AXCP-nin troll şəbəkəsi ilə bağlı ŞOK FAKTLAR - 30 "trollbaşı", 400 troll, 6-7 min saxta profil

SİYASƏT 23 sen 2019, 16:52

AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun partiyadaxili trollara qapalı "WhatsApp" qrupu vasitəsilə müraciəti partiyada mövcud olan troll qruplaşmaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

 

Milli.az-ın məlumatına görə, AXCP daxilində fəaliyyət göstərən troll şəbəkələri vahid mərkəzdən idarə olunur və hər 15-20 trolldan birinə bir "trollbaşı" təyin olunur. Həmin "trollbaşı"lar partiya funksionerləri, rayon şöbələrinin rəhbərləri və Ali Məclis üzvləri arasından seçilir.

 

Vaxtaşırı olaraq "trollbaşı"lar AXCP sədri Əli Kərimlinin iştirakı ilə qapalı toplantılarda bir araya gəlir və konkret təlimatlar alırlar. Əsas fəaliyyətləri isə Əli Kərimlinin Feysbuk statuslarına şərh yazmaq, bu statusları paylaşmaq və AXCP əleyhinə yönələn statuslara mənfi şərhlər və təhqirlər yazmaqdır. Ən maraqlısı isə hər bir trollun 20-30 saxta profilinin olması ilə bağlıdır.

 

Partiyadaxili mənbənin sözlərinə görə, hazırda AXCP-də 30 "trollbaşı", ümumilikdə isə 400-dən artıq troll fəaliyyət göstərir. Ümumilikdə AXCP-nin troll şəbəkəsinə bağlı 6-7 min Feysbuk profili mövcuddur ki, onların əksəriyyəti saxta hesablardır. Əsas fəaliyyətləri saylarını çox göstərmək, guya minlərlə insandan dəstək aldığını nümayiş etdirmək olan troll şəbəkəsi birbaşa Əli Kərimlinin özü tərəfindən idarə olunur.

 

Mənbəmizin sözlərinə görə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının istefası Əli Kərimlinin özü tərəfindən hazırlanmış "siyasi texnologiya"dır: "Selcan Yağmurun məlum status və video müraciətindən sonra Fuad Qəhrəmanlı ilə görüşən Əli Kərimli ona təklif edib ki, istefa versin. Çünki F.Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa versə də, partiyanın Rəyasət Heyətinin və Ali Məclisinin üzvü olaraq fəaliyyətini davam etdirir. Ə.Kərimli keçmiş müavininə söz verib ki, hadisələr sakitləşəndən sonra onu Ali Məclisin sədri qoyacaq. Bu isə partiyada ikinci şəxs deməkdir".

 

Bu məqamda qeyd edək ki, indiyə qədər müxalifət düşərgəsində, lap elə AXCP-nin özündə də bu cür "istefalar" olub. Etibar Məmmədovun AMİP, Lalə Şövkətin ALP sədrliyindən gedəndən sonra partiya lideri elan edilmələri, İsa Qəmbərin Müsavat başqanı olmamasına baxmayaraq, partiyanın mənzil qərəgahında  başqana məxsus otağı zəbt etməsi, bütün iclaslar və tədbirlərdə söz demək hüququnun ona məxsus olması və s. buna bariz misaldır. Vaxtilə ADP-dən istefa verib AXCP-yə transfer etdiyini elan edən Nürəddin Məmmədlinin guya partiyada sıravi üzv olacağını deyən Ə.Kərimli cəmi bir neçə gün sonra onu özünə müavin təyin etdi.

 

Sonda mənbəmiz qeyd etdi ki, Əli Kərimli partiyadaxili "troll şəbəkəsini" xüsusi vədlərlə nəzarətdə saxlayır. Onlara AXCP-nin iqtidara gələcəyi təqdirdə yüksək vəzifələr, həbsə düşəcəkləri təqdirdə ailələrinə maddi yardımlar ediləcəyi, adlarının "siyasi məhbuslar"ın siyahısına salınacağı və gələcəkdə Avropa dövlətlərində siyasi mühacirət almaları üçün şərait yaradılacağı vədi verilir.

 

Əslində isə AXCP sədri partiya üzvlərinin və trolların həbsə düşməsində xüsusi maraqlıdır. Çünki belə olduğu təqdirdə "vicdan məhbusları"nın ailələrinə maddi yardım adı ilə xaricdən və daxildən maddi yardımlar alır ki, həmin məbləğin əhəmiyyətli hissəsi özü tərəfindən qəsb olunur. Qəpik-quruş isə ömrünü zindanda çürüdən cəbhəçilərin ailələrinə yönəldilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top