Gömrükdə kitab qalmaqalı - 200 kitab niyə müsadirə olundu?

HADİSƏ 02 okt 2019, 23:54

Oktyabrın 1-də gecə saatlarında “Kitabıstan” layihəsinin həmtəsisçisi Pünhan Əsgərli Gürcüstan-Azərbaycan sərhədində saxlanılıb və ona qarşı kobudluq edilib.

 

Demokrat.az xəbər verir ki, bu barədə Pünhan Əsgərlinin özü AzadlıqRadiosuna deyib. “Dostumla Türkiyədən şəxsi istafadəmiz üçün 100 ədəd işlənmiş kitab gətirəndə gömrük postunda bizi saxlayıb dedilər ki, sərhəddən cəmi iki kitab keçirə bilərik. Biz etiraz etdik ki, kitablar satış üçün nəzərdə tutulmayıb. Bizə cavab verdilər ki, növbə rəisi gəlib qərar verəcək. 4 saat gözləmədən sonra mən qərar barədə soruşanda bir nəfər gəlib dedi ki, kitablar müsadirə edilərək anbara gedir, mənə isə telefonla danışmağa qadağa qoydular. 

 

Yenə etiraz etdim və məsələni ictimailəşdirəcəyimi bildirdim. Onda formalı bir nəfər kobud şəkildə qolumdan tutdu, aparmaq istədi, fiziki güc tətbiq etdi, bundan əlavə "barmaqlarını qıraram" dedi", - deyə “Kitabıstan” layihəsinin həmtəsisçisi bildirib.

 

Pünhan Əsgərlinin qeyd etməsinə görə, növbə rəisinin otağına gətiriləndən sonra rəis ona bildirib ki, qanunsuz hərəkətləri ilə bağlı akt tərtib ediləcək və polisə veriləcək:

"Kitabları adbaad siyahıya almasını tələb etdim ki, sabah həmin kitabları dəyişdirib, yazmasınlar ki, mən radikallığı təbliğ edən kitabları ölkəyə gətirmək istəyirdim. Əvvəl etiraz etsələr də, sonra razılaşdılar və səhərə qədər kitabları siyahıya aldılar. Sonra isə Qazax Rayon Polis Şöbəsi əməkdaşları məni və dostumu şöbəyə apardılar, tibbi ekspertizadan keçdim. İzahat alandan sonra heç bir protokol tərtib etmədən bizi sərbəst buraxdılar. Sərhəddə tərtib edilən aktı isə şikayətimizlə bir yerdə prokurorluğa göndərəcəklərini bildirdilər".

 

“Yeni Sabah” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

 

“Pünhan Əsgərli tərəfindən ölkə ərazisinə kommersiya məqsədilə gətirilən kitablara (200 ədəd) dair sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın müddəalarına uyğun olaraq gömrük orqanına təqdim edilmədiyinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair Akt tərtib edilərək mallar müvəqqəti saxlanc anbarında yerləşdirilib.

 

Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük rəsmiləşdirilməsi onlar tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməməsi və ya müvafiq icazə sənədinin olmaması səbəblərinə görə başa çatdırılmadıqda, həmin şəxsin seçimi əsasında mallar müvəqqəti saxlanc anbarında yerləşdirilməli, yaxud gömrük ərazisindən geri qaytarılmalıdır”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top