"Mağaza sahiblərinin hamısı satışların artdığını deyir" — İlqar Məmmədovdan ETİRAF

SİYASƏT 18 sen 2019, 17:43

Real Partiyasının sədri İlqar Məmmədov özünün şəxsi feysbuk hesabında müxalifətin hakimiyyətlə bağlı tənqidləri əleyhinə fikir səsləndirib. 


Demokrat.az xəbər verir ki, İlqar Məmmədov müxalifətin Azərbaycanda orta sinfin olmaması barədə fikirlərinin doğru olmadığını bildirib:


"Dünən o, 26 ilin ənənəvi müxalifəti ilə yanaşı sistemdənkənar müxalifət olan bizi də "tarazlıq" naminə tənqid edərək (bu da yersiz dəbdir) yazmışdı ki, REAL-ın istinad elədiyi orta sinif Azərbaycanda yoxdur.


Birincisi, REAL təkcə orta sinifə səslənmir. Amma bu başqa mövzudur.


İkincisi, orta sinifin çox tərifi var, bu da olsun ağlabatan daha biri: 10 il əvvəl "The Economist" jurnalında dərc edilən geniş araşdırmada iddia olunurdu ki, qidasını və yaşayış yerini təmin edəndən sonra adamın gəlirinin 1/3 əlində qalırsa və o, həmin gəliri təhsildən tutmuş həyat keyfiyyətini yüksəldən mal və xidmətlərə qədər ürəyi istədiyi kimi xərcləyə bilirsə, onu orta sinifə aid etmək olar.


Avtomobil əlindən Bakıda tərpənmək olmur. Restoranlar hər axşam ağzına qədər dolu. Sayını itirdiyimiz müasir ticarət mərkəzində səhərdən gecəyə qədər "mitinq"dir. O restoranların, kafelərin müştəriləri, sahibləri, onların ailələri... Telefon və kompüter mağazalarının sahiblərini dindirirsən, hamısı deyir ki, satışlar artır. Avtomobil idxalı bu il 1,6 dəfə artmışdır. Evlərin qiyməti tələbat səbəbilə hələ də bahadır. Kitab mağazalarının sayı, tərcümələrin sayı son 10 ildə bəlkə də dəfələrlə artmışdır. Özəl tədris kursları, özəl məktəblər və özəl uşaq baxçaları. O avtomobilləri alanlar, o evləri alanlar, o kitabları oxuyanlar, hələ müzakirəsini edənlər, o məktəblilərin və uşaqların valideyinləri və daha kimlər, kimlər...


İqtisadi təməli xəstə, yəni neft-qaz pullarından asılı olsa da, onun iqtisadi kökünün xəstə və tezçürüyən olduğunu orta sinif mənsubları anlasa da, anlamasa da, orta sinif Azərbaycanda VAR, ən azı yüzminlərlə, bəlkə də çox seçicidən ibarətdir.


O sinif Azərbaycana daha layiqli həyat, düz seçki, və sadəcə "dolanışıq" deyil, işıqlı gələcək istəyir. Nəinki istəyir, belə bir gələcəyə ən ciddi töhfə vermək bacarığındadır. Onu lazımı qədər hərəkətə gətirə bilsək, tarixi vəzifələrimizdən birini yerinə yetirilmiş saymaq olar, çünki başqa siniflərlə YANAŞI o sinifin töhfəsi olmadan monarxiyanı çökdürüb çağdaş Cümhuriyyət qurmaq mümkün deyil".

 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top