Azərbaycanda ən bahalı ixtisaslar: illik 6500 manat

SOSİAL 07 okt 2019, 16:48

Bakıda universitetlərdəki bəzi ixtisasların ödənişi kifayət qədər yüksəkdir. Həmin bahalı ixtisasların qiymətləri ali təhsil müəssəsindən asılı olaraq dəyişir.

 

Maraqlıdır, universitetlərdəki qeyd edilən ən bahalı ixtisaslar hansılardır?

 

Mövzu ilə bağlı paytaxtdakı ali təhsil ocaqları arasında sorğu keçirilib.  

 

Bakı Dövlət Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə İbrahimova: “Universitetdə ən bahalı ixtisas hüquqşunaslıqdır, burada illik olaraq təhsilin ödənişi 4500 manat təşkil edir. Bundan başqa BDU-da ödənişli əsaslarla təhsil alanlar beynəlxalq münasibətlər ixtisası üçün 2900, iqtisadiyyat, menecment, davamlı inkişafın idarə edilməsi ixtisasları üçün 2500, dövlət və ictimai münasibətlər ixtisası üçün isə illik 2800 manat ödəməlidirlər”.

 

Azərbaycan Dillər Universiteti mətbuat xidmətinin əməkdaşı Cavid Zeynallı: “Təhsil fakültəsində ingilis dili müəllimliyi universitetdəki ən bahalı ixtisasdır. Bu ixtisas üçün illik 2500 manat ödənməlidir”.

 

Bakı Slavyan Universiteti mətbuat xidmətinin rəhbəri Mənsum İbrahimov: “Bakalavr dərəcəsi üzrə ən bahalı ixtisas filologiya və xarici dil müəllimliyi fakültəsində ingilis dili müəllimliyidir. Tərcümə fakültəsində isə tərcüməçilik ixtisası  (ingilis dili üzrə) ən çox ödənişi olan ixtisasdır. Hər iki ixtisasın illik ödənişi 2000 manatdır. Magistr dərəcəsi üzrə isə illik ödənişi 1700 manat olmaqla beynəlxalq münasibətlər və diplomatiya  ixtisası birinci yerdə dayanır. Qeyd edək ki, bütün ixtisaslar üzrə artıq uzun müddətdir ki, maddi cəhətdən çətinlik çəkən ailələrə güzəştlər tətbiq olunur".

 

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova:

 

“Ən çox ödəniş müalicə-profilaktika fakultəsindədir - 4500 manat. İxtisas seçimi rezidentura mərhələsində olduğu üçün müddətə görə ödəniş dəyişir”.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyəva:

 

“Universitetdə ən bahalı ixtisas memarlıq-dizayn ixtisasıdır. Bu ixtisasın illik ödənişi 2300 manatdır. Bundan başqa tikinti-iqtisad fakültəsində marketinq, biznesin idarə edilməsi, sənayenin təşkili ixtisaslarının da ödənişi 2300 manatdır. Digər ixtisasların illik ödənişi isə 1800-1900 manat arasında dəyişir”.

 

Paytaxtdakı digər ali təhsil müəssisələrində ödənişi çox olan ixtisasları isə “Abituriyent 2019” jurnalına istinadla təqdim edirik:

 

Azərbaycan Dövlət İdarəçilik Akademiyası: Akademiyada iqtisadiyyat, kompüter elmləri, davamlı biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq münasibətlər, menecment, politologiya, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər ixtisası ən çox ödənişi olan ixtisaslardır. Adıçəkilən bütün ixtisaslar üzrə təhsilhaqqi illik 2500 manatdır.

 

Azərbaycan Diplomatik Akademiyası: Akademiyada ən bahalı ixtisas biznesin idarə olunması ixtisasıdır. Burada illik ödəniş 6500 manatdır.

 

Bakı Ali Neft Məktəbi: Burada ən bahalı ixtisaslar informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və neft-qaz mühəndisliyidir. Hər üç ixtisas üzrə tələbələr illik 4500 manat ödəməlidirlər. Bu ixtisasların tədrisi ingilis dilində həyata keçirilir.

 

Bakı Mühəndislik Universiteti: Universitetdə ən bahalı ixtisas kimi maliyyə, mühasibat uçotu və audit ixtisasları üzrə təhsil haqqı 2900, iqtisadiyyat, biznesin idarə edilməsi ixtisasları üzrə 2800, memarlıq ixtisası üzrə isə 2700 manatdır.

 

Xəzər Universiteti: Universitetdə kompüter elmləri, kompüter mühəndisliyi, mühasibat uçotu və audit, maliyyə, turizm və hotelçilik ixtisaslarıdır ki, burada da illik ödəniş 5000 manatdır. Bundan başqa mühəndislik, regionşünaslıq, beynəlxalq münasibətlər, biznesin idarə edilməsi ixtisasları 4500 manat, pedaqoji, tərcümə, dizayn ixtisaslarının ödənişi isə 4000 manatdır.

 

Azərbaycan Turizm və Menecment Universiteti: Bu ali məktəbdə ən bahalı ixtisas turizm və hotelçilik ixtisasıdır ki, burada illik təhsil haqqı 3000 manatdır. Bundan başqa bahalı ixtisas kimi tərcümə ixtisası 2600, maliyyə, biznesin idarə edilməsi isə 2400 manat təşkil edir. (Modern)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top