət əlindən gələni edir ki, cəmiyyət seçki ənənəsini itirsin. Biz çalışırıq ki, seçki prosesinin nə qədər vacib olduunu cəmiyyətə təqdim edək. Mən Müsavat Partiyası bərpa mərkəzinin üzvü olmuşam. Həyatımın əsas dövrünü Müsavat Partiyasına həsr etmirşəm. Partiya üzvləri, qurultay nümayəndələri məni yaxşı tanıyırlar. Özüm də qurultay nümayəndələrini yaxşı tanıyıram. Siyasi təcrübəm, Müsavat Partiyasına bağlılığım var. Hədəfim Müsavat Partiyasını hakim partiya etməkdir”.
Tofiq Yaqublu isə bildirdi ki, Müsavat Partiyasının müxalifət düşərgəsində tutduğu mövqe onun potensialına uyğun deyil. “Biz daha irəlidə olmalıyıq” deyən T.Yaqubluya görə, dəyişikliyə səs verilməlidir: “İsa Qəmbər və Arif Hacılı eyni düşüncənin daşıyıcısıdır. Dəyişiklik lazımdır. Müsavat başqanı daha enerjili, daha mübariz olmalı, hakimiyyətin üzərinə getməlidir. Müxalif düşərgədə birliyə nail olmağı bacarmalıdır. Həqiqi birləşməyə nail olmalıdır”.
Yadigar Sadıqlı suala cavabında bildirdi ki, Müsavat Partiyasının son 5 ildəki idarəçiliyi, nəticələri o qədər də ürəkaçan olmadı. Onun sözlərinə görə, Müsavart Partiyası malik olduğu flaqman rolunu itirməkdədir: “Rəhbərliyin yanlış idarəçiliyinə görə Müsavat Partiyası hadisələrin önündə yox, arxasınca gedir. Yetərincə prinsipial, operativ reaksiya verə bilmir. Müsavat Partiyası özünə olan marağı itirib. Başqan dəyişməlidir. Arif bəy həddən artıq ikinci lider rolunu oynadı. Başqan olmağı bacarmadı. Yeni dəyişiklik olmalıdır. Müsavat Partiyasında dəyişillik olmalıdır. Sıradan bir partiya üzvünün başqan olması labüddür. Bununla həm də gənclərdə motivasiya yaratmaq lazımdır”.