"Qarabağ münaqişəsinin yeganə çıxış yolu Azərbaycanın özünə qalıb" — Xocalının deputatı

GÜNDƏM 13 sen 2019, 14:59

“İstər Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində, istər Ermənistanın tərəfinin işğalçılıq siyasətini davam etdirməsi, istərsə də qondarma Dağlıq Qarabağda müxtəlif səviyyələrdə keçirilən seçkilərin qarşısını almağın bir yolu var. Azərbaycan əsgəri hərəkətə keçib, işğal altında olan torpaqları təmizləyərək, ərazi bütövlüyünü təmin etməlidir”.


Demokrat.az xəbər verir ki, bu fikrləri “Ölkə.Az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.


Onun sözlərinə görə, işğalçı Ermənistan 1991-ci ildən etibarən işğal etdiyi ərazilərdə təkcə müxtəlif səviyyələrdə seçkilər keçirmir, onlar Dağlıq Qarabağla yanaşı, digər 7 rayonda da məskunlaşma, infrastruktur işləri həyata keçirir. 


“Beynəlxalq qurumlar, münaqişənin həllində vasitəçi olan ATƏT Minsk qrupu həmsədr ölkələr və digər beynəlxalq təsisatlar Ermənistanın bu hərkətlərinə göz yumduğundan, ermənilər özlərini sərbəst hiss edərək istədiklərini edirlər. Azərbaycan başda BMT, ATƏT MQ həmsədr ölkələrə və digər beynəlxalq qurumlara dəfələrlə müraciət etsə də, nəticəsi olmayıb.


Beynəlxalq qurumlar Ermənistanın işğalçılıq siyasətinə etiraz edərək, təzyiqlər göstərməyiblər. Münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi də fayda vermir.  Əgər Ermənistan tərəfi bir neçə il əvvəl hiyləgərlik metodundan istifadə edərək işğalçılıq siyasətinə don geyindirməyə çalışırdılarsa, artıq Paşinyan  hakimiyyəti bunu açıq dilə gətirir. Onlar işğal etdiyi Azərbaycan ərazilərini Ermənistan ərazisi hesab edərək, işğal siyasətindən geri çəkilməyəcəklərini bəyan edirlər. Bununla da Ermənistan artıq danışıqlar prosesini davam etdirmək üçün yol qoymur. Odur ki, mən danışıqlar prosesinin aparılmasının mənasını görmədiyimdən, münaqişənin həllinin əks həll yolunu görürəm. Yeganə çıxış yolu Azərbaycanın özünə qalıb. Azərbaycan öz hərbi gücündən istifadə edib, işğalçıları torpaqlarımızdan silib-süpürüb atmalıdır. Vəssəlam!”- deputat qeyd edib.


Ermənistanla sülh danışıqlarının aparılmasının heç bir mənasını görməyən E.Məmmədov əlavə edib ki, Ermənistan vaxtında gücsüz olduğumuz zaman havadarlarının  hərtərəfli dəstəyi ilə torpaqlarımızı işğal etdilər: 


“Bu gün də güclü Azərbaycan öz gücündən istifadə edib  torpaqları işğaldan azad etməlidir. İşğalda günahı olan, soyqırımı həyata keçirənlər cəzalarını almalıdır. Bunun başqa həll variantı yoxdur.


Yuxarıda dediklərimi indi söyləyəcəyim bir faktla sübut etmək yetər. Bu günlərdə ATƏT MQ-nin həmsədr ölkələrində olan Fransanın  bir qrup  deputatı işğal altında olan torpaqlarımıza qanunsuz səfər edərək, ermənilərə öz həmrəyliyini bəyan etdilər. Belə olan halda biz Fransanın münaqişənin həllində ədalətli, obyektiv mövqe sərgiləməsinə necə inana bilərik?! Onların Ermənistana işğalçılıq siaysətinə necə təsir etdiyinə inanmaq olar?! Həmsədr ölkələr hər vasitə ilə Ermənistanın işğalçılıq siyasətinə dəstək verirlər. Odur ki, mən bir vətəndaş, millət vəkili və məcburi köçkün kimi məsələnin yeganə həll variantını Azərbaycan əsgərinin gücü ilə işğal faktına son qoyulmasında görürəm. Və bu da olacaq!”.

 

Qeyd edək ki, Elman Məmmədov 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən Milli Məclisə deputat seçilib.  


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top