Azərbaycan və Ukraynanın müharibə veteranları arasında beynəlxalq yoldaşlıq görüşü keçirildi – FOTOLAR

Bu gün Kiyevdə amputasiyalı müharibə veteranlarından ibarət minifutbol üzrə Ukrayna və Azərbaycan komandaları arasında beynəlxalq yoldaşlıq görüşü keçirililb. Yarış Ukrayna müdafiəçilərinin idman vasitəsilə reabilitasiya proqramı çərçivəsində, Ukrayna Prezidentinin döyüş əməliyyatları iştirakçılarının reabilitasiya məsələləri üzrə müvəkkili Vadim Sviridenkonun təşəbbüsü ilə keçirilib.


Demokrat.az xəbər verir ki, Ukrayna Müdafiəçilərinin İdman Reabilitasiyası Milli Şurası, Ukrayna Futbol Assosiasiyası, Kiyev Şəhər Antiterror Əməliyyatlarının İştirakçılarına Yardım Mərkəzi və Ümumukrayna Müharibə, Silahlı Qüvvələr və Hərbi Döyüş Əməliyyatları İştirakçıları Təşkilatı tədbirin təşkilatçıları qismində çıxış edib.


İlk öncə Ukrayna Futbol Federasiyasının V.Bannikov adına təlim-məşq kompleksində keçirilən oyundan öncə Ukraynada Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın xalq artisti Qurban Abbasov və ukraynalı müğənni Natalya Kudryaşova açılış mərasimində Azərbaycana aid klassik musiqiləri səsləndiriblər. Sonra Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirilib.


Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək bildirib ki, bu gün təşkil olunan oyun bir daha Azərbaycan və Ukrayna arasında dostluq münasibətlərinin bariz nümunəsidir. “Bu gün bu oyunda dostluq qalib gələcək. Bildiyiniz kimi Azərbaycan komandasını təmsil edənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Vətən uğrunda döyüşlərdə əlil olublar. Onların igidliyi qarşısında baş əyirəm”, deyə səfir əlavə edib.


Əlil Döyüşçüləri Futbol Federasiyasının (ƏDFF) prezidenti Rövşən Quliyev, vitse-prezidenti Elmar Hüseynov çıxışlarında təşkilatçıları xüsusi təşəkkürünü bildiriblər. Qeyd ediblər ki, bu gün Qarabağ döyüşlərində əlil olan futbolçularımız Ali Baş komandan İlham Əliyevin əmri olduğu zaman yenə döyüşlərdə iştirak etməyə hazırdır. Federasiyaya yaxından dəstək olan Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü çatdıran natiqlər vurğulayıblar ki, amputasiyalı müharibə veteranlarından ibarət Azərbaycan yığması bu yarışlarla həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları dünyaya çatdırır.


Sonra Ukrayna Futbol Federasiyasının birinci vitse-prezidenti Vladimir Kostyuçenko,  Ukrayna Əlil-Amputant Futbol Federasiyasının prezidenti Yuriya Şuruli çıxışlarında bu cür yarışların keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildiriblər ki, bu cür aksiyalar əlil veteranların cəmiyyətə inteqrasiyası üçün önəmlidir.
Sonra futbol yarışı başlayıb və gərgin keçən görüş 1:1 hesabı ilə bitib.

 

Demokrat.az

11 Sentyabr 2019, 23:33   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß