"Partiyaların dialoquna bizə dəvət gəlməyib" — Natiq Cəfərli

GÜNDƏM 11 sen 2019, 20:09

Fəzail Ağamalı: "Şəxsən İlqar bəyə dəfələrlə zəng vurulub"


"Bizə heç bir rəsmi məktub və ya dəvət gəlməyib. Biz bu gün belə bir tədbirin keçirilməsi ilə bağlı məlumatı da mətbuatdan öyrəndik".


Demokrat.az xəbər verir ki, bu sözləri REAL partiyasının (Respublikaçı Alternativ) icra katibi Natiq Cəfərli Bakıda "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı" mövzusunda keçirilən dəyirmi masa haqqında Yeniavaz.com-a açıqlama verərkən deyib.


O bildirib ki, Fəzail Ağamalının dediklərinin əksinə REAL partiyasına tədbirdə iştirak etməsi üçün heç bir dəvət göndərilməyib: 


"Bizə heç bir rəsmi məktub və ya dəvət gəlməyib. Biz bu gün belə bir tədbirin keçirilməsi ilə bağlı məlumatı da mətbuatdan öyrəndik. Əgər belə bir dəvət və tədbirin gündəliyi məlum olsaydı dəyərləndirib ona rəsmi münasibət bildirərdik. Çünki biz hər zaman bir dialoq mühitinin olmasında maraqlı tərəf kimi çıxış etmişik. Dəfələrlə bununla bağlı şəxsi mülahizələrimizi ictimaiyyətlə bölüşmüşük".


Xatırladaq ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı açıqlama verərək Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidən başqa bütün siyasi partiya təmsilçilərini bu tədbirə dəvət etdiyini bildirib.


N. Cəfərli dəyirmi masada müzakirə olunan mövzu haqqında da fikirlərini bölüşüb və belə dialoqlarda əsasən daxili məsələlərin müzakirə edilməli olduğunu bildirib: "Çünki ölkəmizin özünün daxili problemləri var ki, ancaq bizdən asılıdır. Bizim təhsil və səhiyyəmizin səviyyəsinin aşağı olmasına səbəb xarici təsirlər deyil".


N. Cəfərli ölkədəki monopoliyalarla bağlı, inhisarçılıqla bağlı, qiymət bahaçılığı ilə bağlı problemlərin səbəbini də daxildə axtarmaq lazım olduğunu deyib.


REAL partiyasının nümayəndəsi onu da qeyd edib ki, bu dialoqun təşkilatçısı YAP (Yeni Azərbaycan Partiyası) olsa daha məqsədəuyğun olardı: 


"Ölkənin daxili problemlərinin həlli məsələsi ilə bağlı bir dialoq masasının qurulmasına təcili ehtiyac var. Yəni biz bunu daim dəstəkləyə və alqışlaya bilərik. Belə dialoqda iştirak da edərik. Amma bu tədbirdə təşkilatçılığı Yeni Azərbaycan Partiyası öz üzərinə götürsə daha yaxşı olardı. Rəsmi dəvət göndərilsə biz məmnuniyyətlə iştirak edərdik".


N. Cəfərlinin iddialarına əsasən F. Ağamalıya müraciət etdik. Ana Vətən Partiyasının sədri Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, REAL partiyasını da bu tədbirə dəvət etmək üçün dəfələrlə İlqar Məmmədova zəng vurulub: 


"Dəvət üçün onlara zəng vurulubdu, onlar telefonu götürməyib. Şəxsən REAL partiyasının sədri İlqar bəyə (İlqar Məmmədova) dəfələrlə zəng vurulub, ancaq telefonu götürməyiblər".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top