Teymur Rəcəbov Dünya Kubokunda yarımfinala yüksəldi

İDMAN 24 sen 2019, 20:54

Rusiyanın Xantı-Mansiysk şəhərindəki şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin ikinci partiyaları oynanılıb.

 

Bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ABŞ təmsilçisi Ceffri Syunla yenidən üz-üzə gəlib.

 

Şahmatçılar arasında ikinci dueldən Rəcəbov qalib ayrılıb - 1:0. İlk görüş heç-heçə başa çatdığından təcrübəli qrossmeyster yarımfinala yüksəlib. 

 

Azərbaycanın digər şahmatçıları isə mübarizəni dayandırıb. Şəhriyar Məmmədyarovu 1/8 finalda məhz Teymur Rəcəbov üstələyib. Arkadi Naydiç 1/32 finalda almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov 1/16 finalda ABŞ təmsilçisi Leyner Dominges Peresə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova məğlub olub. Dünya Kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci il İddiaçılar Turnirində iştirak hüququ qazanacaqlar. Turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda, belə bir hüquqa yiyələnə bilər.

 

Rəcəbov yarımfinalda Maksim Vaşye-Laqrav (Fransa) - Levon Aronyan (Ermənistan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu iki şahmatçı arasındakı hər iki görüş heç-heçə yekunlaşıb və qalib sabah "tay-breyk"də müəyyənləşəcək.

 

Qeyd edək ki, sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top