Xaricdən Azərbaycana qarşı söyüş söyənlərlə bağlı bəyanat qəbul edildi — FOTOLAR

HADİSƏ 20 sen 2019, 14:05

Bu gün Bakıda Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı "dəyirmi masa" keçirilib.


Demokrat.az xəbər verir ki, tədbirdə Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda birləşmiş hüquq müdafiəçiləri, QHT rəhbərləri, ziyalılar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tədbirin keçirilməsində əsas məqsəd son dövrlər sosial şəbəkələrdə söyüş, təhqir və böhtan xarakterli çıxışlara qarşı müzakirə aparmaqdır.


Tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib ki, sosial şəbəkələrdə davam edən söyüş kompaniyası, əslində, vətəndaş müharibəsidir: "Bizim bu gün keçirdiyimiz bu tədbir heç bir siyasi xarakter daşımır, biz bu gün sülh tədbirinə toplaşmışıq. Bu tədbir söyüşə son deməyimiz üçün yaradılan şəraitdir. Biz son dövrlər heç bir dəyərə, mentalitetə sığmayan söyüşlərin şahidi oluruq. Bu da əxlaqa ziddir və sanki qəsdən bizim cəmiyyətin əxlaqını korlamağa yönəlib. Bəziləri hər hansı bir qadına sosial şəbəkədə anında əxlaqsız qadın damğası vura bilirlər. Amma biz bunların qarşısında susa bilmərik. Bizi bu gün toplaşdıran vətən, millət və dövlət sevgisidir. İllərdir ki, ölkəmiz erməni işğalçılarına qarşı müharibə şəraitində yaşayır və müharibə deyəndə, ilk olaraq, silah-sursat, döyüş, qan və ölüm yada düşür. Ancaq sən demə ölkəmizdə bir vətəndaş müharibəsi də gedirmiş. Bu müharibə sosial şəbəkələrdə, virtual məkanda gedir. "Facebook” və "Youtube"da ölkəmizdə sözün əsl mənasında bir “vətəndaş müharibəsi”, soyuq, ideoloji müharibə gedir. Buna misal olaraq, virtual dünya hesab edilən sosial şəbəkələrdə son dövrlərdə heç bir əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışları qeyd etmək istəyirəm. Xüsusilə də həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə istifadəçilərinin dilə gətirilməsi belə mümkün olmayan söyüş, təhqiramiz ifadələri vurğulayardım. Gəlin bir düşünək, söyüş, təhqir və böhtanların baş alıb getdiyi bu sosial şəbəkələrdən müxtəlif yaş qruplarını əhatə edən və müxtəlif sosial statusu olan insanlar, qadınlar, gənclər və hətta orta məktəb şagirdləri belə istifadə edirlər. Bu cür hallar isə təbii olaraq vətəndaşlarımızın, gənclərimizin, xüsusi olaraq məktəblilərin təlim-tərbiyəsinə, psixologiyasına mənfi təsir göstərir və bu volverilməzdir. Sanki əxlaqımızı bilə-bilə korlayırlar və bu əxlaq yavaş-yavaş deqredasiya olunur. Məhz bugünkü tədbirin keçirilməsində də məqsədimiz, milli-mənəvi və əxlaqi dəyərlərimizdən uzaq olan bu cür hallara qarşı etiraz səsimizi ucaltmaqdır".


Xalq şairi Nəriman Həsənzadə Azərbaycan dilinin leksikologiyasında söyüş və qarğış mənasını ifadə edən sözlərin çox olmasından təəssüfləndiyini bildirib: 


"Bizim analar bizi yaxşı tərbiyə ediblər. Bu yaxınlarda bir kitab oxudum, orada ermənilər də gürcüləri söyürdü. Ermənilər fransızlara gürcüləri söydürən kitab yazdırırlar. Bu gün biz hiyləgər və riyakar düşmənlə üz-üzəyik. Mən fikir vermişəm, bizim dilimizdə çoxlu söyüşlər, qarğışlar var. Görəsən, başqa millətlərin də dilində bu qədər söyüş və qarğış ifadələri var?".


Tədbirə telefon bağlantısı ilə qoşulan Xalq artisti Arif Babayev də söyüş kompaniyasını davam etdirənlərə çağırış edib: 


"Biz hamımız azərbaycanlılarla fəxr edirik. Amma bəzi söyüş söyənləri görəndə üzülürük. Axı bu ölkənin azyaşlısı, uşağı, körpəsi, qızı, gəlini var. Vallah biz rahat yaşayırıq. Gəlin, söyüşləri yığışdırın. Gəlin, dövlət başçımızın ətrafında toplaşaq. Biz əsas torpaqlarımızın geri qayıtması üçün çalışmalıyıq. Mən söyüş söyənlərin bu hərəkətlərini eşidəndə halım dəyişir. Onlara çağırış edirəm ki, söyüşü dayandırsınlar".


Daha sonra Xalq yazıçısı Çingiz Abdullayev sosial şəbəkələrdə söyüş söyən istifadəçilərin hesablarının bloklanması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təklif irəli sürüb. 


O, rus və ingilis dillərində təhqir ifadələrinin sosial şəbəkələrdə şiddət kimi qiymətləndirildiyini vurğulayıb.


Daha sonra tədbir iştirakçıların çıxışları ilə davam etdirilib.


Sonda iştirakçılar bəyanat imzalayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top