"Azərbaycan Ordusu işğalda olan torpaqlarımızı 10 gün ərzində azad etməyə qadirdir" — YAP-çı deputat

MÜSAHİBƏ 09 sen 2019, 20:34

Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov e-huquq.az-a müsahibə verib.

 

Demokrat.az həmin müsahibəni təqdim edir: 

 

Cavid müəllim, bildiyimiz kimi Azərbaycanda sahibkarların şikayətinin araşdırılması üçün ixtisaslaşmış Kommersiya məhkəmələrinin yaradılır. Sizcə, bu məhkəmələr ölkədə sahibkarlığın inhkişafına necə təsir göstərəcək?

 

-2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Yeni Azərbaycan Partiyası ötən dövr ərzində olduğu kimi bu seçkilərdə də qalib gəldi. Partiyamızın vahid namizədi cənab İlham Əliyev ölkə Prezidenti seçildi. Prezident ötənilki seçkilərdən sonra dərhal anons vermişdi ki, Azərbaycanda artıq yeni mərhələyə qədəm qoyulur, ölkədə islahatlar aparılacaq, əməkhaqları artırılacaq, insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi islahatlar aparılacaq. Sözügedən məhkəmə-hüquq islahatları da həmin islahatlardan biridir. Cənab Prezident əvvəlcədən bunun anonsunu vermişdi və onun tərkib hissələrindən biriydi. Bütün dünya dövətlərində olduğu kimi ölkə inkişaf etdikcə, vaxt ötdükcə zamanın sifarişi əsasında islahatların, o cümlədən məhkəmə-hüquq sistemində islahatların aparılması çox vacib məsələdir. Birincisi, bu, şəffaflığın qorunması istiqamətində çox ciddi addımdır və cənab Prezident bu islahatların aparılması ilə bağlı vaxtında qanun layihəsi təqdim etdi, Milli Məclisin həm plenar iclasında, həm də komitə iclaslarında  bu, çox ciddi müzakirə olundu. Cənab Prezident daha sonra bu qanunu təsdiqlədi və o, qüvvəyə mindi.

Qanunda yeni məhkəmələrin yaranması da öz əksini tapıb. O cümlədən, kommersiya məhkəmələrinin yaradılması sahibkarların hüquqlarının qorunması istiqamətində atılan addımdır. Hər halda bu qanun vaxtında və yerində verilib, konkret olaraq Azərbaycan vətəndaşının hüquqlarının qorunması istiqamətində ciddi addımdır. Xüsusilə, Kommersiya məhkəmələrinin yaradılması birbaşa Azərbaycanda sahibkarların fəaliyyəti, onların hüquqlarının qorunması istiqamətində atılan ən mühüm addımlardan biridir. 

 

-Necə düşürsünüz, məhkəmə hakimlərinin əməkhaqlarının artırılması məhkəmə sahəsində korrupsiya hallarının qarşısını alacaqmı?

 

-Ötənilki prezident seçkilərindən sonra cənab İlham Əliyevin sərəncamları ilə dövlət  büdcəsindən maliyyələşən bütün işçilərin hər birinin əməkhaqqısı xeyli dərəcədə artırıldı. Orta hesabla əməkhaqları 40 faiz artırıdı. Eyni zamanda, cənab Prezidentimizin iki inqilabi sərəncamı oldu. Ötən il minimum əməkhaqqı 130 manat olduğu halda yanvarda 180 manata çatdırıldı, artuq bu, 250 manata yüksəldilib. Həmçinin, minimum pensiyanın məbləği 250 manata çatdırılıb. Burada söhbət təkcə məhkəmə hakimlərinin deyil, Azərbaycanda çalışan bütün insanların əməkhaqlarından gedir. Bu da birbaşa cənab İlham Əliyevin apardığı siyasətin tərkib hissəsidir – Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır. Bu sərəncamlar birmənalı olaraq Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənib. Təbii ki, hakimlərin də əməkhaqlarının artırılması həmin siyasətin tərkib hissəsidir. Bununla yanaşı, şəffaflığın təmin olunmasında çox ciddi addımdır. 

 

- Azərbaycanda sosial şəbəkələr xeyli güclənib, bəzən onlar informasiya resurslarını belə üstələyirlər. Bu fonda xaricdə yaşayanların Azərbaycana qarşı  müəyyən çağırışları olur. Bir çox həmkarlarınız da bu çağırışları Azərbaycana qarşı təhdid kimi dəyərləndiririr. Sizin bu məsələyə münasibətiniz necədir?

 

-Biz artıq XXI əsrdə yaşayırıq. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyini gündəlik həyatımızdan görürük. Dünyanın inkişaf etmiş ölkələri bu sahədə bir-birilə artıq rəqabətə giriblər. Sosial şəbəkələr Azərbaycan cəmiyyətinin də həyat tərzinə çevrilib, onun  gündəlik həyatında hiss olunur. Çox təəssüf ki, sosial şəbəkələrdən düzgün istifadə etməyən adamlar da var. Bunların bir neçəsi də bəzi Qərb ölkələrində mühacir həyatı sürən və Azərbaycana düşmən, qənim kəsilmiş insanlardır. Bunların sıralarında Orduxanlar, Vidadilər, Sevinc Osmanqızılar da var. Bunlara bərabər insanlar barmaqla sayılası qədərdir. Onlar hər bir məqamda çalışırlar ki, Azərbaycanın hazırda dünyada olan imicinə, yüksələn reytinqinə, cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsində ölkənin inkişafına kölgə salsınlar, ləkə gətirsinlər. Onlar bunu özbaşına etmirlər. Bunların arxasında Azərbaycanı sevməyən qüvvələr var.

 

Azərbaycanı sevməyən qüvvələr deyəndə ilk növbədə hər birimizin ağlına erməni lobbisi gəlir. Bilirik ki, Azərbaycana qənim kəsilən, 20 faiz torpaqlarımızı işğal edən Ermənistan və onun himayədarı erməni lobbisidir. Erməni lobbisi ilə yanaşı, Azərbaycanın indki inkişafını gözü götürməyən bəzi qurumlar var. Onlar da həmin qurumların vəsaiti hesabına xaricdə mühacir həyatı sürürlər, heç bir yerdə çalışmayaraq Azərbaycanın milli-mənəvi dəyərinə sığmayan təhqir, şər və böhtanla çalışırlar ki, ölkə Prezidentinin apardığı siyasətə, ümumulikdə Azərbaycana təhqirlər yağdırmaqla ölkənin imicinə kölgə salsınlar. Xatırlatmaq istəyirəm ki, Azərbaycanda keçiriləcək hər bir beynəlxalq yarış, turnir və ya təbdir ərəfəsində həm daxildəki radikal müxalifət, həm də ayrı-ayrı xarici dövlətlərdə yaşayan üzdəniraq azərbaycanlılar fəallaşırlar. Eyni vaxtda işğalçı Ermənistandan Azərbaycana qarşı təxribatlar, böhtanatma kampaniyaları başlayır. Bu onu  bir daha sübut edir ki, hər üç tərəf – işğalçı Ermənistan, daxildəki radikal müxalifət, xaricdə Azərbaycana qarşı böhtan kampaniyası aparanlar – eyni yerdən göstəriş alırlar, eyni vaxtda da aktivləşməyə başlyırlar. 

 

Avqustun əvvəllərində Ermənistanın Baş naziri  Nikol Paşinyan çox sərsəm və ağlasığmaz bəyanatla çıxış edərək bildirdi ki, “Dağlıq Qarabağ Ermənistanındır, vəssalam”. Ermənistanın müdafiə naziri və Milli  Təhlükəsizlik Xidmətinin rəisi də eyni bəyanatlarla çıxış etməyə başladılar. Həmin ərəfədə daxildə olan radikal müxalifət – Əli Kərimli və onun ətrafında olan adamlar, eyni zamanda Qərbdə oturanlar sanki bu məsələyə təkan verməyə başladılar. Bütün Azərbaycan cəmiyyəti bunun  şahididir. Bu, bir daha onu göstərir ki, bunların məqsədi birdir – Azərbaycanı parçalamaq, ölkədə vətəndaş qarşıdurması, anarxiya yaratmaq, sabitliyi pozmaq. Təbii ki, onlar belə addımlarla məqsədlərinə nail ola bilməyəcəklər. Çünki cənab Prezidentin ətrafında Azərbaycan xalqı birləşib. Bunu bütün seçkilər də göstərir. Azərbaycan xalqı ölkə rəhbərliyinin bugünkü siyasətini dəstəkləyir, çünki cənab Prezidentə dəstək olmaqla Azəbaycan xalqı öz inkişafına, sabitliyə, əmin-amanlığa dəstək olur.

 

-YAP icra katibinin müavini Siyavuş Novruzov Azərbaycanda sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə həyata keçiriməsini təklif etmişdi. Çünki sosial şəbəkələrdə saxta məlumatlar yayılır və buna görə heç kəs məusliyyət daşımır. Yalan məlumatlar bəzən dövlətin imicinə də zərər vurur. Bu baxımdan ölkədə sosial şəbəkələr necə tənzimlənməlidir, onların üzərində nəzarət mexanizmi yaradılmalıdırmı?

 

-Milli Məclis sosial şəbəkələrdə saxta profillərin yayılmasının qarşısının alınması ilə bağlı qanun layihəsinə baxıb. İnanıram ki, gələcəkdə bu qanun layihəsi üzərində daha da iş görüləcək və o, təkmilləşdiriləcək. Saxta profillər,  ümumilikdə sosial şəbəkələrdə etik normalara sığmayan təhqirlər və çağırışlar edən, böhtan atan profillər hüquqi baxımdan tənzimlənməlidir. Onlara hüquqi qiymət verilməlidir. Yəni hüquq-mühafizə orqanları bu işi tamamilə nəzarətə götürüb etik və hüquqi qaydaları pozan insanlara hüquqi qiymətin verilməsini təmin etməlidirlər.  Tənqid etmək hər kəsin hüququdur. Amma təhqir etmək ümumiyyətlə dünyada qəbul olunmur. Bu, xüsusən də bizim milli-mənəvi dəyərləmizə, mentalitetmizə ziddir. Təhqir Azərbaycan xalqında mənfi aura yaradır. Təhqir yağdıran adamlar Azərbaycan cəmiyyətindən xaric olunmuş insanlardır. Sosial şəbəkələrə, saxta profillərə nəzarət mexanizmi çox çətindir. Lakin hüquq-mühafizə orqanları tam yenilənmiş texnologiyalardan istifadə etməklə hamısına nəzarət edə bilməsə də, gələcəkdə əsas hissəsinə nəzarət etmək imkanı olacaq. 

 

- Müəyyən yerli ekspertlər, keçmiş hərbçilər Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunması ilə bağlı mütəmadi çağırışlar edirlər. Bu da başa düşüləndir. Çünki torpaqlarımız hələ də işğal altındadır və bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Sizin fikrinizcə, Azərbaycan bu istiqamətdə hərb yolunu seçməlidir?

 

- Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqı və dövləti qarşısında ən vacib məsələdir. Çünki 20 faiz torpağımız işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Azərbaycan son illər ordu quruculuğu sahəsində çox mühüm addımlar atıb. Azərbaycan və Ermənistan ordularını müqayisə etsək, görərik ki, ölkəmizin ordusu düşməndən dəfələrlə güclüdür. Bunu təkcə biz demirik. Azərbaycan ordusu beynəlxalq qurumların tərtib etdikləri reytinqdə xeyli irəliləyib. Ermənistandan dəfələrlə qüdrətli ordumuz var. Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar uzun müddətdir aparılır. Cənab Prezident həmişə vurğulayır ki, münaqişə yalnız  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu, dövlət başçısının konkret mövqeyidir. Cənab Prezidentin mövqeyi təbii ki, Azərbaycan xalqının mövqeyidir. Son zamanlar görürük ki, Ermənistanın Baş naziri və güc strukturlarının rəhbərləri çox sərsəm və küçə bəyanatları ilə çıxışlar edirlər. Çalışırlar ki, Azərbaycanı müharibəyə təhrik etsinlər. 

 

Ermənistanın daxilində ictimai-siyasi vəziyyət heç də sabit deyil. Keçmiş və indiki hakimiyyət arasında ciddi qarşıdurma var. Həbs edilənlər, sonra buraxılanlar oldu, bu proses davam edir. Köhnə hakimiyyət Paşinyanı devirərək iqtidara gəlmək istəyir. Paşinyan bunu yaxşı başa düşür. Daxildəki iqtisadi tənəzzül Paşinyanı və onun ərafını vadar edir ki, erməni xalqının fikrini Dağlıq Qarabağ münaqişəsinə yönəltsin. Bu sərsəm və ağılsız bəyanatlar hansısa ölkənin Baş nazirinin bəyanatına bənzəmir. Paşinyan özünü hələ də meydandakı insan kimi hiss edir. O, Baş nazir postunun nə olduğunu hələ dərk etməyib. Paşinyan da yaxşı başa düşür ki, Azərbaycan və Ermənistan arasında yenidən müharibə başlayarsa, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı 10 gün ərzində azad etməyə qadirdir. Bunu 2016-cı ilin Aprel döyüşləri, Naxçıvan istiqamətindəki əməliyyatlar da göstərdi. Sadəcə olaraq ölkəmizin siyasəti bu gün beynəlxalq hüquq normalarına uyğunlaşdırılır. Çalışırıq ki, bu norma və hüquqlara axıradək riayət edək. Çox təəssüf ki, danışıqlar prosesini pozmağa çalışan Ermənistan rəhbərliyinin sərsəm bəyanatları qarşısında ATƏT-in Minsk qrupu və eləcə də BMT susur. Fikrimcə, onların susması Paşinyanı ciddi qəbil etməmələri ilə əlaqədardır. Doğrudan da o, çox qeyri-ciddi və qeyri-sabit adamdır. İşağlçı ölkə bu bəyanatlarla sübut edir ki, o, işğalçı və terrorçu dövlətdir. Çox güman ki, böyük dövlətlər və beynəlxalq qurumlar Paşinyanı ciddi siyasətçi kimi qəbul etmirlər və buna görə də onun həmin sözlərinə məhəl qoymurlar. Bütün bunlara baxmayaraq, işğalçı dövlət belə bəyanatlar verirsə, təbii ki, böyük dövlətlər və beynəlxalq təşkilatlar buna reaksiya verməlidirlər. Azərbaycan bütövlükdə müharibəyə hazırdır. Hər bir Azərbaycan vətəndaşı, kişisi Xocalı faciəsini unutmayıb. Xocalıda qadın və uşaqların hansı zülmlə öldürüldüyünü unutmayacağıq. Əgər danışıqlar prosesində yekun mərhələ müharibəyə aparacaqsa, deməli müharibə olacaq və Azərbaycan doğma torpaqlarını işğal altından təmizləyəcək. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top