Dam örtüklərinin təmirinin sirri — İcra Hakimiyyətlərinin korrupsiya biznesinə çevrilib

SOSİAL 19 sen 2019, 15:29

Sentyabrın 18-də prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Sərəncama əsasən, Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.


Bu, cari ildə binaların dam örtüklərinin təmiri ilə bağlı ilk sərəncam deyil.


Fevralın 4-də 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Gəncə, Sumqayıt, Şəki, Şirvan, Qazax şəhər və rayonlarının icra hakimiyyətlərinə 21 milyon 685 min 830 manat ayrılıb.


Martın 12-də isə prezident İlham Əliyev çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında növbəti sərəncam imzalayıb. Bu məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 206 000 manat ayrılıb.


Bu tipli sərəncamlar keçən il da yer almışdı. 2018-ci ilin oktyabrında prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 21 milyon 194 min 760 manat pul ayrılıb. Bu vəsaitlə ölkənin 27 şəhər və rayonunda 436 çoxmənzilli binanın dam örtüyü təmir olunacaqdı.


Həqiqətənmi Bakıda və ölkənin digər şəhər və rayonlarında binaların dam örtüklərin dəyişməsi bu qədər vəsait tələb edir? Dam örtüklərin təmir işləri nə yerdədir?


Çoxmərtəbəli binaların dam örtüklərin təmiri məsələsi 2012-ci ildə gündəmə gəlib. Məhz o vaxt köhnə binaların əksəriyyətinin asbest şiferlərdən düzəldilmiş dam örtüklərinin insan orqanizmi üçün zərərli olduğu bildirildi. Nazirlər Kabineti asbest örtüklü çoxmənzilli və fərdi yaşayış evlərinin siyahıya alınması ilə bağlı yerli icra hakimiyyətlərinə məktub göndərmişdi. Bir çox rayonlarda bu məktub əsasında siyahıyaalma keçirilib və qərara alınıb ki, dam örtüklər itəmir ediləndə müasir standartlara cavab verən materiallardan istifadə edilsin.


Bakı İcra Hakimiyyətindən ayrılmış pullardan dam örtüklərin 1 kvadrat metrin təmirinə smeta üzrə nə qədər vəsaitin xərcləməsi barədə suala cavab verilməsə də, AzadlıqRadiosunun müxbiri ilə söhbətində Bakıda Nəsimi rayonunda binaların əsaslı təmiri ilə məşğul olan mühəndislərin biri bildirib ki, bu məqsədlə 1 kv.m görə 30 manat vəsait ayrılıb. Bu da o deməkdir ki, son iki il ərzində damların təmiri üçün ayrılmış 55 086 590 manatla 1 836 220 kvadrat metr dam örtüyü təmir edilməlidir.


Bakıda 1994-cü ildən Dam Örtükləri Zavodu fəaliyyətə başlayıb. Şirkət rəngli metal rulonlardan metal dam örtükləri, profnastil, metal saydinq və su sistemi elementləri istehsal edir. Zavoddan AzadlıqRadiosuna verilən məlumata görə, dam örtüklərinin istehsalında Cənubi Koreya və Avropa ölkələrindən gətirilən xammaldan istifadə olunur.


"Həmin xammal müasir İtaliya avadanlıqlarında istehsal olunur. Məhsullarımız minimum 35 il xidmət müddətinə sahibdir".

 

Похожее изображение


Zavodda vurğulayıblar ki, materialdan və qalınlığından asılı olaraq dam örtüklərinin 1 kv. m-nin qiyməti 6,50 manatdan 8,00 manata qədər dəyişir.


İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, evlərin dam örtüklərinin təmirinə vəsaitlərin tez-tez ayrılması problemi işin keyfiyyətsiz yerinə yetirməsi və korrupsiya amilləri ilə bağlıdır.


"Bakının bəzi rayonlarında və respublikanın regionlarında yolların təmiri, evlərin damlarınin örtüklərinin təmiri ilə bağlı iş görülsə də, keyfiyyətsiz görülür. Bu da ona gətirib çıxarır ki, bir müddətdən sonra eyni problem yaranır və yenidən vəsait ayrılır. Korrupsiya amilləri var, lakin məbləğlərin o qədər böyük olmamasına görə, korrupsiyanın həcmi da böyük deyil".


Ekspertin vurğulamasına görə, Azərbaycanda təmir-tikinti layihələrinə 2016-cı ildən daha böyük önəm verilir.


"2015-2016-cı ildə neft qiymətlərinin aşağı düşməsindən və büdcənin kiçilməsindən sonra həyata keçirilən iri layihələrin çoxu dayandırılıb və hökümət kiçik layihələrə - yol və dam örtüklərinin təmirinə, kiçik tikintilərə başlayıb".


Cəfərli əlavə edib ki, kiçik layihələrin sayının çoxalması ilə hökümət müvəqqəti iş yerlərinin çoxalması və sosial gərginliyin azaldılması məqsədini güdür.


Dam örtüklərin təmirinə ayrılmış vəsaitlərin mənimsəilməsi ilə bağlı əyani sübüt da mövcüddur.


Ötən ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Müqayisə Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə qərarına əsasən Verdiyev 4 il müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, Sumqayıtda abadlıq-quruculuq işləri üçün bu şəhərin İcra hakimiyyətinə 2016-cı ildə prezidentin ehtiyat fondundan 10 milyon (binaların dam örtüklərinin dəyişməsinə və yolların təmirinə daha 10 milyon) pul ayrılıb. Həmin milyonların hara, necə xərcləndiyini təsdiqləyən sənədlər yoxdur. Sumqayıtda Sülh küçəsində və Dənizkənarı parkdakı təmir-tikinti işlərinə rəhbərlik etmiş iş adamı Müqayis Verdiyev olub.


Verdiyev daha əvvəl də cinayət məsuliyyətinə cəlb edilib. Belə ki, 2014-cü ildə Verdiyev Goranboy rayonunda tikinti-abadlıq işləri ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top