Alman adı altında Çin məhsulu: Bakıda harada satılır?

İQTİSADİYYAT 01 okt 2019, 17:21

“YuQov” İctimai fikrin öyrənilməsi institutu və Kembric Universitetinin apardığı tədqiqata əsasən, dünyadakı ən etibarlı məhsulların Almaniyaya, keyfiyyətsiz məhsulların isə Çinə aid olduğunu açıqlayıb. Azərbaycanda da kifayət qədər Çin məhsulu olduğunu nəzərə alsaq, bu problem əhalini narahat etməyə bilməz.

 

Maraqlıdır ki, Azərbaycanda bir sıra böyük şirkətlər Çin məhsullarını ölkəyə gətirərək, Almaniya istehsalı kimi təqdim edir. Belə ki, bəzi məşhur mağazalar şəbəkəsində satılan məişət texnikasının üzərində adətən dünyaca məşhur brendlərin adları qeyd edilsə də, istehsalçı ölkənin Çin olduğu üzə çıxır.

 

Demokrat.az-ın məlumatına görə, məsələ ilə bağlı Axar.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Hüseynov bildirib ki, bənzər hallar “Baku Elektroniks”də də daxil olmaqla, digər tanınmış elektronika mağazalarında müşahidə olunur:

 

“Bizə demək olar ki, hər gün bu mövzuda şikayətlər daxil olur. Belə problemlər xüsusən elektronika mallarında daha çoxdur. Bu məsələdə siyahıda ilk yeri “Kontakt Home” mağazalar şəbəkəsi tutur. Bundan əlavə, bənzər vəziyyət “Baku Elektroniks” və “Optimal”, “İrşad Telekom” mağazalar şəbəkəsində də müşahidə olunur. Bu şəbəkələr “pulunu ver, itil cəhənnəmə”prinsipi ilə işləyir. Belə şəbəkələr saxta, standartlara uyğun olmayan malı istehlakçıya satır və narazılıq olanda da “get, hara istəsən, şikayət et” cavabını verirlər.

 

Çox təəssüf ki, İqtisadiyyat Nazirliyi də bunların öhdəsindən gələ bilmir.

 

Bu gün Azərbaycanda xeyli sayda insan Çin məhsullarının başqa ad altında təqdim edilməsi ilə aldadılır. İstehlakçıların hüquqları haqqında qanuna görə, müştərinin hüququ var ki, malın sertifikatını tələb etsin. Təəssüf ki, ölkədə mükəmməl istehlakçı siyasəti olmadığına görə, bu proses davam edir. Düşünürəm ki, dövlət heç də bu sahə ilə bağlı radikal qərar qəbul edə bilməz. Çünki azad bazar iqtisadiyyatı var və Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunur”.

 

E.Hüseynov mövcud problemlərin aradan qaldırılması istiqamətində görülməli olan işlərdən də danışıb:

 

“İl yarım bundan əvvəl ölkə Prezidenti istehlakçı hüquqlarını qoruyan mərkəzi icra hakimiyyəti orqanlarının yaranması barədə fərman verib. Lakin Nazirlər Kabineti bununla bağlı hər hansı bir addım atmayıb. Nazirlər Kabineti ən qısa zamanda fərmana uyğun olaraq istehlakçı hüquqlarının qoruyan əlahiddə dövlət orqanını yaratmalıdır.

 

İkincisi, mükəmməl istehlakçı siyasəti formalaşdırılmalıdır. Unutmaq olmaz ki, bazarın sahibi istehlakçılardır.

 

Dəfələrlə Nazirlər Kabinetinə təklif vermişik ki, zəmanət verilən malların siyahısı çıxarılsın. Kimsə gedib 2 min manata telefon alır, xarab olanda qaytarmaq istəsə də, mağaza zəmanət vermədiyini deyir.

 

Nazirlər Kabinetnin qərarı olmalıdır ki, hansı məhsullara zəmanət verildiyi dəqiqləşsin. Əks halda hansısa dövlət qərarını əsas gətirərək, mağazalar qarşısında tələb irəli sürmək olmur. Fikrimcə, NK bu istiqamətdə ictimai təşkilatlarla, cəmiyyətlə məsləhətləşməlidir.

 

Digər bir məsələ də Bakıdan alınaraq hansısa bölgəyə aparılan malın texniki nasazlıq yarandığı zaman təmiri üçün servis mərkəzlərinin bölgələrdə olmamasıdır. NK bu problemi də həll etməlidir”.

 

Mövzu ilə bağlı yazıda adı çəkilən elektronika mağazalarına rəsmi sorğu göndərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top