“40 min seçicinin etimadını necə girov qoymaq olar?!” — Komitə üzvü

GÜNDƏM 20 sen 2019, 16:38

Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər yayılıb. Bununla bağlı mətbuata açıqlamasaında borcverən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub.

Məsələnin diqqətçəkən məqamlarından biri deputat vəsiqəsinin girov qoyulması ilə bağlıdır.

Milli Məclisin deputatının ona verilən vəsiqəni girov qoyması nə dərəcədə düzgündür?

Əvvəlki çağırışlarda deputata təqdim edilən vəsiqələr yeni çağırışda geri alınmırmı?

Modern.az saytı mövzunun aktuallğını nəzərə alaraq olaya münasibət öyrənməyə çalışıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda şəxs növbəti dəfə deputat seçilmədiyi təqdirdə deputatlıq vəsiqəsi ondan geri alınmır:

“Deputatlıq vəsiqəsi geri alınmır”

“Əgər deputatın deputatlıq məsələsinə vaxtından əvvəl xitam verilirsə, bu zaman onun deputat vəsiqəsi əlindən alınır. Amma hökm deyil ki, növbəti çağırışda seçilməsə, vəsiqə ondan geri alınsın. Çünki vəsiqə bir çağırış üçün nəzərə tutulub. O biri çağırış zamanı istifadə olunmur. İstənilən adam vəsiqəyə baxanda onun əvvəlki çağırışa aid olduğunu bilir. Bu cür məsələlər bizdə qanunla narahatlıq yaratmır”.

“Şəxs çox ciddi tənbeh oluna bilər”

Tahir Kərimlinin sözlərinə görə, seçicinin etimadını girov qoymaq olmaz:

“Ümumiyyətlə, deputat vəsiqəsini girov qoymaq olmaz. Vəsiqə maddi əhəmiyyət daşımır ki, onu girov qoyasan. Nəinki deputat vəsiqəsini, hər hansı bir görəv vəsiqəsini girov qoymaq olmaz. Bununla bağlı cinayət məsuliyyəti olmasa da, şəxs çox ciddi tənbeh oluna bilər. Çünki deputat vəsiqəsi səni seçən seçicinin etimadıdır. Məsələn, 40 min seçicinin etimadını necə girov qoymaq olar?! Bu qətiyyən doğru deyil”.

“Deputat vəsiqəsini girov qoymaq doğru deyil”

Tahir Kərimli qeyd edib ki, şəxsin ölkədən çıxışına qadağa qoyulsa belə, vəsiqə girov götürülməməlidir:

“Keçmiş Ali Sovetin deputatı olandan sonra nə vəsiqəmi, nə də döş nişanımı təhvil vermişəm. Arxivimdə qalıb. Heç bir işə də yaramır. Əgər deputat oz vəsiqəsini itiribsə, rəsmi qaydada parlament rəhbərliyinə müraciət edib, yenisini ala bilər. Hüquqi qaydalara əsasən, şəxs növbəti çağırışda deputat seçilmirsə, bir il müddətinə onun vəsiqəsi qüvvədə olur. Ona görə ki, bir il onların əmək haqqı saxlanılır.

Əgər şəxsin ölkədən xaricə getməsinə qadağa qoyularsa, deputat vəsiqəsi yox, şəxsiyyət vəsiqəsi alınır. Deputat vəsiqəsinin girov qoyulması doğru hal deyil. Əgər şəxs ağır cinayətdə ittiham olunmursa, mülki xarakterlidirsə, məhkəmə onun deputat vəsiqəsini girov kimi götürə bilməz”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top