"Siyavuş Novruzovun ittihamından sonra, Baş Prokurorluq cinayət işi açmalıdır"

GÜNDƏM 09 sen 2019, 22:44

İki gün əvvəl Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri  Siyavuş Novruzov olduqca ciddi bəyanatla çıxış edərək, bir sıra keçmiş nazirlərin milyardlar taladığını bildirib. Hakim partiyanın funksioneri eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək, şok ittiham irəli sürüb və bəzi “sabiq”lərin xaricdəki mühacirləri maliyyələşdirdiyini iddia edib. Böyük əksəriyyət hakim partiya rəsmisinin dilindən səslənən bu ittihamları sözgəlişi iddia kimi qiymətləndirmir. Bu fikri formalaşdıran bir neçə amil var. Məsələn, hakim partiyada əhəmiyyətli nüfuza malik olan, MM-də komitələrdən birinə rəhbərlik edən Novruzovun sıradan biri kimi dəyərləndirilməsi, mahiyyətdən yayınmadan başa bir şey ola bilməz. Üstəlik, YAP funksioneri ittihamlarının çəkisini anlamamış deyil. O üzdən, "masasının üzərindəkinə" işarə etməsi, faktla danışmasına birbaşa işarə idi. Bu, həm də hüquq mühafizə orqanlarına işarə olmalı idi ki, hadisələrin gedişi göstərdi ki, olmadı... 

 

Xeyli vaxtdır mətbuata telefonlarını qapatmış bir neçə keçmiş nazir, artıq YAP rəsmisinin ittihamları ilə bağlı açıqlama verib. Açıqlamalarda ittihamları öz üzərinə götürən “sabiq” olmayıb.

 

Ona görə də əlaqədar qurumların Siyavuş Novruzovun bu bəyanatından sonra işə qarışıb-qarışmayacağı maraq doğurur. Səslənən ittihamların üstündən 2 gün keçməsinə baxmayaraq, “sabiq”lər haqqında hüquq mühafizə orqanlarının hansısa bir addımı olmayıb. Görəsən, bu ittiham üzrə cinayət işi açılacaqmı? Və ya ümumiyyətlə, hansı “sabiq”lərə cinayət işi açıla bilər?

 

Maraqlıdır, bu cür bəyanat Avropada, lap elə qonşumuz Gürcüstan, qardaşımız Türkiyədə səslənsəydi, buna reaksiya necə olardı?

 

Hər halda, ertəsi gün Baş Prokurorluq xüsusi briqada təşkil edər, ittihamı səsləndirən millət vəkili də daxil olmaqla keçmiş məmurları sorğu-suala çəkərdilər.

 

Məsələ ilə bağlı millət vəkili Fəzail Ağamalı Redaktor.az-a danışıb.

 

Millət vəkili hesab edir ki, Siyavuş Novruzovun ittihamları kifayət qədər ciddi xarakter daşıyan açıqlamadır:

“İttihamları kimin səsləndirməsinə diqqət yetirməliyik. Bu açıqlama kifayət qədər məlumatlı olan Siyavuş Novruzov tərəfindən verilirsə, deməli, buna adi iddia kimi yanaşmaq olmaz. Bunun ardı gəlməlidir. Onların kim olmasını, adlarının açıqlanmasını hər birimiz gözləyirik. Yəqin ki, onların kimliyi bəlli olacaq”.

Millət vəkili vurğulayıb ki, bu gün yüksək vəzifədə çalışan məmur da, millət vəkili də, sabiq vəzifəlilər də, adi vətəndaş da dövlətin yanında olmalıdır:

“Bu sirr deyil ki, daxildən də xaricdə olanları maliyyələşdirənlər var. Bunun kimliyini hüquq mühafizə orqanları araşdırmalı və məsələyə ciddi reaksiya verilməlidir. Eyni zamanda Azərbaycanı istəməyən antiazərbaycan qüvvələrinin Ermənistanla bağlı olan qüvvələrlə bağlantıları var”.

F. Ağamalı daxildən xaricdəki antiazərbaycan qüvvələri maliyyələşdirən mənbələrin tapılmamasının səbəblərinə aydınlıq gətirib:

“Onun müəyyənləşməsinə elə onların özü mane olur. Bu işin müəyyənləşməsinə kiminsə mane olduğunu məntiq deyir”.

Millət vəkili Fazil Mustafa da məsələ ilə bağlı fikirlərini saytımızla bölüşüb.

Millət vəkili hesab edir ki, bütün bunlar hakim partiyanın və yaxud hakimiyyətin daxili problemləri ilə bağlı məsələlərdir:

“Çünki ittiham olunan “sabiq”lər əvvəllər YAP-ın üzvü olub, sonradan vəzifə tutanlardı. Ona görə də bizim həmin partiyanın daxili işlərinə qarışmağımız doğru deyil. Hər halda Siyavuş Novruzovun çağırışının, ittihamlarının ünvanı bəllidir. Konkret olaraq statistikaya, sənədlərə baxsaq, o dövrdə kimin vəzifədə olmasını, kimin niyə hakimiyyəti müdafiə etmədiyini aydın görə bilərik”.

F. Mustafa bildirib ki, Siyavuş Novruzovun bu iddialarından sonra Baş Prokurorluq "sabiq”lərə qarşı cinayət işi açmalıdır:

“Çünki bu əməlli-başlı kriminal fəaliyyətlə bağlı mesajdır. Bu mesaj mütləq araşdırılmalıdır. Hüquq mühafizə orqanları, Baş Prokurorluq tərəfindən S. Novruzovun iddia etdiyi kimi mənimsəmənin olub-olmaması aydınlaşdırılmalıdır. Bununla bağlı cəmiyyətə də müəyyən açıqlama verilməlidir. Çünki burada milyardlardan söhbət gedir. Mənimsəmədə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması aidiyyatı qurumlar tərəfindən təmin edilməlidir”.  

Hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov da məsələ ilə bağlı Redaktor.az-a danışıb.

 

S. Məmmədov istisna etmir ki, S. Novruzovun dediyi kimi, sabiqlər arasında xaricdəki antiazərbaycan qüvvələri maliyyələşdirənlər ola bilər:

“Daxildən də bəzi varlı insanlar xaricdəki mühacirləri dəstəkləyiblər. Məsələn, vaxtı ilə hakimiyyətdə olub, özünə sərvətlər əldə etmiş və yaxud böyük biznesi olub, sonra da hansısa maneələrlə, cəzalarla üzləşmiş şəxslər əllərində olan vəsaiti intiqam almaq üçün xaricdəki qüvvələri maliyyələşdirməyə xərcləyiblər.  Xaricdə olan antiazərbaycan qüvvələr əsasən xaricdə olan erməni fondlarının ya bilavasitə, ya da dolayı yolla maliyyələşdirdiyi şəxslərdir. Daxildən onları maliyyələşdirənlərin kimliyi barədə məndə dəqiq məlumat yoxdur. Ölkə daxilindən xaricdəki antiazərbaycan qüvvələri üçün ofşor zonalardan, xaricdə bank hesablarında olan pullarla layihələrin həyata keçirilməsi mümkündür. Bu cür layihələr keçirilib də... Bu tip halların baş verməsinə əmin olsam da, bunu sübut edəcək faktlar məndə yoxdur”.

S. Məmmədov qeyd edib ki, hakimiyyəti sevməyənlər içərisində vaxtı ilə onun sıralarında olmuş, sonradan bu və ya digər səbəbdən uzaqlaşdırılmış, amma əllərində müəyyən vəsaitlər olan şəxslər də var:

“Məsələn, Rəsul Quliyev. O, bu fəaliyyətini öz adı ilə edir. Amma bəziləri bunu öz adı ilə etmir. Hüquq mühafizə orqanlarının da bu cür şəxslərin kimliyini müəyyənləşdirməsi o qədər də asan məsələ deyil. Gərək həmin ölkələrin maliyyə qurumları, xüsusi xidmət orqanları ilə dərin əməkdaşlıq olsun ki, onların kimliyini müəyyənləşdirmək mümkün olsun. Ümumiyyətlə, çirkli pulların dövriyyəsi heç də həmşə şəffaf yollarla həyata keçirilmir. Çirkli pulların başqa yollarla dövriyyəsini tapmaq olduqca mürəkkəb məsələdir. Bu transmilli mütəşəkkil cinayətkarlıq da sayılır. Bununla bağlı BMT-nin konvensiyası da var. Bütün hallarda hüquq mühafizə orqanları bu sahədə niyə uğur qazana bilmədiklərini açıqlamalıdırlar”.  

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top