“Paşinyanın “gəmisi” deyəsən batmaqdadır” — Deputat

GÜNDƏM 17 sen 2019, 19:47

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 16-da keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) 1,5 il əvvəl təyin olunmuş rəhbəri Artur Vanetsyan vəzifəsindən azad edilib. 


O əlavə edib ki, müvafiq sərəncam yaxın günlərdə imzalanacaq. 


Paşinyan deyib ki, bu qərar Vanetsyanla keçirilən müzakirələrdən sonra və MTX direktorunun razılığı əsasında qəbul olunub.


Hökumətdəki mənbəyə istinad edən yerli mətbuat xəbər verir ki, Paşinyan bu vəzifəyə dostu Vaqe Kazaryanı təyin edəcək.


MTX-nin rəhbəri A.Vanetsyanın sözlərinə görə, onun istefa qərarı “hazırkı və gələcək situasiyalarla bağlıdır”. 


Həmin situasiyalara aydınlıq gətirməyən Vanetsyan belə bir şəraitdə öz qərarını dövlətə xidmət kimi qiymətləndirib. 


O əlavə edib: “Mənim istefam insanı yuxudan ayıldan bir addımdır və mənə “dayan” deyir”.


Müəmmalı istefanı şərh edən Paşinyan isə bildirib ki, MTX direktorunun fəaliyyətini qiymətləndirə bilməz, çünki bu vəzifə ictimai müzakirələrdən kənarda qalmalıdır.


Erməni mətbuatı yazır ki, Ermənistanda “inqilab” komandası sürətlə parçalanır və bu, parlamentdəki “Mənim addımım” fraksiyasına da aiddir. Belə fikirlər var ki, istefalar davamlı olacaq. Bu arada Ermənistan müdafiə naziri David Tonoyan və ölkənin polis rəisi Valeri Osipyanın istefaya göndəriləcəyi deyilir.


Belə görünür ki, Ermənistanda güc strukturlarında başlayan istefaların davamlı olacağı gözlənir. Çünki Paşinyan komandasında ciddi fikir ayrılıqlarının olması və bunların getdikcə dərinləşməsi açıq şəkildə özünü göstərməkdədir.


Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Elman Nəsirovun sözlərinə görə, Ermənistan hakimiyyətində bundan sonra da istefaların davam edəcəyi ehtimalı yüksəkdir: 


“Dəfələrlə belə fikirlər səslənib ki, Paşinyan populist siyasətçidir. Eyni samanda, onun siyasəti qeyri-müəyyənliklə xarakterizə olunur. Bu həm daxili, həm də xarici siyasətə aiddir. Siyasətdə qeyri-müəyyənlik gec və ya tez öz çatlarını verməli idi. Xüsusilə də Paşinyanın daxili siyasətdə çox ciddi addımlar atacağı, iqtisadi inqilab edəcəyi ilə bağlı vədlər quru vəd olmaqdan başqa bir şey deyil. Reallıq isə bununla daban-dabana ziddir. Vəziyyət gör nə həddə gəlib çatıb ki, bir vaxtlar Paşinyanı müdafiə edən qüvvələr indi ona qarşı olan qüvvələrin sırasına qoşulur. Bu da Ermənistan Baş naziri üçün faciəvi bir prosesdir. 


Digər tərəfdən, “Qarabağ klanı” indi daha kəskin şəkildə Paşinyana qarşı çıxır. İki klan arasında ixtilaf çox ciddi şəkildə kəskinləşməkdədir. Bu reallıqda indi Ermənistanda tez-tez belə fikirlər səslənməkdədir ki, görəsən onun hakimiyyəti nə qədər çəkəcək? Artıq belə sualların verilməsinin özü belə onun üçün olduqca mənfi bir haldır. Artıq erməni mətbuatında tez-tez belə fikirlər səslənməkdədir ki, Paşinyanın “gəmisi” deyəsən batmaqdadır. Belə olan halda, onun ən yaxın ətrafı ondan uzaqlaşmaq barəsində qərar verir. MTX rəhbəri Artur Vanetsyanın istefasından sonra digər güc strukturlarında da istefaların olacağı ilə bağlı fikirlər səslənir. 


Bununla belə, parlamentdə Paşinyanı dəstəkləyən “Mənim addımım” blokunda təmsil olunan partiyalar arasında bir sıra məsələlərlə əlaqədar kəskin ixtilaflar yaranıb. Paşinyanın parlamentdəki silahdaşları belə, çox çətinliklə onu müdafiə edirlər. Bütün bunlar da onu göstərir ki, Paşinyan komandasında istefaların davamlı olacağı gözlənir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top