Arif Əliyev: "İndi İTV-də müstəqil insanların fikir bildirməsinə imkan verirlər" — MÜSAHİBƏ

MÜSAHİBƏ 24 sen 2019, 16:42

İctimai Televiziya "Diqqət Mərkəzi" tok-şousunda ölkənin mühüm problemlərini müzakirə edir. Sonuncu verliş sosial şəbəkələrdə söyüşlərə, daxili siyasi mövzularla bağlı müzakirələrə, Azərbaycan siyasi mühacirətinin fəalları tərəfindən hakimiyyətin ünvanına təhqirlərə həsr edilib.


Sonuncu tok-şounun iştirakçılarından biri Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev olub. O, Turan agentliyinin suallarını cavablandırıb.


- Digər telekanallarda heç nə dəyişmədiyi, bu telekanallar əvvəlki kimi həqiqəti təhrif etdiyi və ya ən yaxşı halda susduğu bir vaxtda İTV-də açıq siyasi verilişlərin ortaya çıxması nə ilə bağlıdır? Nə baş verir?


- Bu, kifayət qədər çoxdan, ilin əvvəllərindən baş verir. Hakimiyyət ölkədə və Azərbaycanın xarici siyasətində vəziyyəti dəyişdirməyə çalışır. Bu proses mənasızdır: dəqiq liberallaşma proqramı yoxdur, güclü istək və fəaliyyət planı da yoxdur. Digər tərəfdən, hakimiyyətin konservativ hissəsinin güclü müqaviməti göz önündədir.


Azərbaycana xaricdən təzyiq də kifayət qədər güclüdür, amma, təəssüf ki, ölkədə ictimai fəallıq kifayət qədər aşağı səviyyədədir. Qeyri-hökumət təşkilatları dağıdılıb və parçalanıb.


Hakimiyyətin ölkəni dəyişdirmək istəyinin lazımınca dərk edildiyini deməyəcəyəm, amma onlar artıq başa düşürlər ki, hakimiyyətin özünün yaratdığı KİV-lərlə çox uzağa getmək olmaz.


Dünya dəyişir, ölkə qarşısında böyük vəzifələr durur. Bir çox qurumlar, o cümlədən hökumət qurumları, mətbuat və ictimai təşkilatlar bu problemləri həll etmək iqtidarında deyillər, bu da mütləq ciddi mənfi nəticələrə gətirib çıxaracaq. Buna görə təcili şəkildə çox şeyi dəyişdirmək lazımdır, amma bu istək kadr çatışmazlığı ilə üzləşir. Baş verən budur.


- Hakimiyyətdə demokratik düşünənlərin çatışmazlığını nəzərdə tutursunuz?


- Belə demək olar, amma söhbət daha ciddi tələbatdan gedir. İqtisadiyyatda, ictimai həyatda yeni təfəkkürə malik insanlar tələb olunur... İTV-də deyilirdi ki, bizim bir çox problemlərimiz ölkədə hökm sürən ictimai münasibətlərin nəticəsidir. Siyasi qüvvələr və fərqli ideyaların daşıyıcıları arasında düşmənçilik münasibətlərini çoxdan rəqabət və sivil mübahisə ilə əvəz etmək lazım idi. Təəssüf ki, bu, baş verməyib.


- Verilişdən çox şeyi kəsiblər? Teleefirə nələr getməyib?


- İki mühüm məqamı kəsiblər. Amma mənim üçün əsas odur ki, proses başlayıb, buz tədricən əriyib. Uzun müddət teleşirkətlərdə efirə çıxması qadağan edilən şəxslərin siyahıları olub. Bu siyahının ləğv edildiyini deməzdim, amma müəyyən addımlar var... Plüralizm müxtəlif fikirlərə malik insanların eyni meydanda bu fikirləri müzakirə etməsi deməkdir. Biz bu prosesin necə yavaş və ehtiyatlı irəlilədiyini görürük. Bu prosesə kifayət qədər güclü daxili müqavimət var və ictimai qurumların çox zəif fəallığı məni kədərləndirir.


- Bir çox ictimai xadimlər hazırda xaricdədirlər, oradan fəal şəkildə hakimiyyəti söyürlər.


- Müxalifətin bu hissəsinin mənim üçün əhəmiyyət kəsb etdiyini deməzdim. Görünür, onlar daxili cəhətdən kifayət qədər hazırlıqlı deyillər ki, söyüşə keçirlər. Amma ölkə daxilində çox ciddi qıcıqlandırıcılar mövcuddur. Uzun illər ərzində troll fabriki fəaliyyət göstərib, insanların fikir bildirməsinə imkan verilməyib, xarici xadimlərdən daha çox onların qohumları alçaldılıb, məzarların təhqir edildiyi hallar olub... Bütün insanlar təmkinli deyillər və biz belə bir reaksiyanı proqnozlaşdırırdıq və onları dayandırmağın çətin olacağı barədə xəbərdarlıq edirdik. Nəticə olaraq mətbuat və ictimai münasibətlər sahəsində çoxsaylı problemimiz var.


Mənim televerilişdə dilə gətirdiyim yanaşmam belədir: yalnız sosial şəbəkələrdə söyüş problemlərini həll etmək istəyiriksə, növbəti dəfə yanılarıq, çünki bütün baş verənlər bir-biri ilə əlaqəlidir, ortaq köklərə malikdir və onların həlli üçün kompleks yanaşmaya ehtiyac var.


- Bəs hakimiyyəti hərəkətə gətirən bu söyüşlər olmadı?


- Təkcə bu deyil. Sadəcə olaraq, biz söyüşü ön planda görürük. Hakimiyyət və diaspora arasında münasibətlərdə, bütün ictimai münasibətlər kompleksində çətinliklər, bir çox digər məsələlər var.


- Problem hansı səviyyədə dərk edilir?


- Aydındır ki, teleşirkət ən yüksək səviyyədə razılaşdırmadan belə verilişlər çəkə bilməzdi. Amma müqavimət də ən yüksək səviyyədə baş verir, hər şeyin səmərəli alınmamasının səbəblərindən biri budur.


Hələlik hər şey qeyri-müəyyəndir. Zəmin yoxlanılır. Geri təpmə baş verməsin deyə fəal addımlar atılmalıdır və cəmiyyətin iştirakı çox vacibdir. İlin əvvəllərində prezidentin və onun tərəfdarlarının cəmiyyətin hakimiyyət qurumlarına nəzarətə cəlb edilməsi zərurəti haqqında bir neçə çıxışı olub. Yatmağa davam etsək, işə yarayan heç nə alınmayacaq.


Söhbət edən: Kamal Əli
Turan.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top